İnsanlara hürriyət, millətlərə istiqlal!

HEPİMİZ QRİPİZ

1560 31.01.2011 05:50 Yazarlar A A
O gün Respublika Gigiyena və Epidemilologiya Mərkəzindən verilən məlumatı oxudum. Sağ olsunlar, bu soyuq qış günündə içimizi “isidiblər”. Açıqlamada təxminən belə deyilirdi ki, Bakıda soyuqlaşan hava şəraiti ilə əlaqədar olaraq qrip və soyuqdəymə xəstəliyi arta bilər. Havanın soyuması hətta bakılıların xeyrinədir, belə ki, soyuq hava şəraitində qrip virusu daha tez məhv olur. Gördüyünüz kimi, evrika, Amerikanın kəşfi. Yox, haqsızlıq etməyim, sonda qardaşlar bakılılara səhhətlərinin qeydinə qalmağı və müəssisələrdə işçilər üçün müvafiq temperatur rejimini təmin etməyi məsləhət görüblər. Elə bilərsən, açıqlama Səhiyyə Nazirliyindən yox, bir tin aralıda yaşayan rəfiqənizdən gəlib. Ayağını qalın elə, başını sərin tipində. Tibdən kilometrlərlə uzaq.
Qışdır, hava soyuyub, qripin olması da təbii sayıla bilər. Amma Səhiyyə Nazirliyi bunun epidemya həddinə çatmadığını israrla təkrarlayır. Əgər orta hesabla hər ailədə bir nəfər qripdən əziyyət çəkirsə, bu, artıq epidemiya sayılmazmı? Üstəlik, bu, uşaq cığallığı nədir? 2006-cı ildə “quş qripi” təhlükəsi yayılanda da eyni mənzərə yaranmışdı. Rayonlarda quşlar kütləvi qırılırdı, ölü quşlardan tərpənməyə yer qalmamışdı, baytarlar bir tərəfdən, həkimlər o biri tərəfdən yaxa cırırdı ki, yox, bu adi haldır. Sonra Salyanda bir məktəbli xəstəlikdən öldü, yenə daş atıb başlarını tutdular ki, yox, adi qripdir. Səhiyyə Nazirliyinin timsalında bu hökumətdə belə bir təsəvvür var ki, guya adımız qrip epidemiyalı ölkə kimi hallansa, imicimizə zərbə dəyər. Halbuki bu günə qədər biz nə “epidemiya”ların qurbanı olmuşuq, adımız nə beynəlxalq hesabatlarda hallanıb, amma hələ ki sağıq. Qripə görə də xəcil olmarıq.
Almaniyadan, İngiltərədən, Ukraynadan... hər gün “donuz qripi”ndən əziyyət çəkənlərin, dünyasını dəyişənlərin xəbəri yayılır. Bununla belə, profilaktik tədbirlər də gücləndirilir. Yollarda maska, iş yerlərində pulsuz dərman paylayırlar, məktəblərdə karantin elan edirlər... Yəni, bir ölkənin Səhiyyə Nazirliyinin üzərinə hansı vəzifə düşübsə, onu da edirlər. Amma biz yazıqlar hələ başımıza gələnin nə olduğundan xəbərsizik. Nazirlik səviyyəsində bu bəla etiraf olunmur, həkim tayfasına inamımız qalmayıb. Girirsən aptekə, qrip dərmanı adı ilə hərə öz müqavilə bağladığı şirkətin bahalı dərmanını sırımağa çalışır.(Necə deyərlər, qrip yaxşıdır, ətrafı pis - S.T) Biz də məcbur oluruq Cəhrə arvad sayağı eşşək südüylə balı qarışdıraraq dərdimizə dərman axtarmağa...
O gün həmkarlardan biri deyirdi ki, guya bu kimi hallarda yuxarıdan həkimlərə tapşırıq gəlir, onlar da panika yaratmamaq üçün müraciət edən xəstələrə “adi qrip” diaqnozu qoyurlar. Lap göstəriş gəlməsə də. Allaha şükür, bizim əksər həkimlər nə öz üzərlərində işləyirlər, nə də dünya tibbindən, yeni xəstəliklərdən xəbərləri var. Bəlkə heç çoxları “donuz qripi” ilə “quş qripi”nin əlamətləri arasındakı fərqi də bilmir.
Elnən gələn dərd toy-bayramdır söhbəti isə ucuz demaqoqiyadan başqa bir şey deyil. İldə hərəsi 20-30 milyon manat olmaqla neçə-neçə keçidə, körpüyə maya qoyurlar, bir asfaltı yamamaq üçün hər mövsüm neçə milyonu uf demədən küçəyə tökürlər, hələ mən cırılan bayrağı yada salmıram. Doğrudanmı insan həyatı bunların heç biri qədər dəyərə malik deyil? Bu qış məktəblərin, iş yerlərinin istilik təchizatını təmin etmək, təhsil müəssisələrində bir neçə günlük karantin elan edib, dezinfeksiya işləri görmək, pulsuz dərman paylamaq, peyvənd etmək... çoxmu çətin işdir? İnsanına kapital qoyulmayan ölkədə daşa-divara nə qədər pul xərcləmək olar görəsən?
Hər şey cəhənnəm... Barı bu məsələdə camaatın başına corab hörməsinlər. Bir zəhmət, xəstəliyin adını da, müalicəsini də, yayılma faizini də açıqlasınlar, yaxında-uzaqda yaşayan qohum-əqrəbadan, internetdən, dərman alverçisindən soraqlaşıb, dərdimizə çarə tapaq. Guya bu günə qədər başımıza gələn hansı bəlanı özümüz dəf etmədik ki?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR