“Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafatın qalibləri açıqlandı
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə 22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan KİV-nin nümayəndələrini təbrik edib. Partiyanın Siyasi Şurası 22 iyul – Milli Mətbuat Günü münasibətilə Partiyanın təsis etdiyi “Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafata 2013-cü ildə layiq görülənlərlə bağlı qərarını da açıqlayıb. Demokratik İslahatlar Partiyasının mətbuat xidmətinin məlumatına görə, bu qərara əsasən sözügedən mükafatlar və müvafiq diplomlar aşağıda adları qeyd olunan jurnalistlərə və KİV-lərə təqdim olunacaq:
1. Aygün Muradxanlı (“Yeni Müsavat” qəzeti) - Azərbaycanın ictimai-siyasi həyatına dair obyektiv məqalələrinə görə
2. Emil Quliyev (“Gün.az”) - Azərbaycanın ictimai-siyasi həyatının mediada peşəkarcasına işıqlandırılmasına görə
3. qaynar.info – Azərbaycanda elektron medianın inkişafındakı roluna görə.
Xatırladaq ki, bu təsisatda əsas məqsəd jurnalistləri Azərbaycan mətbuatının əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir.
Bu mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.
Cavid TURAN






