İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər yeri ədəbiyyat edib, hara getdilər? - Məşhur kampaniyanın aqibəti...

1027 14.12.2018 19:00 Mədəniyyət A A

Oktyabr ayının əvvəlində bir qrup şair və yazar diqqəti ədəbiyyata yönləndirmək üçün sosial şəbəkədə “Hər yer ədəbiyyat” haştaqı ilə kampaniyaya başladı. Onlar “Ədəbiyyat həyatdan maraqlıdır. Müasir yazarlar sizin üçün yeni bir dünya yaradıb. Həyatınızı dəyişmək istəyirsinizsə, sizi bu dünyaya dəvət edirik”-, sözləri ilə millət vəkillərinin, ictimaiyyətin tanınmış simalarının, sənətçilərin də diqqətini çəkməyi bacardı. Bir çox verilişlərdə yazarları, şairləri qonaq edildi, onların kitabları təbliğ olundu. Qısa zamanda istər televiziyaların, istər mətbuatın, istərsə də sosial şəbəkə istifadəçilərinin diqqət mərkəzində olan aksiya yaradıcıları müxtəlif vədlər verərək böyük işlərə imza atacaqlarını dedilər. Hətta, heryeredebiyyat.az adlı saytla yaradıldı və fəaliyyətini davam etdirir.

Lakin hazırda kampaniya diqqətdən kənarda qalıb. Kampaniyanın aqibəti necə oldu? Bu qədər qısa zamanda böyük səs-küyə səbəb olan kampaniyanın diqqətdən kənar qalmasına səbəb nədir? Hazırda hansı işlər görülür? Yeniliklər olacaqmı?



Musavat.com suallara cavab tapmaq üçün kampaniya dəstəkçilərinin fikrini öyrənib. Gənc yazar Ayxan Ayvaz deyib ki, hərəkat dayandırılıb: “ Biz bu hərəkatı istəyirdik ki, daha geniş auditoriyalara çıxaraq. İlk əvvəl yaxşı başlamışdıq. Zamanla gördüm ki, artıq bizim cəmiyyət üçün ədəbiyyat maraqlı deyil. Üstəgəl, maliyyə çətinliyimiz vardı. Və hər birimiz, elə mən də maddi çətinliklərlə üz-üzə yaşayırıq. Ümumiyyətlə, bu hərəkat cəmiyyətin bütün sferalarına yayılsaydı, o zaman uğur qazanıla bilərdi. Təəssüf ki, bir neçə yazar bizə qoşuldu və bacardığımızı elədik. Ən əsası 1 həftə mediada, televiziyada ədəbiyyat söhbəti getdi. Hazırda hərəkat dayanıb. Mən yoruldum və tərk etdim. Digər yazar dostlar da fəaliyyəti davam etdirmədi. Heç kimi qınamaq lazım deyil. Biz əlimizdən gələni etdik, bu hərəkat nə zamansa tarixdə qalacaq. Sadəcə tək əldən səs çıxmaz. Bu qədər. Ədəbiyyat artıq heç kimə lazım deyil. Buna görə də hərəkata da ehtiyac yoxdur. Əgər bizim istədiyimiz kitab şəbəkəsi, kitab bazarı yaradılsa və yaradıcı adamlara şərait yaradılsa, hərəkat məqsədinə çatmış olacaqdı. Amma olmadı...”

Yazar Aysel Əlizadə isə qısa zamanda populyar olan kampaniyanı 2019-cu ildə davam etdirəcəklərini bildirib: “Biz kitaba xeyli diqqət çəkdik. Daha nə olsun? Bu istiqamətdə davamlı işlər görmək lazımdır. Yenilikləri gələn ilə saxlamışıq”.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR