İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkim aylıq 5 min manat maaşı olan işə adam düzəldəcəkdi, işlədiyi klinikadan da qovuldu TƏFƏRRÜAT  

2297 16.01.2022 21:45 Kriminal A A

 

Bakıda ayrı-ayrı şəxsləri əlillik dərəcəsi düzəldəcəyi vədi ilə aldatmaqda ittiham olunan həkim məsuliyyətə cəlb edilib. Onun bir neçə nəfəri aldadaraq xeyli miqdarda pulunu ələ keçirdiyi məlum olub.

Musavat.com xəbər verir ki, Rəfiqə Salahova 1985-ci ildən 2016-cı ilin iyun ayınadək Nərimanov rayonunda yerləşən 8 saylı poliklinikada kardioloq işləyib. Daha sonra isə “Yeni Nəsil” klinikasında çalışıb. Ondan edilən çoxsaylı şikayətlərdən sonra klinika Rəfiqə Salahovanı işdən çıxarıb.

Onun aldatdığı şəxslərdən biri isə 4 saylı poliklinikada tibb bacısı işləyən Flora adlı qadın olub.

İttihama görə, Rəfiqə Salahova Flora adlı xanımdan oğluna əlillik dərəcəsi düzəltmək üçün pul alıb.

Amma Rəfiqə Salahova deyir ki, Flora ona ayrı-ayrı şəxslərdən pul alaraq əlillik dərəcəsi düzəltməsini istəyib. Bəzi şəxslərin əllilik işini həll ediblər. Rəfiqə Salahova söyləyib ki, işini həll edə bilmədiyi şəxslərin pulunu geri qaytarıb. Digər zərərçəkmiş şəxs Azər adlı şəxsdən isə əlillik dərəcəsi düzəlmək üçün yox, borc olaraq pul alıb. Həmin məbləği də geri qaytarıb.

Zərərçəkmiş Flora M. bildirib ki, oğlunun pensiyası üçün 10 min manat verib. Əlavə olaraq isə oğlunu Dövlət Neft Şirkətinə aylıq 5 min manat maaşı olan işə düzəltməsi üçün Rəfiqə Salahovaya 22500 manat pul verib.

Flora M. qeyd edib ki, Rəfiqə Salahova evini sataraq onun pulu geri qaytaracağını desə də, yenə onu aldadıb. Zərərçəkmiş qadın Rəfiqə Salahovaya əlillik dərəcəsi düzəltmək üçün adam göndərmədiyini söyləyib.

Zərərçəkmiş bildirib ki, daha bir tanışı da Rəfiqə Salahovaya oğluna əlillik dərəcəsi düzəltmək üçün 5 min manat verib.

İş üzrə zərərçəkmiş kimi tanınan Azər adlı şəxs 1993-cü ildə birinci Qarabağ savaşında yaralanıb. O, ölkə xaricində olduğu üçün əlillik dərəcəsi, təqaüd və müəyyən imtiyazlardan yararlana bilməyib. Tanışı Rabil vasitəsi ilə Rəfiqə Salahova ilə tanış olub. Rəfiqə Salahova bildirib ki, Azərin bu günə qədər almalı olduğu pensiya 37 min manatdır. Onun avtomobil, mənzil, eyni zamanda hər ay 700-800 manat pensiya almağına kömək edəcəyini vəd edərək Azərdən 15 min manat pul alıb. Bir neçə dəfə də ona pul verib və ümumilikdə, 30 min manatı bu işin həlli üçün Rəfiqə Salahovaya çatdırıb.

Azər B. qeyd edib ki, pulunu tələb edən zaman Rəfiqə Salahovanın əri maşınını ona verəcəyini deyib. 

“Xahiş elədi ki, 2020-ci ilə qədər ya pulu qaytaracaq, ya da işi həll edəcək. Əri ağladı ki, maşını ondan almayım. Çünki həmin maşınla taksi fəaliyyəti ilə məşğul olduğunu söylədi. Sonra mən öyrəndim ki, Rəfiqə Salahova bir neçə nəfəri bu yolla aldadıb. Ondan pulu tələb edəndə yaşadığı evi sataraq oradan gedib. Sonradan mənə dəymiş ziyan ödənilib”,- deyə zərərçəkmiş Azər B. qeyd edib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlərlə barışıb.

Nərimanov Rayon Məhkəməsi Rəfiqə Salahovanı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

 

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR