Azərbaycan Hesablama Palatası “Azərsu” ASC-də yoxlama aparacaq. APA-nın verdiyi məlumata görə, Hesablama Palatasının kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan “Azərsu” ASC-yə ayrılan vəsaitlərin (2012-ci ildə tikintisi (təmiri) başa çatmış obyektlər üzrə) istifadəsinə dair Audit Proqramı təsdiq olunub.
Hesablama Palatasında adının çəkilməsini istəməyən mənbə “Yeni Müsavat”a bildirib ki, “Azərsu”da auditin aparılması ilə bağlı qərar ASC-dəki korrupsiya faktları ilə bağlıdır: “Şübhəli tenderlərin keçirilməsi, tenderin qalibi olan şirkətlərin göstəricilərinin qanunvericiliyə uyğun olmaması, büdcə vəsaitlərindən səmərəsiz istifadə olunması ilə bağlı Hesablama Palatasına çoxsaylı məlumatlar daxil olub. Şikayətlər daha çox ”Azərsu"nun sifarişləri ilə işləyən “Hidro-Lotus” MMC-dəndir. Ona görə də ASC-də audit aparılması qərara alınıb".
“Hidro-Lotus” MMC-nin şübhəli fəaliyyəti ilə bağlı ötən saylarımızda məlumat vermişdik. Həmin məlumatlara görə, “Azərsu” ASC sifarişi ilə işləyən “Hidro-Lotus” MMC podratçıların müqavilə üzrə pullarını ödəməkdən imtina edir. Podratçı şirkətlər işləri müqaviləyə uyğun olaraq tamamlasa da, MMC onlara çatacaq vəsaiti mənimsəyib. İş adamlarının bu məsələ ilə bağlı “Azərsu” ASC-yə etdiyi şikayətlərin də bir faydası olmayıb. ASC rəhbərliyi bu məsələdə MMC-nin qanunsuz mövqeyini müdafiə edib.
“Hidro-Lotus” MMC-nin prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova məxsus olması ilə bağlı iddialar var və onlar indiyədək təkzib edilməyib. MMC-nin saytında müəssisənin 26 iyul 2011-ci ildə dövlət qeydiyyatından keçdiyi bildirilir (http://www.hidro-lotus.com/az/about). Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 29-da (məşhur Şəki restoranının arxasında) yerləşən “Hidro-Lotus” MMC Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli sərəncamına müvafiq olaraq “Azərsu” ASC ilə Bakı və ölkənin müxtəlif rayonlarında təmiz və çirkab su stansiyalarının inşaatı, su boru şəbəkələrinin yenidən qurulması sahəsində müxtəlif müqavilələr imzalayıb. Elə bu məlumatlarda da nəhəng korrupsiya ocağının anonsu verilir - Nazirlər Kabinetin sərəncamından cəmi 11 gün sonra yaradılan MMC dəyəri yüz milyonlarla ölçülən layihələrə cəlb edilib. Bu tender qanunvericiliyin açıq-aşkar pozulması deməkdir.
2001-ci ildən qüvvədə olan “Dövlət satınalmaları haqqında” qanunun 6-cı maddəsinə (Malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər) görə, 50 min manatdan yuxarı dövlət sifarişləri bu sahədə ən azı 5 il təcrübəsi olan şirkətlərə verilə bilər. Nazirlər Kabinetinin isə bu qanunu dəyişdirmək, ona nəsə əlavə etmək səlahiyyəti yoxdur. Ancaq buna baxmayaraq, Nazirlər Kabinetinin sərəncamı ilə “Azərsu”ya icazə verilib ki, “müvafiq sahədə təcrübəsi olan şirkətlərlə” danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlasın.
“Azərsu” ASC isə hətta bu qanunsuz sərəncama da axıra qədər məhəl qoymayıb. Bu sərəncamdan cəmi 11 gün sonra yaradılan “Hidro-Lotus” MMC ilə bir neçə yüz milyonluq müqavilə imzalayıb. “Hidro-Lotus” MMC-nin 70 faizi “Hidro-İnşaat Servis”ə, 30 faizi isə Türkiyənin “Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik Ve Taşimacilik Anonim Şirkəti”nə (qısaca “Lotus”) məxsusdur. “Hidro-İnşaat Servis” MMC-də 2011-ci ildə qeydiyyatdan keçib. Onun təsisçisi “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğludur. Bu MMC 2011-ci il aprelin 15-də qeydiyyatdan keçib və cəmi bir neçə ay sonra “Azərsu”nun layihələrinə cəlb olunub. Ardınca da Türkiyə şirkəti ilə “Hidro-Lotus” MMC-ni təsis edərək ASC-nin nəhəng layihələrinə cəlb edib.
Belə çıxır ki, “Hidro-Lotus” MMC məhz bu nəhəng dövlət sifarişlərini həyata keçirmək üçün məxsusi yaradılıb. Bu, açıq-aşkar korrupsiya faktı və dövlət əmlakının xüsusi amansızlıqla talan edilməsi deməkdir. Milyard manatdan çox dövlət vəsaitinin tender keçirmədən yenicə yaradılmış MMC-nin sərəncamına verilməsinin başqa yozumu yoxdur.
Müqayisə üçün qeyd edək ki, Moldovanın paytaxtı Kişinyovda kanalizasiya sisteminin 1,85 kilometrinin təmirinə 2,1 milyon lei (178 min dollar) sərf olunub. Sistemin 160 kilometri təmir olunmalıdır, bunun üçün də minimum 315 milyon lei (26,7 milyon dollar) lazımdır. “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynov isə mediaya açıqlamasında bildirib ki, təkcə Bakının ətraf qəsəbələrinin su və kanalizasiya sisteminin yenidən qurulmasına təqribən 1,5 milyard manat (2 milyard dollara yaxın) tələb olunur. Bu sektorda korrupsiyanın səviyyəsi haqda təsəvvürlərin yaranması üçün təkcə elə bu fakt kifayətdir və izafi şərhə ehtiyac qalmır. Görünür, “Azərsu”da korrupsiya dözülməz həddə çatdığından Hesablama Palatası ASC-nin fəaliyyətini təftiş etməyə məcbur olub.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bunları bildirdi: “Bu, növbəti yoxlamadır və hər il belə yoxlamalar olur. Ötən il də 2011-ci il üzrə audit aparılmışdı. Bu, qrafik üzrə aparılan auditdir. ”Azərsu" ASC investisiya layihələrini büdcə vəsaiti hesabına reallaşdırır, büdcə vəsaitinin xərclənməsi üzrə auditi aparan qurum isə Hesablama Palatasıdır. Ona görə də növbəti auditi başqa amillərlə əlaqələndirmək tamamilə yanlışdır".
İqtisadiyyat şöbəsi