İnsanlara hürriyət, millətlərə istiqlal!

Həyat yoldaşı İlqar Məmmədovun azadlığa çıxacağına inanır

913 25.06.2016 07:05 Ölkə A A
Həbsdə olan REAL sədri İlqar Məmmədovun kassasiya şikayəti verməsi barədə xəbər vermişdik. Son aylarda Ali Məhkəmənin siyasi məhbuslarla bağlı müsbət qərarlar verdiyi hər kəsə məlumdur. Təsadüfi deyil ki, martdan bu yana instansiya qurumu 4 siyasi məhbus barəsində önəmli qərar qəbul edib.

Bunlar REAL sədri barəsində də bu tipli qərarın qəbul ediləcəyinə olan inamı artırıb. Xüsusilə, AŞ PA-nın yay sessiyasında Məmmədovun azadlığı məsələsinin  önə çəkilməsi, Ukraynanın Milli Qəhrəmanı Nadejda Savçenkonun iştirakı ilə onun azadlığı üçün Avropa İttifaqının Strasburqdakı binasının önündə aksiyanın keçirilməsi REAL sədrinin azad olunma ehtimallarını artırır.

İ.Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova “Yeni Müsavat”a açıqlamasında Ali Məhkəmənin müsbət qərar verəcəyinə ümidlərinin yüksək olduğunu bildirdi: “İlqarla çərşənbə günü danışdıq. Hər şey qaydasındadır. Heç nədən şikayəti yoxdur. Ali Məhkəməyə artıq şikayət olunub. Ümid edirik ki, İlqarın işinə yaxın zamanlarda baxılacaq. Ali Məhkəməyə ümidlər var. İnanıram ki, məhkəmə ədalətli qərar çıxaracaq və İlqar azad olunacaq. Ali Məhkəmə Avropa Məhkəməsinin qərarlarına əsaslanmalıdır. Artıq iki ildir ki, Avropa Məhkəməsi İlqarın azad olunması üçün qərar verib. AŞ PA sessiyasında cənab Yaqland söylədiyi sözlərlə bir daha demək istəyir ki, İlqar mütləq azad olunmalıdır. Nadejda Savçenkonun və Krım tatarlarının lideri Mustafa Cəmilin də İlqarı dəstəkləməli bizə böyük mənəvi dəstək oldu. Ümidvaram ki, bu şəxslərin səyləri boşa çıxmaz və yaxın zamanlarda İlqar azadlığa çıxar”.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü ilin yanvarında baş verən İsmayıllı hadisələrinə  görə həbs edilib. Məhkəmə hökmü ilə o 7 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə həbs edilən Müsavat başqanının müavini Tofiq Yaqublu bu ilin martındakı əfvlə azadlığa çıxıb. Amma REAL sədri hələ də həbsdə qalmaqda davam edir. 

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR