İnsanlara hürriyət, millətlərə istiqlal!

“Heydər Əliyev gənclərin enerjisini dövlətçiliyə yönəltmək üçün bütün addımları atırdı”

910 15.06.2023 09:03 Media A A

Fəzail Ağamalı: “Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda ictimai yerlərdə təbliğat aparırdıq”

“Ulu öndərin siyasi fəaliyyətində və siyasi irsində ciddi mahiyyət kəsb edən məsələlərdən biri gənclər, onların vətənpərvərlik ruhunda tərbiyə olunması olub. Onun üçün gənclərin Vətənə, dövlətə, istiqlala, milli dəyərlərə sədaqət ruhunda böyüdülməsi hər zaman önəmli olub. Tarixin nadir şəxsiyyətlərindən biri kimi Heydər Əliyev Azərbaycanın müstəqilliyini, istiqlalını arzulayır, zamanın, ictimai-siyasi mühitin yaratdığı bütün məhdudiyyətlərə qalib gələrək bu ulu məqsəd üçün fəaliyyətini səfərbər edirdi”.

Bu fikirləri “Yeni Müsavat”a  Milli Məclisinin deputatı, Ana Vətən Partiyasının sədri, tarix elmləri doktoru, professor Fəzail Ağamalı deyib. O, ötən əsrin yetmişinci illərini xatırlayaraq bildirib ki, Azərbaycan intibah dövrünü yaşayırdı: “Milli məfkurənin formalaşması həm yaradıcılıq mühitində, həm tələbə auditoriyalarında əhəmiyyət kəsb etməyə başlamışdı. Başqa sözlə desək, Heydər Əliyevin azadlıq və milli azadlıq məfkurəsi mahiyyət etibarilə hakimiyyətin ilk ilində bütün sahələri əhatə edirdi. Ulu Öndər Azadlıq və Azərbaycanın bütövlüyünə həsr edilən əsərlərin himayəçisi qismində çıxış edirdi. Biz 70-ci illərdə yaranmış mühitin yetirmələri olaraq Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda dərnəklərdə fəaliyyətimizi qururduq, ictimai yerlərdə təbliğat aparırdıq. Bəxtiyar Vahabzadənin "Gülüstani-İrəm", Məhəmmədhüseyn Şəhriyarın “Azərbaycan” şeirlərinin nüsxələrini mümkün olan hər yerdə yayırdıq. Bunu edən Azərbaycan gəncliyi idi. Bu gənclik Ulu Öndərimiz tərəfindən sözün əsl mənasında himayə olunurdu. Hakimiyyətinin ikinci mərhələsində, 1993-cü ildə Azərbaycan xalqının iradəsinə söykənərək siyasi hakimiyyətə gələn Ulu Öndər şübhəsiz ki, cəmiyyətin  aparıcı qüvvəsi olan gənclərə və onların fəaliyyətinə diqqət yetirir, onların enerjisinin Azərbaycan dövlətçiliyinə və istiqlalına yönəltmək üçün bütün mümkün addımları atırdı. O, 1993-cü ilin sentyabr ayında Milli Məclisin sədri kimi gənclərlə görüş keçirdi, Azərbaycanın düşmüş olduğu ağır, faciəvi vəziyyətdən xilas olmaq üçün səfərbər olmaq istiqamətində tövsiyələr verdi. Daha sonra gənclər siyasətinin Azərbaycan dövlətçiliyində aparıcı amilə çevrilməsi üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaratdı. İki il sonra, 1996-cı ildə gənclərlə Heydər Əliyev Sarayında forum keçirildi. Forumda Heydər Əliyev həmin dövrə, eyni zamanda gələcəyə hədəflənən gənclər siyasətinin bütün detallarını və elementlərini ortaya qoydu. Onları Azərbaycan dövlətinə sədaqətli olmağa çağırdı, onların vətənpərvər ruhda yetişməsi üçün lazımi məqamları açıqladı".

F.Ağamalı xatırlatdı ki, Ulu Öndər hər zaman azyaşlılarla görüşlər keçirib: “O uşaqlar böyüdükcə Azərbaycana müxtəlif sahələrdə sədaqətlə xidmət etməyə başladılar. Heydər Əliyevin səpdiyi vətənpərvərlik toxumları 44 günlük Vətən müharibəsində açıq şəkildə ifadə olundu. Vətənpərvər övladlarımız əllərində silah erməni işğalına son qoydular və Azərbaycanın ərazi bütövlüyünü təmin etdilər. Əminəm ki, Ulu Öndərin yaratdığı ənənə, onun tövsiyələri gənclər siyasətində həlledici rol oynayır və bundan sonra da oynayacaq. Bu ənənə davam edərsə, Azərbaycan dövləti, cəmiyyətimiz daha güclü olar, qarşıya qoyulan hədəflərə daha rahat çata bilərik”.

Yazını hazırladı:  Nigar HƏSƏNLİ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR