İnsanlara hürriyət, millətlərə istiqlal!

HAVASIZLIĞI XOŞLAYAN QATİL - DƏM QAZI

5633 15.02.2010 02:23 Ölkə A A
Adil QeybullaTibb elmləri doktoru, professor Adil Qeybulla dəm qazından zəhərlənmənin çox ciddi fəsadları olduğunu dedi və bildirdi ki, bu cür zəhərlənmələrin ən təhlükəli tərəfi insanın dəm qazı sızmasını hiss etməməsi və asanlıqla huşunu itirməsidir: “Dəm qazı orqanizmə düşdükdə qandakı hemoqlobinlə birləşərək karboksihemoqlobin əmələ gətirir, nəticədə oksigen daşıyan fəal hemoqlobinin miqdarı aşağı düşür. İnsan nəfəs alsa da, oksigen toxumalara gedib çata bilmir. Bu birləşmə nə qədər çox olsa, konsentrasiya o qədər aşağı düşür. Nəticədə kəskin anemiya yaranır. Beynin və ürəyin sıradan çıxmasının, huşun itməsinin əsas səbəbi budur”.
A.Qeybullaya görə, əhali maksimum ehtiyatlı olmalı, qazla qızdırıcı cihazlar olan otaqda uşaqlar varsa, onları tez-tez yoxlamaq, daim diqqətdə saxlamaq lazımdır: “Əgər otaqda, yaxud hamamda keyləşmiş, huşunu itirmiş şəxsə rast gəlinsə, onu həmin otaqdan dərhal çıxarmaq, oksigen vermək, simptomatik yardımlar göstərmək lazımdır. İlk yardım olaraq xəstəni təmiz havası olan yerə, genişliyə çıxarmaq və orqanizmin oksigen qəbulunu təmin etmək lazımdır. Bu halda ağızdan süni hava vermək, ürəyi qapalı masaj etmək də mümkündür. Ürək dərmanları da vurula bilər. Təcili həkim yardımı göstərilməlidir. Bundan başqa hemoqlobin miqdarını artıran maddələrə üstünlük verilməlidir. Ən əsas insanın kritik durumdan çıxarılmasıdır ki, bunun üçün də ilk növbədə həmin şəxs olduğu yerdən çıxarılmalı və ona sərin maye içirdilməlidir”.
Qeyd edək ki, hazırda binalarda buxarqızdırıcı sistemləri işləmədiyindən, sakinlər otaqları qazla işləyən müxtəlif qızdırıcı cihazlarla isitmək məcburiyyətində qalırlar. Bu cihazların isə normal tüstü çəkəni olmayanda, ventilyasiyası təmin olunmadıqda, yanma üçün hava çatmadıqda dəm qazından zəhərlənmə riski yaranır. Bu zaman dəm qazı (CO) karbon elementinin natamam yanma məhsulu kimi əmələ gəlir (Tam yanma məhsulu CO2 - karbon qazıdır ki, o, zərərsizdir).
Standarta görə, suyu qazla qızdırılan vanna və hamam otaqlarının qapısında mütləq nəfəslik olmalıdır. Bu nəfəslik həm də evdəkilərin vanna qəbul edən şəxsi, o cümlədən yeniyetmələri mütəmadi nəzarətdə saxlamaq, onlarla tez-tez maraqlanmaq üçün vacibdir. Yoxsa iş işdən keçə bilər. Eyni zamanda məsləhətdir ki, hamamdan istifadədən qabaq qızdırıcı qaz cihazı söndürülsün, otağın havasına diqqət edilsin.
Onu da nəzərə almaq lazımdır ki, Bakıda plansız tikililər çoxdur, bir sıra binalarda normal ventilyasiya sistemi yoxdur və standarta uyğun olmayan qızdırıcı cihazlar satışdadır. İstehlakçı bilmir ki, cihaz standarta uyğundur, ya yox. Əgər standarta uyğun deyilsə, niyə ölkəyə gətirilməsinə icazə verilir?
İkincisi, həmin cihazlar haqqında əhaliyə periodik məlumat verilməlidir. Digər tərəfdən, bu kimi cihazları hər usta quraşdıra bilməz. Usta əmin olmalıdır ki, yanma məhsulları adekvat şəkildə tüstü çəkənlə ventilyasiya dəliyindən çəkilir. Bunun üçün müəyyən testlər var ki, onu ustalar bilməlidir. Cihaz test üzrə yoxlandıqdan sonra istifadəsinə başlanmalıdır. İndi az da olsa daş kömür peçlərindən istifadə edilir ki, xüsusi ventilyasiya sistemi normal təmin edilmədiyindən, onlar da dəm qazından zəhərlənmələrə səbəb olur.
Doğrudur, qaz sızmasında, partlayış və yanğınlarda, həmçinin dəm qazından zəhərlənmədə istehlakçıların günahları da olur. Xüsusilə ehtiyatsızlıq ucundan belə hallar beş verir. Ancaq bəzi ekspertlərin iddiasına görə, “dəm qazından zəhərlənmişdir” kimi açıqlamaların əsas səbəbi əhaliyə verilən mavi yanacağın tərkibinin təmiz olmamasıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR