İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacızadə: “Jirinovskini tibbi müayinədən keçirmək lazımdır”

4008 22.08.2020 10:30 Siyasət A A

Əhəd Məmmədli: “Moskva Yeltsini, Qorbaçovu qəbirdən dirildib məhkəməyə çıxaracaq?”

Rusiya Liberal Demokrat Partiyasının sədri, Putinin “saray təlxəyi” sayılan Vladimir Jirinovski SSRİ-ni dağıdanları hədələyib. O, SSRİ-nin parçalanmasında günahkar olan hər kəsin məhkəmə qarşısına çıxarılacağını anons edib. Jirinovskinin sözlərinə görə, yaxın on illikdə bununla bağlı Moskvada tribunal baş tutacaq: “Mən düşünürəm ki, məhkəmə onların hamısı üçün keçiriləcək. Yaxın 5-6 ildə Moskva tribunalı keçiriləcək”.

Bundan bir neçə il əvvəl də Jirinovski SSRİ-nin çöküşündə əlahiddə xidməti olan Mixail Qorbaçovu məhkəməyə vermişdi. Bu məsələnin yenidən gündəmə gəlməsi heç də partiya sədrinin öz təşəbbüsü deyil. Məsələ ondadır ki, Kremlin kuluarlarındakı müzakirələrə və Putinin “siyasi mətbəxi”nə bələd olan Jirinovskinin vaxtaşırı səsləndirdiyi fikirlərin sonradan hesablanmış bir ideya olduğu, Moskvanın öz istəklərini siyasətçilərin ağzı ilə irəli sürdüyü aydınlaşır. İndisə SSRİ-nin süqutunda iştirakı olan keçmiş rəhbərlərin mühakiməsi nəzərdən keçirilir.

Bəs indiki Rusiya dövlətinin demontaj edilən Sovet İttifaqı ilə bağlı keçmiş məmurları məhkəməyə çıxarması nə dərəcədə mümkündür?

Müsavat`ı İsa Qəmbər idarə edir - Hikmət Hacızadə

Azərbaycanın Rusiyada sabiq səfiri, siyasi analitik Hikmət Hacızadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Jirinovski sayıqlayır. Onun fikrincə, bu fikirlərin heç bir hüquqi əsası yoxdur: “O dövrdə Yeltsinin yanında hüquqşünaslar var idi və onlar qanunun tələblərini yerinə yetirdilər. Həmin zaman bir sıra qərarlar qəbul olundu, sənədlər imzalandı və məsələ həllini tapdı. Ondan sonra Azərbaycan kimi digər sovet respublikaları da öz konstitusiyalarını və Müstəqillik Aktını qəbul etdilər. Burada hansı mühakimədən, tribunaldan söhbət gedə bilər?”

H.Hacızadə hesab edir ki, Jirinovski növbəti dəfə cəfəngiyat danışıb: “Onun özünü tribunala deyə bilmərəm, amma tibbi müayinəyə vermək lazımdır. Çünki daima belə populist, millətçi və əsassız çıxışlar edir”.

Vaqner”in yüksək rütbəliləri məhv edildi: Türk-rus hərbçiləri üz-üzə

Siyasi ekspert Əhəd Məmmədlinin fikrincə, Jirinovski hərdən Kremlin arzularını dünyaya ismarış kimi çatdırır. Politoloq SSRİ-ni dağıdanların 10 il ərzində hərbi tribunalda mühakimə olunacağını inandırıcı saymır. “Hələ bilmək olmaz ki, son 10 ildə Putin Rusiya iqtidarında qalacaqmı, ya yox. Üstəlik, SSRİ-nin süqutunda rolu olanların özləri sağ olacaqmı, bu da ayrı bir məsələdir. Yəni Moskva Yeltsini, Qorbaçovu qəbirdən dirildib məhkəməyə çıxaracaq? Ona görə Moskvanın belə bir tribunal təşkil edəcəyini gözləmirəm”.

Ə.Məmmədli hesab edir ki, Jirinovskinin açıqlaması postsovet məkanına bir işarədir: “Bununla keçmiş sovet respublikalarına mesaj verirlər ki, SSRİ-ni bərpa etmək fikrimiz var, nəzarətimizdəsiniz, Rusiya əleyhinə hansısa fəaliyyətdə iştirak etməyin. Amma bu da utopiyadır, nə SSRİ qayıdacaq, nə Moskvanın bu planı həyata keçirmək iradəsi var. Sadəcə, regiona hakimliyini göstərir və postsovet ölkələrinə mesajını ünvanlayır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR