Bir neçə saat əvvəl İrəvanda həbs edilən Qarabağ separatçılarının sabiq “müdafiə naziri” Samvel Babayanla bağlı ilginc məlumatlar yayılıb. Musavat.com bununla bağlı
Ermənistan mətbuatına istinadən xəbər verir. Məlumata görə, aprelin 2-də, yəni Ermənistanda parlament seçkilərinin keçirildiyi gün S.Babayan dövlət çevrilişi etməyi planlaşdırmış. Erməni mediası yazıb ki, Samvel Babayan “Sasna Tser-2” (ötən ilin yayında polis alayının binasına silahlı hücum edən dəstə-C.T.) hərəkatı planlaşdırırmış və milli təhlükəsizlik xidmətinin qəti tədbirləri, atdığı addımlar nəticəsində onun qarşısı alınıb.
Hələlik rəsmi mənbələr həbsin detallarını açıqlamır. Ancaq bu gün günorta saatlarında iki erməninin Gürcüstandan Ermənistana “İqla” (“İynə”) zenit-raket qurğusu və sursatını keçirməyə cəhdlə bağlı rəsmi məlumat yayılmışdı. Musavat.com bir neçə saat əvvəl silah qaçaqmalçılığı ilə məşğul olan digər şəxslərin axtarışının davam etdiyini xəbər vermişdi.
Belə görünür ki, S.Babayanın eyni gündə həbs olunması “İynə” raketi tədarükünün arxasında onun dayandığını deməyə əsas verir. Ancaq “dövlət çevrilişi” tamaşasının S.Sərkisyan tərəfindən hazırlanması da istisna olunmur. Aprel mübarizəsini ölüm-qalım mübarizəsi sayan erməni prezident mümkündür ki, rəqiblərini bu yolla sıradan çıxartmaqistəsin. Necə ki, ötən ilin yayındakı silahlı çevriliş cəhdinin tamaşa olduğu bir müddət sonra ortaya çıxdı. Yeri gəlmişkən, bu gün həmin “çevriliş” cəhdinin iştirakçılarından biri bu gün qəhrəman kimi dəfn edildi.
Cavid TURAN.
Musavat.com






