İnsanlara hürriyət, millətlərə istiqlal!

Hətta bir neçə Paşinyan olsa belə...

904 03.09.2019 09:40 Yazarlar A A

Dağlıq Qarabağ separatçılarının növbəti ənənəvi “sxodka”sına getməkdən imtina etməklə erməni baş naziri N.Paşinyan əslində bu qərarı ilə özünün Dağlıq Qarabağ məsələsindəki əsl niyyətlərinə aydınlıq gətirdi.

Prinsipcə, ilk baxışda belə təəssürat yarana bilər ki, Ermənistanın siyasətçilərinin və diplomatlarının arasında əsl xaos hökm sürür, ayrı-ayrı dövlət təmsilçilərinin bəyanat və çıxışları ilkin razılaşdırma və uyğunlaşdırma olmadan edilir, Qarabağ məsələsi kimi incə və həssas problemdə hamı öz siyasətini həyata keçirir və bunun siyasi-diplomatik və hətta hərbi nəticələri haqqında düşünmür.

Əlbəttə, erməni siyasətində xaos və qarşıdurma, disfunksionallıq var və bunu heç kim inkar etmir. Amma bununla belə daha çox nəzərə bir əsas tendensiya çarpır: ölkədə mərkəzi erməni elitası ilə Qarabağ siyasi klanı arasında siyasi savaş gedir.

Hətta yeni siyasi trendlər və ya tendensiyalar, xüsusən də yeni hakimiyyət ölkənin bütün siyasi coğrafiyasını əhatə etməyəndə, ölkədə əvvəlki hakimiyyətin siyasi ocaqları qalanda belə ümumi və uzlaşdırılmış siyasəti həyata keçirmək çətin olur.

İndi təsəvvür edin ki, bir ölkədə nəzarətsiz və hərbiləşmiş, ən əsası da formal olaraq onun tərkibində olmayan, formal olaraq onun suverenlik hüdudlarından kənarda olan regional vahid var - aydın məsələdir ki, bu halda vətəndaş müharibəsindən və yaxud da hərbi qarşıdurmadan ancaq möcüzə nəticəsində qaçmaq olar.

Artıq şübhə yoxdur ki, özünün Xankəndidəki sərsəm bəyanatları və xüsusən də “Miatsum ittifaqı” təşkilatı ilə baş nazir N.Paşinyan əslində Dağlıq Qarabağı separatçıların nəzarətindən çıxarmağa çalışır və məhz bu ziddiyyət Ermənistandakı bütün problemlər arasında ən təhlükəli və inkişaf edən problemdir.

Düşünürük ki, hətta siyasətdən uzaq, adi orta statistik oxucu belə razılaşar ki, hər bir ölkə üçün onun rəqibinin içindəki parçalanma, siyasi disfunksionallıq həmin ölkə üçün yeni real şanslar deməkdir və birmənalı olaraq onun mövqelərini möhkəmləndirir.

Bir tərəfdən yeni siyasi modelin - parlament üsul-idarəsinin, ümumiyyətlə, demokratik quruluşun yaratdığı problemlər, digər tərəfdən ağır sosial-iqtisadi çətinliklər və nəhayət, Dağlıq Qarabağ məsələsindəki ikitirəlik - ziddiyyətli dualizm tez bir zamanda Ermənistanı iflic etməsə belə, bütün hallarda onun siyasi-diplomatik və hətta hərbi immunitetində izsiz ötüşməyəcək.

Bir daha deyirik ki, belə vəziyyət bizim şanslarımızı artırır. Üstəlik, Paşinyanın hakimiyyətə gəlişilə Ermənistanın xarici siyasətində də çox ciddi problemlər yaranıbdır, xüsusən də Moskva - İrəvan müstəvisindəki gərginlik daha çox nəzərə çarpır.

Diqqət çəkən detallardan biri budur ki, Kreml politoloqlarının əksəriyyəti Paşinyana müxalif mövqedədir, onlar isə yalnız öz mövqelərini ifadə etmirlər, həm də Kremlin mesajlarını dilə gətirirlər.

Kremlin özünə gəldikdə isə, burada vəziyyət daha mürəkkəbdir. Oktyabrda Rusiya prezidenti İrəvana səfər etməlidir. Amma düşünürük ki, vəziyyət daha tez aydınlaşa bilər, hər halda, tərəflərin təmsilçiləri BMT Baş Məclisinin növbəti sessiyasının kuluarlarında öz mövqelərini müzakirə edə, çözə bilərlər. Əlbəttə, digər kontaktlar da istisna olunmur, amma əsas odur ki, Paşinyan Moskva və İrəvanın yaxınlaşması üçün heç nə etməyib, əksinə yeni problemlər yaradıbdır.

Əlbəttə, bizim üçün narahatlıq doğuran budur ki, Kreml diplomatları Ermənistandakı son özfəaliyyətə münasibət bildirməyə tələsmirlər, amma bizə elə gəlir ki, Kremldə də belə ciddi məsələdə birmənalı seçim etməyə tələsmir və proseslərin təbii sonluğunu, N.Paşinyanın reytinqinin tamamilə aşağı düşməsini və onu daha sayıq bir adamın əvəz etməsini gözləyirlər.

Prinsipcə, belə yanaşmada da məntiq var: çətin ki, Ermənistandakı “inqilabi proseslər” dayanıqlı və inkişaflı olsun, çünki bu ölkədə bir yox, bir neçə, hətta problemlər ansamblı var və nəinki bir N.Paşinyan, hətta bir neçəsi belə onları həll etmək iqtidarında deyildir, ən azı ona görə ki, siyasət adamından mitinqlərdə pafoslu çıxışlar etməkdən savayı da əlavə keyfiyyətlər olmalıdır...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR