Külli miqdarda dələduzluqda ittiham edilən gənc müəllimə hakim qarşısına çıxarılıb. O, göz yaşlarını saxlaya bilməyib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən 1985-ci il təvəllüdlü Leyla Əliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş Kəmalə Əliyeva ifadə verib.
O, deyib ki, Dövlət Dillər Universitetində Leyla ilə eyni vaxtda oxuyublar və illər sonra təsadüfən qarşılaşıblar: "Leyla mənim işləmədiyimi bildi. Sonrakı danışıqlarımızda dedi ki, həyat yoldaşı Şahin Azərbaycan Diplomatiya Akademiyasında işləyir. Məni ora işə düzəldə bilər. Sənədlərimi hazırlayıb, gətirib ona verdim. 4 min manat da pul istəmişdi".
Onun sözlərinə görə, Leylanın atası pulun 2 min manatını qaytarıb. Digər zərərçəkən Heyran Amanova Leylanın iş yoldaşı olduğunu deyib. O, bildirib ki, Dövlət Dillər Universitetində birlikdə işləyiblər: "Mən analıq məzuniyyətində olanda Leylanın universitetdən çıxdığını sonradan eşitdim. Danışanda mənə dedi ki, artıq ADA-da işləyir, məni də ora düzəldə bilər. Dedim, bacım işsizdir. Onu düzəltmək üçün 8 min pul istədi. Biz də verdik. Məni qohumların yanında çox pis vəziyyətdə qoydu. İnanmırdım ki, belə iş görər, müdafiə edirdim ki, yox, iş düzələcək, gözləyin. Leylanın bu hərəkətindən sonra insanlara inamım öldü”.
Bu iş üzrə ən çox zərərçəkmiş isə Gövhər və anası Sevda İldırımzadədir. Onlar L.Əliyevaya 43 min dollar pul verdiklərini iddia edirlər. Gövhər İldırımzadə Leyla ilə tələbə yoldaşı olub. İldırımzadələr məhkəməyə gəlmir. Hər ikisi teleqram göndərib ki, istintaqdakı ifadələrini təsdiqləyirlər. İstintaqdakı ifadələrindən isə belə məlum olur ki, onlar bankdan kredit götürüblər. 43 min dollar da krediti bağlamaq üçün imiş. Leyla pulu onlardan alıb, krediti də, faizlərini də özü ödəyəcəyini deyib. Amma kredit ödənilməyib.
Məlumata görə, zərərçəkən İldırımzadələr Xətai rayon prokuroru Yusif İldırımzadənin yaxınlarıdır. Gövhər İldırımzadə polis polkovniki Rasim İldırımzadənin qızı, Sevda İldırımzadə isə həyat yoldaşıdır. Rasim İldırımzadə də Yusif İldırımzadənin qardaşıdır.
Elan olunmuş ittihama münasibət bildirən L.Əliyeva adamlardan pul aldığını təsdiqləyib. O, borcu olduğuna görə bu addımı atdığını söyləyib.
İldırımzadələrdən alınan pula gəlincə, bildirib ki, o puldan 3 min dollarını banka kreditdən ödəyib. Onun sözlərinə görə, İldırımzadələr daha az faiz ödəmək üçün pulu ona vermişdilər.
L.Əliyevanın həyat yoldaşı yüksək vəzifəli şəxslərdən birinin qohumudur. Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, Leyla Əliyeva evli olub, onun ayrı-ayrı şəxslərə borclu olması ilə bağlı söhbətlər başlayan ərəfədə boşanıb: "Ailəm dağıldı. Hamilə idim, övladım tələf oldu".
L.Əliyev Azərbaycan Dillər Universitetində, Odlar Yurdu Universitetində ingilis dili müəlliməsi işlədiyini deyib. O, sonuncu iş yerinin Odlar Yurdu Universiteti olduğunu bildirib.
Məhkəmə iclasında zərərçəkmişlərdən bir nəfər iştirak edib. Növbəti prosesdə digər zərərçəkmişlər də məhkəməyə gələcək.
Prosesdə Leyla Əliyevanın vəkili məhkəməyə vəsatətlə müraciət edib. Vəkil vəsatətində müdafiə etdiyi şəxsin azadlığa buraxılmasını istəyib. Vəkil vəsatətini belə əsaslandırıb ki, Leyla Əliyeva azadlıqda olacağı halda dəymiş zərəri ödəyə bilər. Məhkəmə vəsatəti təmin etməyib. L.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Məlumata görə, o, ayrı-ayrı şəxslərdən işə düzəltmək adı ilə pul alıb. Onun həmçinin başqa şəxslərin etibarından istifadə edərək qızıllarını lombarda qoyduğu və pul götürdüyü məlum olub. Aldığı pulları qaytarmayan, verdiyi vədlərə əməl etməyən L.Əliyeva zərərçəkmişlərin şikayətləri əsasında həbs edilib.
İlkin Muradov
Musavat.com






