Soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxunub. O, soyğunçuluğu həyat yoldaşının təhsil haqqını ödəmək üçün etdiyini deyirdi.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Azər Təhməzovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Təhməzov 7 il müddətinə azadlıqdan məhrum edilib.
A.Təhməzov Sumqayıtda Firəngiz Hüseynovaya, Sevda İsmayılovaya, Gülnaz İsayevaya və Esmiralda Həsənovaya qarşı soyğunçuluq edib.
Təqsirləndirilən A.Təhməzov ona elan olunmuş ittihamla özünü təqsirli bilib.
O, ifadəsində maddi vəziyyətinin pis olduğunu, həyat yoldaşı Aytac Musayevanın oxuduğu Sumqayıt Dövlət Universitetinin illik təhsil haqqını ödəyə bilmədiyini, pulu ödəmək üçün cinayətə əl atdığını deyib.
A.Təhməzov istintaqdakı ifadəsində deyib ki, cinayəti törətməsinə səbəb arvadı və qayınanası olub. Oblar onu pul gətirməyə, cinayəti törətməyə vadar edib.
Amma A.Təhməzov məhkəmədəki ifadəsində bu dediklərini təkzib edib və təzyiqlərə məruz qalaraq belə bir ifadə verdiyini deyib.
A.Təhməzovun arvadı Aytac Musayeva ifadəsində Sumqayıt Dövlət Universitetində təhsil aldığını, təqsirləndirilən şəxslə 2015-ci ildə tanış olduğunu göstərib: “Azər mikroavtobuslarda pul yığan işləyirdi. Ötən ilin yanvar ayında toyumuz oldu. Toydan sonra müxtəlif ünvanlarda kirayə yaşadıq. Dolanışığımız zəif olduğuna görə daim valideynlərim köməklik edirdilər. Azərin mənim və valideynlərim barədə Bakı İstintaq Təcridxanasında yazdığı ərizə ilə tanış olduq. Orada yazılanlar hamısı yalandır. Nə mən, nə də valideynlərim Azəri cinayət törətməyə vadar etməmişik. Ona pulu ödəmədiyi təqdirdə atamın bizi ayıracağını deməmişik”.
Qeyd edək ki, A.Təhməzov Cinayət Məcəlləsinin 180-cı (soyğunçuluq) maddəsi ilə ittiham verilib.
İ.Muradov
Musavat.com






