İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər gün Sumqayıtdan Qubaya gedən müəllimə... - Kənd məktəblərində bir gün - REPORTAJ, FOTOLAR

4696 14.02.2019 21:21 Reportaj A A

Təhsil Nazirliyi bir qrup jurnalistin iştirakı ilə fevralın 13-də Quba rayonuna mediatur təşkil edib.

Musavat.com xəbər verir ki, əvvəlcə media nümayəndələri  şəhid İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində fəaliyyət göstərən İcma əsaslı Uşaq Təhsil Mərkəzi ilə tanış oldular.

Jurnalistlərə məlumat verən layihənin rəhbəri İlahə Rəsulova bildirdi ki, Təhsil İnstitutunun Avropa İttifaqının maliyyə dəstəyi əsasında həyata keçirilən “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində fəaliyyət göstərən mərkəzdə məşğələlərə 22 nəfər 3-4 yaşlı uşaq cəlb olunub: "Layihəyə uyğun olaraq, mərkəzdə dərslər  hər biri 2-2,5 saat olmaqla həftədə 4 dəfə təşkil olunur. Dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrup tərəfindən hazırlanmış proqram əsasında keçirilir. Layihənin əsas məqsədi icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır. Layihə özü oktyabrda, dərslər isə yanvar ayından başlayıb.  Yaxın zamanlarda da aktiv valideynlər seçilib valideyn asssosiasiyası təşkil ediləcək. Layihə avqustun əvvəlinə kimi nəzərdə tutulub".

Mediatur iştirakçıları mərkəzdə keçirilən məşğələləri, həmçinin müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan və həvəsləndirmə tədbirləri çərçivəsində burada çalışan müəllimlərin dərslərini izlədilər.

Qonaqlara məlumat verildi ki, Qəçrəş kənd tam orta məktəbi 2006-cı ildə Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında tikilib. Hazırda məktəbdə təhsil alan 409 şagirdin təlim-tərbiyəsi ilə 38 nəfər pedaqoji işçi məşğul olur. Məktəbəhazırlıq qruplarında isə 36 uşaq təhsil alır.

24 yaşlı Maral Yusifova bu məktəbdə alman dili müəllimi işləyir. O, dərs keçmək üçün hər gün Sumqayıtdan Qəçrəşə qədər yol qət edir. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında 45 bal toplayan M.Yusifova Qəçrəş kənd məktəbinə təyinat alıb. Həmin vaxtdan indiyədək orada çalışır.

Gənc müəllimə musavat.com -a açıqlamasında bildirdi ki, o, eyni zamanda Azərbaycan Dillər Universitetinin alman dili ixtisası üzrə magistr təhsili alır: "Sumqayıt şəhərində yaşayıram. Hər gün Sumqayıtdan atam məni Qubaya gətirir, burada gözləyir. Dərsim bitəndən sonra Bakıya qayıdıb magistr təhsili alıram. Çətinliklərə baxmayaraq, sənətimi sevdiyim üçün bu iş məni daha da ruhlandırır. Məqsədim şagirdlərə alman dilini öyrətmək və onların dil bacarıqlarını inkişaf etdirməkdir. Şagirdlərim də dərsi yaxşı qavrayırlar". 

22 saat dərs yükü olan gənc müəllim 400 manat məbləğində  əmək haqqı alır. 

Məktəbin digər gənc müəlliməsi Nigar Bəşirova Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirdikdən sonra pedaqoji fəaliyyətə Quba rayonunda başlayıb. Nigar Bəşirova işini sevdiyini, evindən çox uzaqda yaşamasının  onun üçün ciddi çətinlik yaratmadığını deyir: “Düşünürəm ki, gənc müəllimlər getdikləri yerə yeni nəfəs gətirirlər. Kənd uşaqlarının dərsinə köməkçi olmaq, onlara nə isə qazandırmaqda az da olsa payının olması insanı sevindirir. Pedaqoji fəaliyyətimi davam etdirib sonra magistr təhsili alacam. Uşaqların hamısı ilə çox yaxşı münasibətimiz var. Tarix fənninə olan həvəsləri yüksəkdir.  Uşaqların müəllimə hörməti, dərsə hazırlığı çox yaxşıdır".

Elə rayonun özündə kirayə yaşayan Nigar müəllimə şəhərin səs-küyü üçün darıxmadığını deyir: “Artıq bura öyrəşmişəm. Bakı ilə müqayisədə şagirdlərin bilik səviyyəsində fərq var. Son üç ildə uşaqların nəticələrində fərq hiss olunur".

Məktəbin biologiya müəlliməsi Gülər Abdullayevanın isə cəmi 23 yaşı var: "44 balla qəbul olmuşam. Nüğədi kəndində təcrübədə olduğum zaman   buranın təbiəti, insanları mənə olduqca maraqlı gəlmişdi. Elə seçim edəndə ilk yerdə Qəçrəş məktəbini yazmışdım. 2017-ci ildən burada işləyirəm. Uşaqların dərsə marağı  indi yaxşılaşıb. Müxtəlif metodlarla dərs keçirəm deyə maraq artır. 24 saat dərs yüküm var. Özüm isə əslən Şəmkir rayonundanam".

Sonda məktəbin direktoru Həbib Hacıyevlə söhbətimiz zamanı o, bildirdi ki, son 5 ildə məktəbə 13 yeni müəllim işə qəbul olunub.

Həbib Hacıyev özü də məktəbə bu il direktor təyin olunub.  2006-cı ildən məktəbin ibtidai sinif müəllimi, 2009-cu ildən isə təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq çalışıb: “Bu il direktrların işə qəbul müsabiqəsində iştirak edərək müvafiq bal topladım və direktor seçildim. Bundan əvvəlki məktəbimiz 1962-ci ildə inşa edilmişdi. özüm də orda təhsil almışdım.  Məktəbimizə yeni gələn gənc müəllimlərin sayəsində təhsil uğurlarımız artıb. 2 il bundan əvvəl bir şagirdimiz 674 bal toplayaraq Bakı ali neft məktəbinə qəbul olub. son iki ildə 20 nəfər ali məktəbə qəbul olub. Bütün müəllimlərimiz var.

Daha sonra qonaqlar 2-ci Nügədi kənd 3 nömrəli tam orta məktəbə yollandılar. Məktəbdə dərs deyən Sumqayıtdan gəlmiş gənc müəllimlərin dərsləri izlənildi.

Riyaziyyat müəlliməsi Kəmalə Fazilova müəllimlərin işə qəbul imtahanında 52 bal toplayaraq buranı seçib. Dediyinə görə, burda dərs keçmək ona çox rahatdır. 23 yaşlı gənc müəllimə şagirdlərin dərs səviyyəsini irəlilətmək üçün çalışdığını dedi.

Kimya müəlliməsi Arzu Məmmədovanın da 22 yaşı var. İkinci ildir ki, kimya müəlliməsi kimi çalışır.  İlk ili Lerikdə dərs deyib. Ora çox uzaq olduğundan bu il yenidən imtahan verərək bu məktəbi seçib. Uşaqlara kimyanı sıfırdan öyrətməyə çalışan müəllimə deyir ki, yuxarı siniflərlə işləmək daha rahatdır.

Məktəbin direktoru Müşfiq Bilalov bildirdi ki, 2-ci Nügədi kənd 3 nömrəli tam orta məktəb 1964-cü ildə yaradılıb, 2012-ci ildə məktəb üçün yeni bina tikilib: "Hazırda məktəbdə 334 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 28 müəllim məşğul olur. Eyni zamanda  təhsil müəssisəsində 2 məktəbəhazırlıq qrupu var, bu qruplarda 35 uşaq təhsil alır. Cari tədris ilində məktəbə 3 müəllim işə qəbul olunub. Onların ikisi Sumqayıtdandır. Ötən il 16 şagirddən 4-ü ali məktəbə qəbul olub. Məktəb olaraq əsas hədəfimiz bütün məktəblər kimi ön cərgələrdə olaq. Çalışırıq ki, öz arzumuza çataq. Bunun üçün şagirdlərlə çox işləmək lazımdır".

Jurnalistlər məktəbdə yaradılan İcma əsaslı Uşaq Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış oldular. Məlumat verildi ki, mərkəzdəki məşğələlərə 20 nəfər 3-4 yaşlı uşaq cəlb edilib. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası - sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir.

Mediatur iştirakçılarına məlumat verilib ki, 2-ci Nügədi kənd 3 nömrəli tam orta məktəb 1964-cü ildə yaradılıb, 2012-ci ildə məktəb üçün yeni bina tikilib. Hazırda məktəbdə 334 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 29 müəllim məşğul olur.

Təhsil İnstitutunun Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində fəaliyyət göstərən İcma əsaslı Uşaq Təhsil mərkəzləri 10 bölgəni - Ağcabədi, Biləsuvar, Cəlilabad, Goranboy, Masallı, Sabirabad, Salyan, Şəmkir, Quba və Xaçmaz rayonlarını əhatə edir.

Layihə çərçivəsində bölgələrdəki ucqar kəndlər və sərhəd zonası da daxil olmaqla, ümumilikdə 50 icma əsaslı Məktəbəqədər Təhsil Mərkəzi fəaliyyət göstərir. Hər mərkəzdə orta hesabla 20 nəfər 3-4 yaşlı uşaq olmaqla, ümumilikdə 1000 nəfərə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib.

Əli Rais,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR