Həsən ağa Dəmirçi: " Türklərə qarşı yazı gedəndə biz ayağa qalxdıq"
H.Dəmirçi o taylı, bu taylı Azərbaycan ictimaiyyətinə çox yaxşı tanışdır. O, öz millətsevərliyi və mübarizliyi sayəsində Təbrizdə Azərbaycan milli-musiqisinin təbliği və tədrisi ilə məşğuldur. Bu səbəbdən dəfələrlə İran hakimiyyəti tərəfindən təzyiq və ittihamlara məruz qalıb, zəlzələ zamanı Qaradağ əhlinə «maddi yardım toplamaqda, qanunsuz yollarla Azərbaycan musiqisinin tədrisi ilə məşğul olmaqda, ölkədə və xaricdə separatçı qruplarla əlaqə saxlamaqda, azərbaycanlı fəallarla görüşməkdə və dövlət quruluşuna qarşı təbliğatda» «təqsirli» bilinərərək 6 ay həbs cəzası da alıb.
Ustadla maraqlı musahibəni təqdim edirik:
- Dünya azərbaycanlıların həmrəylik günü sizin üçün nə deməkdir və güneylilər bu günü necə dəyərləndirir?
- Sözün düzü, güneylilərinin əksəriyyəti bu gündən xəbərsizdir, yəni vəziyyət buna imkan vermir. Lakin Azərbaycanıla bağlı məsələlərdə fəallıq göstərənlər bu günü çox yaxşı qarşılayır.
- Bakıya tez-tez gəlirsiz?
- Bura təxminən 5-6 əvvəl gəlmişdim. Abadlıq və gözəllik baxımından şəhərdə çox böyük dəyişiklik var, güvəniləsi bir paytaxt olub. Doğrudur, ətrafa baxanda görünür ki, görüləsi işlər hələ də var, lakin ümumilikdə problemlərin sayının azaldığı hiss olunur.. Arzu edirəm ki, bu gözəllik təkcə Bakıda deyil, digər şəhər və rayonlarda sürətlə həyata keçirilsin, Güneydə Tehranla kifayətlənildiyi kimi burda da bir Bakıyla kifayətlənilməsin. Şair Möcüz demişkən:
“Səba, yolun düşsə Tehranə, söylə miri-Tehranə
Fəqət Tehran deyil İran, hər yan gərək işıqlansın...”
Milli azlıqların burada azad şəkildə, heç bir təzyiq olmadan yaşayıb işlərinə davam etdiyini görürük,onların hər biri azadşəkildə yaşayıb işlərini davam etdirir bu çox gözəldir. Biz güneyliər Azərbaycanın hər bir uğurlu işinə sevinir,fəxr edirik. Onu da deyimki, güneydə Azərbaycanı sevməyən qüvvələr çoxdur.
- Azərbaycan cəmiyyətində sizi qane edən və etməyən tərəflər hansılardır?
- Az bir müddətdə qonaq olduğumuzdan burda baş verən prosesləri o qədər də dərindən izləyə bilmirik. Ancaq mədəni səviyyənin sürətlə inkişaf edib irəli getdiyi açıq surətdə nəzərə çarpır. Məsələn, burda olan yol mədəniyyəti bizimkilərlə müqayisədə mənim çox xoşuma gəldi. Düzdür, qanunu pozan, sərxoş sürücülərər dünyanın hər yerində rast gəlmək olur, bəlkə də təsadüfdən mənim gördüklərim hamısı yaxşı olub, ancaq görünən odur ki, sürücülər piyadalara və digər sürücülərə hörmətlə yanaşır... Və yaxud kimdənsə ev adresi, ünvan soruşanda çox mədəni surətdə tərif edirlər, bu, çox xoşdur.
- Mədəniyyətimizin inkişafı kənardan necə təsir bağışlayır?
- İnkişaf göz qabagındadır, yəni sürətlə inkişaf edir. Amma bəzən televiziya ekranlarında bayağılığa yol verilir, mənasız və o qədər də dəyəri olmayan mahnılar baş alıb gedir. Təbii ki, bunlarla yanaşı, millətimizin tarixi, keçmişi, qan yaddaşı haqda gözəl proqramlar da hazırlanır. Məsələn, elə bu gün bir verilişi izlədim, bilmədiyim tarixi faktları öyrəndim.
İncəsənətin bir çox növləri, məsələn, rəssamlıq, heytəltaraşlıq getdikcə daha da inkişaf edir. Lakin, çox istərdim ki, bununla yanaşı texniki sənətlər də inkişaf etsin, hansısa material üçün digər ölkərlərə üz tutulmasın. Məsələn, Təbrizdə sənət istehsalı yaradıcılığı çox inkişaf edir, təsəvvür edin ki, dövlət tərəfindən heç bir köməklik almadan insanlar öz gücü, iradəsi sayəsində texniki sənətdə qabağa gedə bilirlər.
- İttiham olunduğunuz məhkəmədə bildirmisiz-“Urmiya gölü haqda mahnı bəstələdiyim üçün fəxr edirəm”. O günləri necə xatırlayısız?
- Bir igidin toyu idi, onu da qeyd edim ki, həmin gənclərin indi bir övladlaır var və adını Savaş qoyublar. Toyda mən Urmiya gölünə aid mahnımı ifa edib, oxudum. Bu bir qədər hakimiyyətə “ağır” gəldi. Məni sorğu-sualla tutdular ki, “niyə bunu oxumusan?”, buna görə məni məhkəməyə çağırdılar. Hakim sual verdi: “Toy nədir, Urmiya gölü haqda mahnı nədir?”. Mən də onda bu cavabı verdim: “Hərdən təmənnasız olaraq tanışlarımın toyuna gedərəm. Olur ki, demək istədiyim sözləri musiqi vasitəsilə ilə çatdırıram. Məsələn, insanlar bilsinlər ki, Təbizdə bir vaxtlar bağları söküb yerində ev və yaxud idarə tikmişdilər. Bu hadisələrə görə də mahnı qoşmuşdum, onda gərək bunu da hesaba alasız. Bundan başqa, bizim öz dilimiz olmalıdır, biz öz dilimizdə yazıb oxumalıyıq”. Bildirdim ki, mənim amalım budur. Beləliklə, məhkəmədə bərət qazandım...
- Bildiyimə görə hansısa səbəbdən 6 ay həbs almısız...
- Doğrudur, belə bir olay olub. Qaradağda zəlzələ olan zaman əhaliyə olunan yardmlarda iştirak etdik, əlimizdən gələn köməyi əsirgəməməyə çalışdıq. Bizə isə bildirilər ki,-“siz gərək hakimiyyətdən icazə alıb bu adıımı atmalıydız”. Mən də bildirdim ki, hadisə zamanı minlərlə insan köməyə getmişdi, bu qədər insan necə icazə ala bilərdi? Bizə etibar edilib pul və yaxud başqa vəsaitlər verilirdi, biz də onu xalqa çatdırmışıq. Burda bizim qəbahətimiz nə ola bilərdi? Xalqa kömək etmək bizim borcumuz, vəzifəmizdir. Təssəvvür edin insanlar uçmuş evlərin altında qalıb, biz isə bir-bir hakimiyyətdən icazə alıb köməyə getməliymişik. Bizi ciddi-cəhdlə sorğu-suala tuturdular ki, kömək edən insanların adını açıqlayaq, amma biz bunu etmədik. Yaxşılıq edən insaları məgər pis vəziyyətdə qoymaq olar? Bəziləri hətta məndən də yaşlıdır, polsin bir zəngindən həyəcanla bilər, sağılamlıqları təhlükədə ola bilərdi... Bunun nəticəsində bizə 6 ay həbs cəzası kəsdilər. Amma olsun, millətimiz üçün hər cür fədəkarlığa hazırıq. El yolunda həbslər, maddi xərclər olub olacaq da. Hər kim ki, millətinə haqq qazandırsa gərəkdir ki, bütün əzab-əziyyətinə tablaşa.
- Hər kəsə məlumdur ki, Qaradağ zəlzələsi ilə bağlı siz həm maddi, həm də fiziki yardımlar etdiz, yəni fəhləlikdən belə qaçmadız...
- Bu borcumuzdur. Əsasən çörək bişirmək üçün kiçik sexlər tikilirdi, çünki, əhalidən daha çox nəyə ehtiyacı olduğunu soruşanda onlar çörək qıtlığından əziyyət çəkdiyini deyirdilər... Bir qədər sonra ətraf kəndlərdə də zəlzələ oldu. Onda kiçik nəvəm dedi: "Vay, babam gedib indi də orda fəhləlik edib çörək evi tikəcək (gülür). Azərbaycançılıq uğrunda canını qoyan insanlar çoxdur və bu belə də olmalıdır. Həmin hadisələrdə millətimiz birlik göstərirdi, bu məni çox sevindiridi. Zəlzələnin birinci günü biz hadisə yerinə gedəndə gözə dəyən adam çox deyildi, televiziyadan da bildirildi ki, itki o qədər də çox deyil. Lakin əhali duyuq düşdü ki, məsələ başqa cürdür, həlak olanlar və dağıntılar çoxdur. Səhəri gün insanlar 22 km yol qət edərək köməyə gəldilər. Hərə kəsin börcu olduğu kimi biz də bir borc düşürdü və çalışırdıq ki, bunun öhdəsindən layiqincə gələ bilək. Bu bizim elimiz, yurdumuz, tayfamızdır, gərəkdir ki, belə hadisəlrər vaxtında yetişək.
- Urmiya gölünün qurudulması hansı nəticələrə gətirib çıxarda bilər?
- Bu haqda daha çox mütəxəsislər dolğun cavab verə bilər. Ancaq sadə bir vətəndaş kimi deyə bilərəm ki, orda olan duzlar ətrafa səpələnəcək. Gözəllik əldən gedir, oranın özəl bir gözəlliyi var ki, indi xaraba qalacaq. Bu barədə səsini çıxardan gənclərə təzyiq göstərildi, onlar dəyənəklə, şillə ilə qarşılandılar, həbs edildilər, həttan bu günəcən bu məsələyə görə zindan həyatı yaşayan və yaxud vətənindən qaçaq düşənlər var. Dövlət istəsə bu problemi həll edə bilər, amma göründüyü kimi, gölün qurudulması bəzi dairələr üçün əlverişlidir. Burda bir siyasi amil var-türk düşmənliyi amili. Bu türklər üçün, xüsusən də öndə olan Azərbaycan türkləri ilə bağlı olan düşmənçilikdir. Düşmənçilik olmasa orda iki dil rəsmiləşər.
-İran hakimiyyəti elan etdi ki, tezliklə Azərbaycan dilində TV açılacaq. Sizcə dilimizin təbliğatı barədə yenilik olacaqmı, buna inanmaq olarmı?
- Qızım, bu hekayələri eşit, amma inanma...
- Azərbaycan milli musiqisinin təbliği üçün açdığınız məktəb dəfələrlə hakimiyyət tərəfindən bağlanılıb.
- Doğrudur, dəfələrlə məktəbə gəlib irad bildirdilər ki, siz burda sözləri türkcə yazmısız. Mən də dedim ki, bu bizim danışdığımız dildir ki, bunu yazmışam. Dedilər ki, bu doğru deyil, rəsmi dil fars dilidrisə deməli bu dildə yazmalıydız. Və yığışıb bir qərara gəldilər ki, məkətbi bağlasınlar. Bunlar hər çür bəhanə axtarırdılar məktəbi bağlamağa və bağladılar da. Bir neçə dəfə nail oldum yenidən fəaliyyət göstərsin, lakin 5 dəfə bağlandı, açıldı. Daha sonra İran qəzetlərinin birində türklərə qarşı yazı gedəndə biz ayağa qalxdıq. Apardılar məni, mühakimə etdilər ki, bu işin yaranmsında sizin də əlniz var və bir il həbs cəzası kəsdilər. Lakin 6 aydan sonra mənə bildirdilər ki, günahsızam, bəraət aldım. Gələndə isə məktəbi yenidən açmağa imkan vermədilər. Indi də məktəb fəaliyyət göstərmir, dərsləri evdə keçirəm.
- Azərbaycan dili necə qorunub saxlanılır?
- Hazırda dil uğrunda iki yöndə mübarizə aparılır. Onun biri budur ki, hakimiyyət çalışır ki, fars dilini bizə yeritsin, dilimiz faslaşsın, türk sözləri yavaş-yavaş sıradan çıxsın. Digər tərəfdən isə bir sıra ziyalılarımız çalışırlar ki, dilimizdə olan alınma sözləri kənarlaşdırsınlar. Hətta burda yəni, Güzeydə də dilimizdə ərəb-fars sözləri çoxdur. Məsələn, “tələbə”, bu söz ərəb sözüdür. Bizdə dilinin təmilənməsinə çalışanlar “tələbə” deyil, öyrənci deyirlər. Daha bir misal, tutaqki, müğam yarışı keçirilir, sizdə buna “müsabiqə” deyirlər, bu da ərəb sözüdür, əslində baxanda “yarış” sözü olmalıdır və s. Daha bir misal, oxuyana “xanəndə” deyirsiz. Elə xanəndə deyil, “oxuyan” desək dilimizdən bu sözlər kənarlaşar. Var olan sözlərimizdən faydalansaq daha məqsədə uyğun olar.
Mən bir qədər muğamlarımızı haqqında danışmaq istərdim. Muğam bütün Şərq aləminə, o cümlədən azərbaycanlılarla yanaşı özbək və ərəblərə, hindlilərə, məxsusdur. Muğam aləmində aid olduğu millətin hərəsinin öz payı var, Azərbaycanın payı isə digərlərindən çoxdur. Lakin təəssüflə bildirməliyəm ki, zamanında musiqiçilərimiz muğamlarımızı ərəb fars dili ilə adlandırıblar. Mən dərs zamanı tələbələrimə muğamları təbliğ edərkən öz ana dilimizdə müraciət edirəm. Məsələn, “Segah-Zabul”. Zabul Ərəbistan şəhərlərindən biridir. Bu muğamı biz artıq ”Nisgil” adlandırırq, çünki, bizim dildə tərcümədə bu cürdür. Və yaxud ”Segah”, bu söz “sevgiyə yalvarış” mənasındadır, ona görə də bunu “Sevgi” muğamı adlandırırıq. “Şur”u “Öyüd adlandırırq, ”Çagargah”ı isə “Yürüş”. Çünki, diqqət etsək görərik ki, bu muğam başdan-başadöyüşür. “Çahargah” muğamı haqda görkəmli şairimiz Bəxtiyar Vahabzadə öz poemasında bəhs edib. Bir dəfə şairlə görüşməyə nail oldum, muğamlar haqda fikrimi ona bildirəndə şair çox sevindi və bildirdi ki, qətiyyətlə bu məsələnin üstünə düşmək, tezliklə həll etmək lazımdır... Doğrudur, uzun müddət başqa adla tanınan muğamı indi başqa adla tanımaq bir qədər vaxt aparcaq, amma artıq indidən bunu özümüzə adət etməliyik və bu cür zəruridir. Bu barədə kitab dərsliyim də var. Çalışıram ki, bir azərbaycanlı musiqiçisi kimi öz öhədmə düşəni yerinə yetirim, ancaq belə məslələr gəkdir ki,musiqi alimlərinin, bilicilərinin nəzarəti altında olsun, dəyişikliklərə onlar qərar verə bilərlər.
- Ən çox sevdiyiniz Azərbaycan bəstəkarı kimdir?
- Demək olar ki, hamısını, amma deyərdim daha çox üstün olanı Üzeyir Haclbəylidir. Klassik bəstəkarlarımızın hansı əsərinə diqqət yetirsək görərik ki, hamısı dünyəvi əsərlərdir. O tayda da usta Səlimidir.
- Qəlbinizdə daima səslənən könül nəğməniz varmı?
- Əlbəttə var, “Səhənd” təxəlllüslü Bulud Qaraçorlunun “Yasaq” şeiri var, ona bir mahnmı bəstələmişəm. O mahnı hər zaman könlümdədir.
- Milli hərəkatın bu günki fəaliyyəti sizcə qanedicidirmi?
- Bu hərəkat hələ də fəaliyyətini davam etdirir. Mən incəsənət, mədəniyyət aləminin insanı olduğumdan siyasi məslələrdən bir az kənardayam, buna görə də içəridə baş verənlərdən dolğun xəbərdar deyiləm. Amma görünən odur ki, məqam gələndə toplum şəkildə meydana çıxıb öz iradələrini göstərirlər. Qətiyyətlə deyə bilərəm ki, bu hərəkatın üzvləri çox güclü insanlardır. Axır zamanlar onlara qarşı ciddi təzyiqlər var, buna görə bir qədər çalışırlar ki, məsələləri sakitcə həll edə bilsinlər. Hərəkat zahirən sakit görünsə də igid cavanlarımız miləti üçün öz işlərini görülər. Onu da deyim ki, cavanlarımız getdikcə savadlanırlar, bu sevindirici haldır. Əgər onlara azad fikir söyləmək imkanl versələr onların biliyinin yüksək səviyyədə olduğu aşkara çıxar. Onlar bizim Azərbaycanın əzilmiş, tapdalanmış hüquqlarının müdafiəçisi, dostlarıdır.Onlara bəzən ağırcəza kəsilir, amma məqam gələndə artıq onlar susmayacaqlar...
- O tayda klassik musiqimizə dair dərsliklər varmı?
- Elə keçmişdən bu taydan bəhələnməyə çalışmışıq. Hətta telviziya olmayan bir dövrdə çətinliklə də olsa radionu quraşdırıb mahnıları, oxuyanları izləyirdik. Şəxsən mən muğam barəsində burdan çox məlumat əldə etmişəm. Bu sözü rəqslərimiz haqda da deyə bilərəm. Rəqqaslarımız burdakı olan milli rəqsləri öyrənir, izləyirlər. Azərbaycan rəqsləri dünyada tanınan və rəğbətlə qarşılanan rəqslərdir. Əvvəllər çox çətinlik çəkirdik, lakin indi burdan xeyli kitab, dərsliklər, disklər aparılır. Daha çox isə Azərbaycanın müxtəlif telviziya kanallarının orda yayılanması bu işə böyük köməklik göstərir.
Qeyd edim ki, neçə əsr budan əvvəl Təbrizdə böyük musiqi aləmi və alimləri olub. O zamanlar hamı Təbrizdən bəhrələnirdi, indi Təbriz bu taydan bəhrələnir(gülümsəyir). Əlbəttə bu təbiidir. Şükürlər olsun ki, uzun illərin ayrılığından sonra iki tay arasında gediş-gəliş azadlaşıb və biz incəsənət mədəniyyət baxımından bir-birimizi daha da yaxın tanımağa nail oluruq. Elə bir mahnı yoxdur ki, burda oxunsun amma o biri tayda bixəbər olsunlar, gənclərimizi bu barədə fəalllıq göstərirlər. Lakin bu tayda olanlar güneyli mahnalarını kifayət qədər tanımırlar. Məsələn, tanınmış musiqiçi Ustad Səlimin mahnıları haqda burda o qədər də məlumat, bilgi yoxdur.
- Bu günəcən yaşadığınız həyatınızda ən xoş gününz hansı olub?
- Belə günlərim çox olub..Bunlardan deyərdim elə ən birincisi Azərbaycan öz istiqlaliyyətini aldığı gündür.
Xalidə Gəray






