Niyazi Mehdi: “Azərbaycanda bir saatlıq çıxışın yaxşı qiyməti 100-150 manatdır və mən də buna razı olardım”
Ərəstun Oruclu: “Amerikada bir çıxışıma görə 600 dollar ödədilər”
İkram İsrafil: “Biz hələlik səsimizi və nitqimizi təmənnasız olaraq dövlətimizin inkişafı üçün sərf edirik”
Bu yaxınlarda dünya mediası Klintonlar barədə maraqlı xəbər yaydı. Xəbərə görə, Bill Klinton 2001-ci ildə ABŞ prezidenti postunu tərk edəndən bəri nitqlərindən 100 milyon dollar qazanıb. Hər nitq ortalama 200 min dollara düşür.
"Azadlıq" radiosu xəbər verib ki, Bill Klintonun həyat yoldaşı Hillary Klinton da dövlət katibi vəzifəsindən gedəndən sonra fəal şəkildə natiqlik peşəsi ilə məşğuldur. Xanım Klintonun sözçüləri onun bir nitqinin qiymətini açıqlamaqdan imtina ediblər, amma mətbuat yazır ki, bu rəqəm rahat şəkildə altırəqəmli ola bilər. Amma Hillary natiqlik sənətində ən azı kəmiyyət baxımından hələ ki ərinə çata bilməz. Bill Klinton son 12 il ərzində 544 ödənişli nitq söyləyib. Çıxış etdiyi tədbirlər fərqli olub. Kiçik tədbirdəki çıxışına aşağısı 28 min dollar qonorar alıb, ən böyük tədbirdəki nitqindən isə 750 min dollar qazanıb. Bill Klinton ölkəsindən kənarda yetərincə populyardır.
Elə bu diqqətçəkən məlumat da bizə Azərbaycanda natiqlik işinə görə qazanılan paralarla bağlı sorğu keçirməyi mütləq etdi. Palitranı bir qədər zəngin seçdik. Ölkəmizdə bir çox sahələr üzrə tanınmış şəxslərdən, ekspertlərdən soruşduq: nitqinizi. səsinizi neçəyə satarsınız? Nə zamansa bu cür təklif almısızmı?
Tanınmış filosof Niyazi Mehdi qoyduğumuz suala, qurduğumuz modelə dəyişiklik etmək lazım gəldiyini deyib, fikrini belə izah etdi: “Çünki sual «neçəyə satardınız?» biçimində abstrakt qoyulanda deyərdim bir çıxışıma görə 2-3 min istəsəydim, vicdan əzabı çəkməzdim. Ancaq konkret konteksti götürsək, bir saatlıq çıxışın Azərbaycanda yaxşı qiyməti 100-150 manatdır və mən də buna razı olardım. O ki qaldı Klinton kimi adamlara, 200 000 min dollar təkcə onların çıxışı üçün deyil. Heç inanmıram ki, bu çıxışlarında onlar güclü yeni düşüncələr desinlər. 200 000 dollar o çıxışın arxasında duran siyasi bioqrafiyaya verilir. Eyni zamanda bu bioqrafiyanın ötüb keçdiyi ABŞ siyasi yaşamına, rejiminə verilir. Ona görə də həmin bioqrafiyadan daha güclü olan bir hind və ya rus prezidentinə o qədər pul verməzlər. Başqa bir çalar: Putinin Ukraynada törətdiyi olay nə qədər nifrət törətsə də Rusiyanın dünyada yerinə görə bu olay onun çıxışlarını xeyli bahalandıracaq. İndi bu baxımdan baxın Azərbaycana - qiymətimizin artması üçün Azərbaycanın da qiyməti artmalıdır”.
Konkret özünə gəlincə, N.Mehdinin cavabı ironik oldu: “Uzaq keçmişdə 20 səhifəlik məqaləyə görə 2000 dollar almışam, indiyənəcən xərcləyib qurtara bilmirəm”.
Seçki və media mövzusunda ekspert olan MSK-nın keçmiş mətbuat xidmətinin rəhbəri Azər Sarıyev özünü nitqləri baha paraya satıla biləcək insanlardan saymır: “Başqası bu sualı mənə versəydi, düşünərdim ki, yəqin məni dolayır. Amma bir məsələdə var ki, bizim cəmiyyətdə kifayət qədər özündənrazı və sanbalsız adamlar var ki, hesab edirlər ki, onların nitqi və yazısı Klintonunkundan da dəyərli və bahadır. Sizin sorğunun nəticələri mən dediyimi təsdiq edəcək. Bu sahədə çalışmışam. 10 il yarım MSK-da. 17 il media sahəsində çalışsam da, özümü özünü ekspert sayan ”dahilər" kimi xüsusi çəkili adam saymıram".
Şairə-jurnalist Günel Mövlud da bu günə qədər bir çox tədbirlərdə mühazirələrlə çıxış edib. Amma müsahibimiz təəssüf edir ki, Azərbaycanda nitqlərə, mühazirələrə qonarar ödəmək mədəniyyəti hələ formalaşmayıb: “Təsəvvür edin, ömrü boyu oxu, öyrən, əsəb, vaxt xərclə. Sonra səni mühazirəçi kimi dəvət edəndə də elə bilsinlər ki, sənin borcundur gəlib orda iki saat danışasan. Müğənni çağıranda yarım saatlıq fonoqrama rahat 500-1000, nə bilim, bəzən 5000 manat verən adamlar qələm adamının, fikir adamının nitqinə hörmət qoymurlar”.
G.Mövlud dedi ki, bir neçə dəfə müəyyən tədbirlərə mühazirəçi qismində dəvət olunub. Həmişə də şərt qoyub ki, simvolik də olsa, qonorar olmalıdır: “Ola bilər ki, o pul mənim heç bir problemimi həll etməsin. Amma istəyirəm ki, qələm adamının vaxtına, biliklərinə hörmət eləməyi aşılayım. Həmişə də razılaşıblar və müəyyən məbləğdə qonorar almışam. Amma təbii ki, vacib şərt pul deyil. Publikanın necəliyi, tədbirin mahiyyəti, təşkilatçıların kimliyi də vacibdir. Sadəcə, qonorar verilir deyə harda gəldi çıxış etmək olmaz”.
Müsahibimiz dedi ki, Azərbaycanda mühazirələrdən böyük məbləğdə pul qazanılmasından danışmaq gülməli olar: “Hələ ki bu mədəniyyəti formalaşdırmaqla məşğuluq”.
“Şərq-Qərb”Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirdi ki, bu sahədə standart qiymət yoxdur: “Bu, daha çox mövzuya, ekspertin mövzu ilə bağlı nə dərəcədə səlahiyyətli, ranqlı olması, auditoriyası ilə bağlıdır. Konkret belə təkliflər almışam, çıxışlarım olub. Məsələn, bir neçə il öncə ABŞ-da bir universitetdə çıxış etmişəm. İran-ABŞ hərbi qarşıdurmasının Cənubi Qafqaza təsiri mövzusunda olan çıxışım 600 dollar civarında qiymətləndirildi. Müqavilə ilə olub, vergisi tutulub”.
Müsahibimiz başqa ölkələrdə də bu sayaq çıxışlarının olduğunu xatırlatdı. Ə.Oruclu Azərbaycanda belə bir ənənənin olmamasından təəssüfünü bildirdi: “Azərbaycanda da bunu QHT-lər edirlər. Amma onların da pulu yoxdur. Ona görə də bu cür çıxışlar əsasən təmənnasız edilir”.
Millət vəkili İkram İsrafil isə hesab edir ki, Bill Klintonun səsini və nitqini bu gün satmaq imkanı əldə etməsinin səbəbi ondan öncəki liderlərin və bütövlükdə Amerika xalqının uzun illər uğrunda mübarizə apararaq qurduqları və bu günə daşıdıqları Amerika dövlətidir: “Düşünürəm ki, belə bir dövlət quran önçəki liderlərin bəlkə də hər nitqi və səsi pulla ölçülməyəcək qədər dəyərli olub, nəinki Klintonun. Odur ki, biz hələlik səsimizi və nitqimizi təmənnasız olaraq dövlətimizin inkişafı üçün sərf edirik. Doğrudur, konkret olaraq, təklif almamışam və belə bir təklif olsa belə yenə təmənnasız olar”.
Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağalıyev dedi ki, istək və bacarıq ölçüləri içində daha çox qazanmaq istəyi təbiidir: “Burda özümüzdən və mühitdən asılı olan səbəbləri nəzərə almalıyıq. O qədər geniş olmasa da həm media eksperti, həm də yazar olaraq təcrübəm var. 2010-cu ildə təqdim olunan ssenari əsasında povest və ya hekayə yazıb, indiki 8-9 aylıq qazancımdan daha çox qonorar almışam. Media hüquqçusu olaraq özəl ali məktəblərə mühazirə üçün dəvət olunmuşam, sosial, maddi-texniki mühit, təbii ki qonorar heç cəlbedici olmadığından yarım il dözmüşəm. Əsasən seminar-treninqlərdə təcrübəm var. Bu sahədə isə ekspertlər üçün ortalama qonorar həddi bəllidir - bu yarım və ya bir gün üçün təxminən 150-300 AZN təşkil edir. Media ekspertinin bu çərçivədən kənara çıxa bilməsi indiki durumda çox çətindir”.
X.Ağalıyev xatırlatdı ki, ABŞ-ın İrana hücum edəcəyi barədə ilk yazını amerikalı jurnalist Seymur Xerş yazmışdı. Yazıdan 1 il sonra jurnalist bildirib ki, həmin məqaləsi ilə bağlı müxtəlif konfranslardakı çıxışlarına görə 10 milyon dollardan artıq qonorar alıb: “Azərbaycan mühiti üçün belə nümunələr ağlagələn olmadığı kimi, hansısa ekspertin öz düşüncəsini, baxış, biliklərini daha baha satması da mümkün görünmür. Amma təbii ki, biz özümüzü gəlişdirməli olduğumuzu yaddan çıxarmamaqla daha əlverişli, biliklərimizi daha layiqli qiymətə sata biləcəyimiz mühiti arzulayırıq”.
Sevinc TELMANQIZI