
“Heç bir milyonçu gəlib pulunu Qarabağda xərcləməz”
Milli Məclisin üzvü, deputat Zahid Oruc bu fikirləri Rusiyanın ilk milyarderlərindən biri, məşhur fermer Qerman Sterliqovun arvadı və 5 uşağı ilə birlikdə Qarabağa qanunsuz köçünü “Yeni Müsavat”a şərh edərkən söylədi. Deputat xatırlatdı ki, Rusiya kütləvi informasiya vasitələrində Sterligovun iflasa uğraması fonunda bütün mülkiyyətini və iqtisadi planlarını bir kənara ataraq, başını götürüb harasa qaçdığından bəhs olunur: “Lakin gerçəkdənmi Qarabağ o qədər iqtisadi cazibədarlıq qazanıb ki, bir çox iş adamları oraya köçməyə artıq risk etmirlər? Gerçəklik ermənilərin təqdimatından tam fərqlənir və həmin acı reallığı Qarabağ üçün Ermənistan yaradıb.
Bir tərəfdən daimi müharibə təhlükəsi kiçik bir adada hər hansı transmilli layihələrin üzərindən xətt çəkib. Sərkisyanın vaxtilə neft kəmərlərinin nədən Xankəndindən keçmədiyini dilə gətirməsi nə qədər sərsəm bəyanat təsiri bağışlayırdısa, bir o qədər də düşmənin nələri itirdiyini tam miqyasda təsəvvür etməyə imkan yaradırdı. Məhz ona görə də Qarabağda yaşayan əhali təbii müttəfiqindən və hamisindən - Azərbaycandan məhrum olaraq tam kriminal hərbi rejimin təsiri altına düşdü”.
Z.Orucun sözlərinə görə, bu gün Qarabağın kənd təsərrüfatı və sənayesindən danışmaq qeyri-mümkündür: “Çünki bütün yararlı torpaqları əkib-becərmək və orada Kipr modelli bir məkan qurmaq yalnız bizim ölkəmizin gücü daxilindədir. Deməli, Qarabağın inkişafı onun yalnız Azərbaycanın suveren idarəçiliyi altına qayıtmasından keçir. Həmin bölgəyə investisiya qoymaq perspektivli olsaydı, onu ermənilər heç bir rusa güzəştə getməzdilər. Xatırladaq ki, Qarabağın illik büdcəsi 178 milyon dollardır. Müqayisə edə bilərsiniz - Naxçıvan Muxtar Respublikasının investisiya xərcləri və birbaşa büdcədən maliyyələşməsi yarım milyard manata yaxın vəsait deməkdir.

Ermənilər regionu təcavüzkarlıq siyasəti ilə irəliyə apara bilmədilər və indi orada nəinki varlılar, heç kasıblar da yaşamaq istəmir. Məşhur erməni politoloqu bu yaxınlarda haqlı olaraq etiraf etmişdi ki, vaxtilə Xankəndində ayağa qalxan on minlərlə insanın şüarları Razdan meydanını ehtizaza gətirirdi. İndi isə Qarabağa görə zorla ora göndərilən ermənilərdən başqa həmin diyara bir kimsə can atmır. Sonuncu xəbərdən də müxtəlif varlıları ”Qafqazın mirvarisi"nə cəlb etmək üçün ortaya atsalar da, heç bir milyonçu gəlib pulunu Qarabağda xərcləməz".
Qeyd edək ki, rus milyarder Şuşada mətbuat konfransı keçirəcəyini elan edib və konkret vaxt da göstərib.
“Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan şəhəri olan Şuşada mətbuat konfransının keçirilməsi barəsində German Sterliqov tərəfindən verilən açıqlama təxribatçı addımdır”. Bunu Qarabağa köçən G.Sterliqovun iyulun 13-də Şuşada mətbuat konfransı keçirəcəyi barədəki bəyanatını virtualaz.org saytına şərh edən Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyevin sözlərinə görə, Azərbaycan XİN qanun pozuntusuna yol verərək Azərbaycanın işğal ərazilərində yerləşən Sterliqov adlı şəxsin bu təxribatçı çağırışının təsiri altına düşməmək barədə xəbərdar etmək istərdi. Hansı hallarda xarici KİV nümayəndələrinin Azərbaycanın işğal altında olan ərazilərinə necə səfər edə biləcəyi və bu günlərdə İrlandiya jurnalistinin bu kimi səfəri barədə sualı cavablandıran H.Hacıyev deyib: “Ümumiyyətlə, peşəkar jurnalist fəaliyyətini həyata keçirmək üçün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər etmək niyyətində olan KİV nümayəndələri səfər üçün icazə almaq məqsədilə əvvəlcədən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə rəsmi məktubla müraciət etməlidir. Azərbaycan Respublikasının "KİV haqqında qanunu"na uyğun olaraq, Azərbaycan Respublikası ərazisində xarici KİV nümayəndələrinin akkreditasiyası XİN tərəfindən həyata keçirilir.
Məsələn, “Nyu-York Times” qəzetinin əməkdaşları belə bir müraciətlə çıxış etmiş və Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında onlar işğal olunmuş ərazilərə səfər etmişdilər. XİN tərəfindən xarici KİV nümayəndələrinə verilən akkreditasiya kartı Azərbaycan Respublikası ərazisində, o cümlədən işğal olunmuş ərazilərdə xarici KİV nümayəndəsinin fəaliyyətinə icazə verən yeganə qanuni sənəddir. Əvvəlcədən müraciət etmədən və müvafiq akkreditasiya kartı almadan xarici KİV nümayəndəsinin işğal olunmuş ərazilərə səfəri qeyri-qanunidir və bununla əlaqədar müvafiq tədbirlər, o cümlədən arzuedilməz şəxslər siyahısına daxil etmək kimi tədbirlər görülür".
E.PAŞASOY






