Azərbaycanda koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb içilərinin maaşına mart ayından etibarən artım edilib. Bu, iyul ayına qədər davam edəcək. Belə ki, "Nazirlər Kabineti" nin qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilir:
- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;
- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;
- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
Bu Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.
Qərara əsasən, Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılır ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini 5 (beş) gün müddətində hazırlayıb Nazirlər Kabineti təqdim etsin. Bu bənd hələ təqdim edilmədiyi üçün heç kim deyə bilməz ki, kiməsə əmək haqqı verilib və ya nəsə ödənilib", - deyə məlumatda qeyd edilib.
Bəs bu ödənişlərin verilməsi necə həyata keçirilir? Həkimlərə ayrılan vəsaitə baş həkimlərin və ya digər hansısa şəxslərin qarışmaq imkanı varmı? Bu prosesə necə nəzarət edilir?
Musavat.com-a danışan TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, həkimlərin maaşına edilən artıma kimsə qarışa bilməz:
"Bu proses hansısa baş həkim tərəfindən tənzimlənmir. Maliyyə məsələləri və onların ödənilməsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məşğul olur. Ona görə də ödəmələrdə hər hansı bir problem çıxa bilməz. Məsələyə dövlətin nəzarəti var və vəsaiti kimsə mənimsəyə bilməz".
Əli Rais,
Musavat.com






