İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi aviasiyamız Cənubi Qafqazda birinci yerdə - ekspert deyir ki...

1631 24.08.2019 08:40 Siyasət A A

MiQ-29-lar yeni nəsil qırıcılarla əvəzlənməlidirmi? 

Gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrimizin MiQ-29 təyyarəsinin qəzaya uğraması bu növ döyüş təyyarələrini və ümumiyyətlə Azərbaycan hərbi aviasiyasının arsenalında hansı növ döyüş təyyarələrinin olduğunu, MiQ-29-un müasir tələblərlə uyğun gəlib-gəlmədiyi kimi məsələləri də müzakirə mövzusuna çevirib.

Xatırladaq ki, indiyə kimi Xəzər dənizində bir neçə dəfə dəhşətli təyyarə və vertolyot qəzaları baş verib. Həmin qəzalardan ikisi MiQ-29-un payına düşür. 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi bazadan təlim uçuşu üçün havaya qalxan “MiQ-29" döyüş təyyarəsi sahildən 6 km uzaqlıqda dənizə düşüb. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot - Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. Ə.Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, F.Əsgərovun meyitini tapmaq mümkün olmayıb. MiQ-29-un iştirak etdiyi ikinci qəza isə pilot Rəşad Atakişiyevin həlak olması ilə nəticələnən 24 iyul 2019-cu ildə baş verən qəzadır.

Dünyada isə 50-dən çox MiQ-29 qəzası baş verib. Maraqlıdır ki, qəzaların heç birində quşla toqquşma hadisəsi qeydə alınmayıb. Mühərrikin sıradan çıxması, toqquşma, idarəetmənin itirilməsi, sərt eniş zamanı yaşanan qəzalar zamanı 23 pilot həlak olub, 35 pilot sağ qalıb, 16 pilot katapult edə bilməyərək, 7 pilot katapult edərək həlak olub.

Dünyada 1992-ci ildən indiyədək 43 MiQ-29 qəzası baş verib. Qəzaya uğrayan MiQ-29 sayına görə dünyada ilk yerdə 23 hadisə ilə Rusiya dayanıb. Bu dövrdə Macarıstan və  Hindistanın hər birində 3, Ukrayna, Qazaxıstan, Rumıniya, Belarus və Slovakiyanın hər birində 2, Peru, Bolqarıstan, Myanma, İran, Polşa və Misirin hər birində isə 1 MiQ-29 təyyarəsi qəzalarda sıradan çıxıb.

Azərbaycan Hərbi Hava Qüvvələri barədə Vikipediya məlumatlarında qeyd edilir ki, Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, 1-ci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub. Azərbaycanın ikinci müstəqilliyi dövründə -1992-ci ilin aprelin 8-də isə baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan, “Su-25" döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyarəni arsenalına qəbul edib. Az sonra ”Nasosnı"-indiki Hacı Zeynalabdin Tağıyev hərbi aviasiya alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər aerodromunda xidmət edən polkovnik-leytenant Aleksandr Pleşin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilib. 1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və HHMQ) komandanı kimi 2009-cu ildə qətlə yetirilənədək fəaliyyətini davam etdirib.

1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. Beləliklə, 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edildi.

Hərbi Hava Qüvvələrinin aerodromlarının modernizasiya proqramında Azərbaycanın ən aktiv tərəfdaşı ABŞ-dır. Xatırladaq ki, Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) çərçivəsində H.Z.Tağıyev qəsəbəsindəki hərbi aerodrom modernləşdirilib. Eyni zamanda hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib və təmir edilib, aerodromun texniki təminatı, paraşüt-desant xidməti və əyləc paraşütlərinin yığılması binalarının inşasına başlanılıb. Əsas start komanda məntəqələri, mühəndislərin idarəetmə məntəqələri və mühəndis aviasiya xidmətinin heyətləri üçün binalar istifadəyə verilib. 2008-ci ilin sentyabr ayından etibarən HHQ-nin mərkəzi idarəetmə sisteminin modernizasiya olunmasına Türkiyə kömək edib.

Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuşlar keçirmiş pilotlar sayılır. Azərbaycan pilotları əsasən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər.

Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda maddi-texniki imkanlar baxımından yüksək və ən çox döyüş təyyarəsi olan ölkə sayılır. Müxtəlif məlumatlara görə, hazırda 8000 nəfər personalın xidmət etdiyi Azərbaycan HHQ arsenalına 200-ə yaxın döyüş təyyarəsi, 160-a yaxın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı təyyarə və helikopter daxildir. 8000 nəfər personalın xidmət etdiyi HHQ-nin arsenalında “Aero L-29", ”Aero L-39" təlim-hücumçu, müxtəlif təyinatlı MiQ-21, MiQ-25, MiQ-29, Su-17, Su-24, Su-25, İl-76, An-24, An-12, Tu-134A, Tu-16, Mi-2, Mi-6, Mi-8, Mi-24, Mi-35M markalı helikopterlər, həmçinin dünyanın tanınmış şirkətlərinin (Aerostar, Orbiter) istehsalı olan pilotsuz uçan aparatlar var.

2006-cı ildə Ukrayna ilə imzalanmış müqaviləyə əsasən Azərbaycan bu ölkədən 29 ədəd modernləşdirilmiş MiQ-29M döyüş təyyarəsi, həmçinin Mi-24 helikopterləri alıb. Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində, Hərbi Hava Qüvvələrimizin MiQ-29 və Su-25 döyüş təyyarələri Belarusun “Müdafiə Təşəbbüsləri” müəssisəsi tərəfindən hazırlanan “Talisman” Gövdə Müdafiə Kompleksi (GMK) ilə də tıchiz edilib.

Bəs Azərbaycan ordusu Rusiyadan və ya başqa ölkələrdən MİQ-29-u əvəz edən daha müasir döyüş təyyarələri almalıdırmı?

Ekspert Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

Ekspert: “Türkiyə, Pakistan, İtaliya və Fransadan yeni nəsil döyüş təyyarələrinin alınmasına başlanmalıdır...”

Ekspert Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, MİQ-29 modifikasiyalı qırıcılar təhlükəli təyyarələr seriyasına daxildir: “Artıq bu tipli təyyarələrdən imtina etməli, müasir yeni nəsil qırıcılara üstünlük verilməlidir. Azərbaycanın hərbi aviasiya parkı Rusiyanın istehsalı olan əsasən 1980-cı illərin qırıcı təyyarələri ilə təchiz olunub. Bu döyüş təyyarələrinin manevr və döyüş qabiliyyəti Azərbaycanın yerləşdiyi məkana uyğun olaraq cavab verirdi. Hazırda getdikcə köhnələn bu tip döyüş təyyarələrinin yeniləri ilə əvəzlənməsi mütləqdi və yeni şərtlər daxilindədir. MİQ-29 tipli yüngül funksiyalı təyyarələr artıq köhnəlib və onlardan imtina edilməsi lazımdır. Məhz son illərdə bu kimi qırıcıların qəzası göstərir ki, onlardan istifadə riskdir. MİG 29-dan imtina edilməklə Pakistan və Çinin birgə istehsalı olan müasir döyüş təyyarələrindən almaq lazımdır. Rusiyanın SU-35 və digər qırıcı təyyarələrinin alınmasına gəldikdə təhlükəsizlik məsələlərinə görə bu ölkədən hərbi təyyarələr alınmamalıdır. Çünki, bu təyyarələrin idarə edilməsində texniki parametrlərinə Rusiyanın müdaxilə imkanları var. Ona görə də Türkiyə, Pakistan, İtaliya və Fransadan yeni nəsil döyüş təyyarələrinin alınmasına başlanmalıdır”.

Ekspert qeyd etdi ki, Azərbaycanın kifayət qədər maliyyə imkanları vardır ki, öz hərbi aviasiya parkını yeniləsin: “Hesab edirəm ki, bu istiqamətdə addımlar atılacaq. Qeyd edim ki, İtaliyadan və Pakistandan təlim üçün təyyarələr alınıb. Onları silahlanmaya cəlb etmək mümkündür. Görünür, bu təlim təyyarələrinin alışından sonra bunların hərbi təyinatlı təyyarələrinin alınması reallaşacaq. Pakistan ölkəmizə Çinlə birgə istehsalı olan təyyarələrin verilməsində maraqlıdır. Həmçinin Azərbaycanın Pakistanla birgə JF-17 qırıcılarının istehsalı ilə bağlı zavodun tikilməsi də planda var. Belə olan təqdirdə bizim yaxın perspektivdə müasir və daha da təhlükəsiz qırıcılara sahib olmağımız reallaşa bilər. Bu da Cənubi Qafqazda Azərbaycanın havada üstünlüyünü daha da saxlayacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR