İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkimlər və məşqçilər arasında

2390 01.07.2020 08:10 Yazarlar A A

“Hər dərədə bir at öldürüb, baytar olub”

(ata sözü)

Hökumət koronavirus qarşısında tədbir görə bilmir və insafən onu bunda çox qınamaq olmur. Vəziyyət yenidir, bu vəziyyəti de-fakto dünyada heç kim öncədən planlaşdıra bilmədi. O baxımdan hamı səhvlər üzərində öyrənməkdədir. “Niyə filan vaxt filan tədbiri gördünüz, indi başqa əlac arayırsınız” deməyə nə var? Keçmişə belə baxış bucağıyla qiymət vermək çox asandır, biz bunu çox yaşamışıq, hətta AXC hakimiyyətinə münasibətdə bunun anekdotunu da düzəltmişik. Görürdün hər kəs deyirdi: “O vaxt bəyə dedim, a bəy, filan şeyi filan cür elə, eləmədi, bu da axırı...” Nəticədə “bəyə dedim, a bəy” afyorizmi ortaya çıxmışdı.

Hələ bəzən görürsən kimsə video yayır: “Məni xəstəxanaya atıblar, dərman-zad eləmirlər”. Qardaş, bunun dərmanı var ki, eləsinlər? Elə dərmansız dərd olduğundan problemlidir də.

Ancaq elə orqanlar var ki, onların yaxasını tutmaq lazımdır, bunlardan biri Dünya Səhiyyə Təşkilatıdır. Srağagün DST şefi Tedros müəllim bəyan etmişdi: “Çinə nümayəndə heyəti göndərəcəyik, virusun yaranması haqda suallara aydınlıq gətirməliyik. Bu, virusla mübarizə üçün vacibdir”. Bah. Tez deyilmi? Zəhləmgetmiş Tramp neçə aydır boğazını cırır ki, bu zibilin ortaya çıxmasında Çinin günahı var - fikir vermirdilər, hətta təkzib edirdilər. Ancaq zaman keçdikcə COVİD-19-un doğrudan da insan mənşəli, hərb sənayesinin məhsulu, nəsə bioloji silah olması ehtimalları güclənir. Təbiət belə dözümlü virusu çətin yaradardı, ən azı Günəş altında virus ölməliydi.

Qayıdaq öz ölkəmizə, hərçənd iqtisadiyyat naziri ümidverici açıqlama yayıb, deyir, pandemiyanın Azərbaycan iqtisadiyyatına mənfi təsirləri minimaldır. Əlbəttə. Əgər iqtisadiyyat tamamilə neft-qaz ehtiyatlarından, xammaldan asılıdırsa - buna siyasi ədəbiyyatda petrokratiya deyirlər - ona ağciyər pnevmoniyası törədən virusun nə təsiri olacaq? Uzağı benzini dünyada az işlədəcəklər, o da bir müddətə qədər. Axırda hamı bezib evindən çıxır, harasa gedir, maşın sürür. Pandemiyadan iqtisadi zərərimizin azlığı əslində iqtisadiyyatımızın uğursuzluğunun əlamətidir, çünki belə çıxır bu millətin işləməyi ilə karantində oturmağının hər hansı fərqi yoxdur. Necə deyərlər, dünyada ən sakit yer... qəbiristanlıqdır. Oxşar durum virusa yoluxma statistikasında da yaranıb: bir həftədir ölkə yenidən karantindədir, ancaq gündəlik yoluxma sayı azalmır, hətta bəzi günlər artır. Onda bu karantin nəyə lazımdır?

Dünən səhər yaxınlıqdakı parkda idman məqsədilə qaçıram, birdən görürəm parkın işçisi də mənə tərəf qaçır. Deyir, tez maska tax, indicə polislər yoldan neçə nəfəri tutub apardı və sairə. Yaxşı adamdır, mənə görə narahat olur, istəyir pulum getməsin. Ancaq tragikomik durumdur axı. Maskada qaçmaq olar? Yaxında kimsə yoxdur, maska haqda qərarda da məcburi yerlər arasında park göstərilməyib. Lakin adamları şəxsi avtomobilində maska taxmadığı üçün cərimə edirlərsə, nə deyə bilərsən? Qulağın üç olmadığını sübut eləmək çətinləşibdir. Bəlkə klip çəkmək yerinə belə işlərə diqqət göstərilsin? Qanun və qərar konkret yox, mücərrəd olanda, ona əməl eləmək çətinləşir.

Tibb işçiləri cəlb etmək haqda elanlar oxuyuruq. Hökumət həkim çatışmazlığı yaranmasından qorxur, təhlükə bu yöndə gedirmiş. Gəlin o zaman uzağa getməyək, 2018-ci ili yada salaq. Həmin ilin yayında tibb ixtisaslarına qəbul planı birdən-birə 290 yer azaldılmışdı. Daha konkretləşdirsək, əgər tibbə tələbə qəbulu 2017-ci ildə 1075 yer idisə, 2018-ci ildə 785 olmuşdu. Azərbaycan dövlətinin həkimlər əvəzinə nəyə üstünlük verməsi də o ilki qəbulda bir daha ortaya qoyulmuşdu: bədən tərbiyəsi və idman üzrə qəbul 2017-dəki 1155 yerdən 2018-də qalxıb 1505 olmuşdu! Yəni hökumət burada 350 yer artırmışdı.

İndi bəlkə həmin o işsiz qalmış məşqçiləri təcili yardım həkimi işinə cəlb edəsiniz? Siz özünüz həkimləri yox, bədən tərbiyə müəllimlərini seçmisiniz. Buyurun, işinizi buna uyğunlaşdırın.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR