İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev: "Jurnalistlərimizin həlakı təkcə Azərbaycan deyil, dünya mediası üçün böyük itkidir"

713 05.06.2021 12:52 Gündəm A A

Xəbər verdiyimiz kimi, Prezident köməkçisi Hikmət Hacıyev ötən gün minaya düşərək, həlak olan  jurnalist Məhərrəm İbrahimovun vida mərasimində iştirak edib.

Musavat.com xəbər verir ki, Hikmət Hacıyev minaya düşərək həlak olan jurnalistlərin xalqımız üçün çox dəyərli olduğunu vurğulayıb:

"Ermənilər tərəfindən  qoyulmuş minanın qurbanı olan şəxslərin xalqımız üçün böyük dəyəri var. Onlar ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri sənədləşdirirdilər. Addım-addım şəhər və kəndlərimizi gəzərək, arxiv üçün materiallar toplayırdılar. Bu işlərin dəyəri bu gün üçün də, yüz illər sonra üçün də vacibdir. Onlar Azərbaycan xalqının səlnaməsini yaradırdılar. Azərtac tərəfindən, Azərbaycan Televiziyası tərəfindən onlara ezamiyyətlərin dəyişdirilməsi təklif olunduğu halda, onlar bununla razılaşmayıblar. Bu işi elə böyük həvəslə, rəşadətlə yerinə yetiriblər ki, bu işin dəyəri heç nə ilə ölçülməz. Təəssüf ki, mənfur ermənilər tərəfindən qoyulmuş minanın qurbanı oldular.

Azərbaycan jurnalistikası, mediası üçün böyük itkidir. Müharibə dövründə Ali Baş Komandanın rəhbərliyilə Azərbaycan əsgərlərilə çiyin-çiyinə olan jurnalistlərimizin də rəşadətini gördük. Onlar ön cəbhədə idilər, ermənilərin vəhşiliyini, çəkərək, fotolarla, videolarla dünya ictimaiyyətinə çatdırırdılar. Bu mərhum jurnalistlərimizin işinin bir tərkib hissəsi idi. Onların həlak olması həm Azərbaycan, həm də dünya mediası üçün böyük itkidir. Biz beynəlxalq təşkilatlara müraciət edərək, bu hadisə, vəhşilik beynəlxalq ictimaiyyət tərəfindən qınanılsın. Bir daha cənab Prezident İlham Əliyevin başsağlığını çatdırmaq istərdim. Allah rəhmət eləsin!"

Xatırladaq ki, iyunun 4-də saat 11 radələrində Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR