İnsanlara hürriyət, millətlərə istiqlal!

HİCABDAN ƏLİNİ ÇƏK!

1222 07.12.2010 09:37 Yazarlar A A

İndi bizə deyin görək, xristian Rusiya tolerant ölkədir, yoxsa zaman-zaman insanlarımıza hicab qadağası yaradılan, onlara pasport üçün başıörtülü şəkil çəkməyi hələ də yasaq edən müsəlman Azərbaycanı?
Mənasız danışmaqla, gecə-gündüz analoqsuz inkişafdan dəm vurmaqla deyil ki. Müqayisədə bilinir hər şey. Bəli, Rusiya da Azərbaycan kimi avtoritar ölkədir, burada vicdan azadlıqlarına sayğı olsa da əfsus ki, başqa təməl azadlıqları qorunmur. O sırada seçkilərə Azərbaycandakı kimi hiylə qatılır, korrupsiya böyükdür, ölkədə siyasi dustaq problemi var, yadfikirlilik boğulur, bizdəki kimi idarəçilikdə şəffaflıq yoxdur, sosial-iqtisadi və mülkiyyət azadlıqları təmin edilmir və s. Ancaq faktdır ki, Rusiyada hicablı müəllimələr, hicablı şagirdlər və tələbələr tədris sistemində sərbəst iştirak edir. Biz hələ insan haqlarının qorunduğu Qərb ölkələrini demirik.
Beləcə, sovet ateist rejimi çöksə də Azərbaycanda bu rejimi diriltmək istəyənlər əfsus ki, qalmaqdadır. Üstəlik, onların bir qismi dövlət vəzifəsi tutur. Xatırlayırsınız yəqin, bu yaxınlarda “Reuters” öz hesabatında yazmışdı ki, Azərbaycanda orta ranqlı məmurların əksəriyyəti ateistdir. Sonra da deyirlər ki, İslam ölkəsində islamofobiya haradan qaynaqlanır. Hərgah hicab etiqad azadlığından da çox geyim azadlığına dəxli olan məsələdir.
Görəsən, qanunsuz və konstitusiyaya zidd (“Hər bir vətəndaşın təhsil almaq, işləmək hüququ var”) hicab qadağası ilə üzləşən şagirdlərin valideynləri, hicablı tələbə qızlar və müəllimələr məhkəmələrə, o cümlədən Avropa İnsan Haqları Məhkəməsinə üz tutsa, özfəaliyyətlə məşğul olan məktəb direktorları, Bakı Şəhər Təhsil İdarəsi kəsiləcək cərimələrin altından çıxa bilərmi? Ölkəni dünyada rüsvay edən bu məmurların yaxşı-yaxşı düşünməsi zamanı gəlmədimi?
Bir daha vurğulamaq zərurəti var: həm dinimizə, həm də mənəvi kurallara görə, insanın daxili aləmi, yəni təhsili, peşəsi, əqidəsi, məfkurəsi, qabiliyyəti, talantı, lap elə ürəyindəki məram-məqsədi, qafasının içindəkilər daha qiymətli sayılır, nəinki zahiri görkəmi, geyim-keçimi, başına nə örtməsi, bığ-saqqalının və şalvar balağının uzunluğu. Həzrəti Əlinin (ə) qiymətsiz kəlamını burada xatırlatmaq yerinə düşər. Buyurur ki: “İnsanın dəyəri onun elmi, biliyi və cəmiyyətə faydası ilə ölçülür”.
Bişəkk, eldədir. Ancaq Azərbaycanımızda hələ də biriləri nihilistcəsinə insanın zahiri görkəmində dövlətçiliyə təhdid elementi axtarırsa, vay bu vətənin halına! Əsl cahil elə onlardır ki, var... Gör nəyi qoyub nəyi axtarırlar. Təhsilimizə məsul olanlar yaxşı olar ki, öncə bu sahədəki bərbad durumdan narahatlıq keçirsinlər, məktəblərdə rüşvəti yığışdırmağın yolları barədə baş sındırsınlar, seçkiləri saxtalaşdıran müəllim ordusunu dürüstlüyə dəvət etsinlər, bəd ayaqda universitetlərimizin dünyanın 2000 nüfuzlu ali məktəbi sırasında nədən sonuncu olması barədə fikirləşsinlər. Daha camaata əlavə problem yaratmasınlar.
Yaxud illərdir ki, Bakımız dünyanın ən bahalı, eyni zamanda ən çirkli şəhərləri sırasında “öncüllüyü” qoruyub saxlayır. Bizdə əsas ərzaq məhsulları, mal əti qonşu Gürcüstandan az qala iki dəfə (!) bahadır, orda 1 kilo banana burda cəmi 1 banan ala bilərsən... Bəlkə bundan əndişə keçirələr? Yoxsa ki, düşüblər qızcığazların üstünə. Sanki ölkəyə problem yaradan onlardır.

***

Onun da vaxtı çatıb ki, Azərbaycan prezidenti cənab İlham Əliyev öz rusiyalı həmkarının jestini təkrarlasın və məmurların ona yaratdığı problemi birdəfəlik qapatsın. Axı Azərbaycan hər necə olmasa müsəlman ölkəsidir. Müasirlik, demokratiya, İslam - müqəddəs bayrağımızdakı rəmzlərin anlamı məgər bunlar deyil? Hansı bayrağı ki, indiki dövlət başçısı da andiçmə mərasimində öpüb göz üstə qoyub. İki dəfə...
Göz üstə qoyulana sayğı göstərilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR