Ölümlə nəticələnən qəza törədən avtobus sürücüsü hakim qarşısına çıxarılıb. Onun işə çıxmadan əvvəl heroin qəbul etdiyi məlum olub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə ittiham edilən Pərviz Quliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Pərviz Quliyev son sözlə çıxış edib. Quliyev əməlində peşman olduğunu deyib. Məhkəmədən azyaşlı uşaqlarının olmasının, xəstəliyinin nəzərə alınaraq yüngül cəza verilməsini istəyib.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Pərviz Quliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, hadisə sentyabrın 15-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini Pərviz Quliyev idarə etdiyi “Daewoo” markalı 185 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Miqdat Kuxmazovu vurub. Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 22-də orada ölüb.
Məhkəmənin hökmündə göstərilir ki, Pərviz Quliyev qəzanı törədən zaman narkotik vasitənin təsiri altında olub. O, işə çıxmadan əvvəl heroin qəbul edib. O, qaraciyər serrozundan əziyyət çəkdiyinə görə narkotik vasitədən istifadə etdiyini deyib.
Məhkəmə hökmü elan edərkən mərhumun oğlunun mülki iddiasını təmin etməyib. Belə ki, mərhumun oğlu 25 min manatlıq mülki iddia ilə məhkəməyə müraciət etmişdi. O, müraciətində göstərirdi ki, atasının xəstəxana, dəfn və yaş mərasimləri üçün 25 min manat pul xərcləyib. İddiaçı pulun ona ödənilməsini istəyib. Məhkəmə mülki iddianı baxılmamış saxlayıb. Və zərərçəkmiş tərəfin mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilib.
İlkin Muradov
Musavat.com






