Ötən il iyunun 4-də media ictimaiyyəti iki tanınmış jurnalistin həlak olması ilə sarsıldı. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov xidməti ezamiyyət zamanı işğaldan azad edilən Qarabağda, Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək həlak oldular.
Musavat.com xəbər verir ki, ötən gün Sumqayıtda Sirac Abışovun, bu gün isə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində Məhərrəm İbrahimovun vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Mərasimdə "AZƏRTAC"ın İdarə heyətinin sədri Aslan Aslanov, AZTV-nin sədri Rövşən Məmmədov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov,İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Ağ Partiya başqanı Tural Abbaslı, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
M. İbrahimovu və Sirac Abışovu minaya düşmədən öncə son görən çəkiliş qrupunun rejissoru Emin Məmmədov həmin anları bugünkü kimi xatırlayır,ən xırda detala qədər...:"8 ay birlikdə olduq, 2 yaxın dostu bir gündə itirmək çox çətindir. Sözlə ifadə etmək mümkün deyil. Bir il bir gün kimi keçdi. İyunun 4-ə qədər Kəlbəcərin 15 kəndini çəkmişdik. İyunun 3-ü axşam tapşırıq gəldi ki, daha 4 kəndi çəkmək lazımdır. O 4 kənddən biri də Susuzluq kəndi idi. Səhər oyananda Məhərrəmə dedim ki,işimizi bitirəndən sonra İstisuda çimərik. Məhərrəm yeni paltarlarını geyindi. Mənə qəribə gəldi ki,adam çiməndən sonra təzə paltar geyinər də. Həmişə deyib gülən Siracın isə kefi yox idi. Kamera bir neçə dəfə xarab olmuşdu,oranın relyefində hərəkət etmək asan deyil,biraz da yorğunluq var idi. Yerinə başqa birinin göndərilməsinə də razılıq verməmişdi ki,işimi sona qədər görəcəm. İyulun sonuna qədər işimizi bitirməli idik. İyunun 4-də xəbər gəldi ki, "Kamaz" xarab olub, biz də düşündük ki, çəkiliş ləğv olunacaq. 40-45 dəqiqə sonra sürücü dedi ki,maşın işə düşdü. Qərara gəldik ki, çəkilişə Susuzluq kəndindən başlayaq. Heç vaxt "Kamaz"ın kabinində oturmamışdıq. Bu dəfə Məhərrəmlə mən oturmağa qərar verdik. Kamil (icra nümayəndəsi) yola bələd olub-olmadığımızı soruşdu. Təbii ki,bələd deyildik. Buna görə yerdəyişmə etdik, Məhərrəm arxaya keçdi. 10 metr qalmışdı,kəndi görürdük ki,partlayış baş verdi. Sürücünün oturacağı alovlandı,maşından dərhal çıxdıq. Maşının sağ orta hissəsində yarı bədən gördüm,icra nümayəndəsi idi,sağ idi,kömək istəyirdi. Onu maşından kənarda qoyub geri qayıtdıq. Siracı,Məhərrəmi çağırırdım. Məhərrəmi gördüm, amma Siracı yox. Siracın oturacaqda kamerası və jileti qalmışdı. Üzümdən maye axırdı,əlimi vurdum gördüm qandır. Sol tərəfim işləmirdi. Müdafiə Nazirliyinə xəbər verdik. Bizi aparmaq üçün "Niva" markalı maşın gəldi. Hospitala çatmağa az qalmış xəbər gəldi ki, Siracın cəsədini tapıblar,dərədən təxminən 400 metr kənara düşmüşdü. Qismətləri ora qədər imiş. Ağır faciə idi. Allah rəhmət eləsin!"
Hərbi jurnalist Rahib Qərib M.İbrahimovun Qarabağa getmək üçün necə can atdığını xatırladı: "Çalışdığım "Xalq qəzeti" nin redaksiyası "AZƏRTAC" la eyni binada yerləşir. Məhərrəmi şəxsən tanıyırdım. Çox səmimi insan idi. Hələ müharibə başlamamışdı. Məndən işğaldan azad edilən ərazilərə getməyin yolları ilə bağlı məsləhət alırdı. Çox can atırdı. Hərbi reportyorlar canını sanki satın alır. Mənim də başıma gəlib. Füzulidə döyüşdə böyük batalyon həlak olmuşdu. Bizi isə mühafizə edirdilər. Açığı,bəzən buna görə xəcalət çəkirik....Allah həmkarlarımıza rəhmət eləsin!".
Ağ Partiya başqanı Tural Abbaslı hesab edir ki, Ermənistanın mina xəritələrini təqdim etməməsi müharibə istəyinin göstəricisidir: "Hələ də diversantların fəaliyyət göstərməsi müharibə istəyinin olması ilə bağlıdır. Jurnalistlərin həlak olduğu ərazidə mina sonradan basdırılıb. Bunları nəzərə alaraq, Ermənistanın əsl üzünü göstərməliyik. Fürsətdən istifadə edərək təklif edirəm ki, şəhid jurnalistlərimizə "Milli qəhrəman" adı verilsin. Bilinsin ki, biz təkcə ordu olaraq yox, xalq olaraq müharibə aparmışıq. 1-ci Qarabağ müharibəsində məğlub olsaq da, qəhrəmanlarımız çoxdur. Qalib dövlət kimi qəhrəmanların sayı daha çox olmalıdır. Düşünürəm ki, bu iki şəhid jurnalistimizdən başlasaq, daha yaxşı olar. Partiyamız bu məsələni diqqətdə saxlayacaq".
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Musavat.com-a açıqlamasında Ermənistanın Azərbaycana qarşı bir çox müharibə cinayətləri törətdiyini qeyd etdi: "Hazırda ən böyük problem işğaldan azad edilmiş ərazilərin minalanmasıdır. Dünyada ilk hüquq təhlükəsiz yaşamaq hüququdur. Təəssüf ki,Qarabağlılar bu hüquqdan məhrum olublar. Qarabağ minalardan təmizlənəcək. Ombudsman aparatı bu məsələni mütəmadi diqqətdə saxlayır. Tərəfimizdən iki hesabat hazırlanıb, bu sahədə fəaliyyət göstərən təşkilatlara və xüsusi reportyorlara göndərilib. İki jurnalist və bir mülki şəxs peşə fəaliyyətini həyata keçirərkən mina qurbanı oldular. Bu müddətdə itkilərimiz çox olub. Təəssüf ki, bunun qarşısını almaq mümkün deyil. Ermənistan tərəfi minaları elə yerləşdirib ki, bu,ağlagəlməz cinayət hesab oluna bilər. Təkcə, Füzulinin əhalisi işğaldan öncə 120 minə yaxın idi, amma Ermənistanın boynuna aldığı rəqəm 98 mindir. Təqdim olunan xəritələrin 25%-i doğru imiş. Minaların təqdim olunmaması cinayətdir. Azərbaycana kompensasiya ödənməlidir. Qarabağın minalardan təmizlənməsi zaman və vəsait tələb edir".
Xatırladaq ki, 2021-ci il iyunun 4-də saat 11:00 radələrində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, "AZƏRTAC"ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev tank əleyhinə minaya düşərək həlak olublar.
Məhərrəm İbrahimov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mayın 1-də Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsində şəhid jurnalist Məhərrəm İbrahimovun yaşadığı evdə xatirə lövhəsinin açılışı olub.
Allah şəhid jurnalistlərimizə rəhmət eləsin!
Nigar HƏSƏNLİ,
Fotolar müəllifindir,
Musavat.com






