İnsanlara hürriyət, millətlərə istiqlal!

Həyatı ziddiyyətlərlə dolu olan Ali Sovet sədri – Leninin dostu, “Pravda”nın naşiri, içki düşkünü Aleksey Badayev

3745 23.08.2020 13:56 Yaxın tarix A A

Onun vəzifələri yuxarı istiqamətdə artdıqca, iş məhsuldarlığı kəskin aşağı düşüb. Müasirləri bunun səbəbini Aleksey Badayevin içkiyə hədsiz meylli olmasında görüblər. Sonda isə alkoqola sonsuz həvəs onun vəzifə karyerasına birdəfəlik son qoyub. Əslində, Aleksey Badayev çox şanslı bir adam olub. Amma dolub-boşalan qədəhlər ona bu şanslardan yetərincə yararlanmağa imkan verməyib, onu məhvə doğru aparıb.

Aleksey Badayev 1883-cü ildə Orlovda, yoxsul bir kəndli ailəsində anadan olub. O, iş axtarmaq üçün 1903-cü ildə Peterburqa üz tutub, zavodların birində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Peterburqda cərəyan edən siyasi hadisələr, ictimai mühit Badayevin gələcək həyatında böyük rol oynayıb. İnqilabi hərəkata qoşulan gənc fəal qısa müddətdən sonra bolşevik təşkilatlarından birinə rəhbərlik edib. Məhz bu ərəfədə o, Leninlə yaxından tanış olub, aralarında sıx dostluq münasibətləri yaranıb. 1912-ci ildə Leninin təklif və təşəbbüsü ilə Aleksey Badayev “Pravda” qəzetinin rəsmi naşiri təyin edilib.
Siyasi fəaliyyətinə görə Aleksey Badayev 1914-cü ildə həbs edilərək Sibirə sürgün olunub. Bu illərdə onun İosif Stalinlə də yaxın münasibətləri yaranıb, ayrı-ayrı vaxtlarda olsa da,eyni həbs düşərgəsində cəza çəkdiklərindən bir-birlərini yaxşı anlayıblar. 1917-ci ildə sürgündən qayıdan Badayev oktyabr inqilabının ən fəal iştirakçılarından birinə çevrilib.

118356679_323405878778685_181513410320028198_n.jpg (44 KB)

İnqilabdan sonra 1920-ci ilə qədər Aleksey Badayev Petroqradın ərzaq təminatı idarəsinə rəhbərlik edib. Onun bu sahədə heç bir təcrübəsi olmadığından şəhərin ərzaq təminatında böyük problemlər yaranıb. Amma bu vəzifədə çalışarkən Badayev təminat və ticarət sahəsində çalışan yüzlərlə mütəxəssisi əksinqilabi fəaliyyətinə görə həbsə göndərib. Adətən şam yeməyindən sonra müşavirə keçirən Badayev “40 dərəcə”nin təsiri altında sərt qərarlar qəbul edib, səbəbli-səbəbsiz gözünə xoş dəyməyən adamları ittiham edib.

1920-1922-ci illərdə Petroqrad İcraiyyə Komitəsinin sədr müavini işləyən Aleksey Badayevin sonrakı həyatı Moskva ilə bağlı olub.
İosif Stalin əvvəlcə onu Moskva İstehlak Cəmiyyətinə sədr təyin edib, 1935-ci ildə o, SSRİ qida sənayesi komissarının (nazirinin) müavini vəzifəsinə gətirilib, 1936-cı ildə Rusiya qida sənayesi komissarı vəzifəsini tutub, bir ildən sonra Moskva şəhər İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinə təyinat alıb.

118313273_303955470705634_3741745844761555207_n.jpg (63 KB)

Stalinin “böyük təmizlik” və “böyük repressiya” illərindən Aleksey Badayev salamat çıxmağa nail olub. Onun haqqında, iş fəaliyyətində buraxdığı nöqsanlarla, xüsusilə də əyyaşlığı ilə bağlı Kremlə, Mərkəzi Komitəyə çoxsaylı məktublar ünvanlansa da, o, Stalinin “qara siyahı”sına düşməyib. Stalin özü də Badayevin yüngül həyat tərzindən xəbərdar olub. Araşdırmaçıların qənaətinə görə, Stalin Badayevi Leninlə yaxın dost olduğuna və nə vaxtsa “Pravda” qəzetinin naşiri olduğuna görə cəzalandırmayıb.

Beləliklə, Aleksey Badayev siyasi karyerasında uğurlu addımlarını davam etdirib. O, 1938-ci ildə Rusiya Ali Soveti Rəyasət Heyətinin sədri və eyni zamanda SSRİ Ali Soveti Rəyasət Heyətinin sədr müavini vəzifəsinə seçilib.

Aleksey Badayevin davranışına, kommunist əxlaqına zidd olan hərəkətlərinə uzun illər göz yumulsa da, 1943-cü ildə baş verən hadisə Kremli və şəxsən Stalini onun haqqında sərt qərarlar qəbul etməyə məcbur edib.

Belə ki, 1943-cü ilin sonlarında Aleksey Badayev Monqolustanda rəsmi səfərdə olarkən bütün sərhədləri keçib. Şərəfinə verilən ziyafətdə o, sərxoş vəziyyətdə xidmətçi xanımlara əl atıb. Ziyafətdə Badayevi çətinliklə sakitləşdiriblər. Məhz bu ziyafətdə SSRİ-dən gələn ali qonaq Aleksey Badayev üzünü Monqolustan rəhbərliyinə tutaraq yüksək tonla onlara göstəriş verib: “Mən bu gecə fahişələrlə əylənməliyəm...”

118374190_612996866275251_4466403285868167751_n.jpg (133 KB)

Təbii ki, bu insident Kremldə ciddi müzakirələrə səbəb olub. Stalin onu qəbuluna çağırtdırıb:
-Yoldaş Badayev, biz sizin hərəkətlərinizdən yorulduq, amma siz yorulmadınız.
-Mən də yorulmuşam, yoldaş Stalin. Amma söz verirəm ki...

Stalin onun sözünü yarımçıq kəsib:

-Siz nədən yorulmusunuz, işləməkdən, yoxsa içməkdən?

-Hər ikisindən.

-Əgər siz özünüz bunu etiraf edirsinizsə, biz müvafiq qərar çıxara bilərik və sizi bu yorğunluqdan xilas edərik.

1944-cü ildə Aleksey Badayev bütün vəzifələrindən azad olunub. Amma Kreml keşniş inqilabçını, Leninin dostunu işsiz də qoymayıb. O, “Pivə” Trestinə direktor təyin edilib.

Ömrünün sonuna kimi qədəhi əlindən yerə qoymayan Aleksey Badayev bu vəzifədə işləyib. O, 1951-ci ildə, 67 yaşında vəfat edib. Aleksey Badayev Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR