İnsanlara hürriyət, millətlərə istiqlal!

Havasından barıt, torpağından qan qoxusu çəkilməyən Füzulidən reportaj

10581 06.07.2019 08:10 Reportaj A A

Deputat Adil Əliyevin təşəbbüsü ilə ermənilərin öldürdüyü 2 yaşlı Zəhranın məzarı ziyarət edildi; aprel şəhidinə həsr edilən film nümayiş olundu, cəbhə xəttində düşmənlə nəfəs-nəfəsə dayanan əsgərlərimizə baş çəkildi

... Biləsuvar, Bəhramtəpə, Sabirabad, İmişlinin ilan mələşən, ins-cins olmayan, bomboz, günəş yandıran düzənlikləri ilə gedirik.

Hər tərəf ucsuz-bucaqsız səhralıqlar kimidir, toz-tozanağı adamın canına hopur, bürkülü istisi adamın dərisinə “saman təpir”.

Sən demə, dərə-təpə düz getmişik, yolu səhv salmışıq, daha doğrusu, o ki var uzatmışıq. Yolu azmaq bir yana, ən məşəqqətlisi asfalt yolu qoyub “qruntovoy”, çala-çuxur yola girməyimizdir.

Uzun sözün kəsəsi, sürücümüz Hacıqabul-Sabirabad-İmişli istiqaməti ilə getməkdənsə, Biləsuvardan giriş edir və azı 1 saat geri düşürük.

Nəhayət, qızmar günəş altında yanan, insanları daldalanmağa kölgəlik tapmayan Aran Qarabağa çatırıq. Bəli, düşmənlə sərhəd rayona, cəbhə xəttinə gəlmişik - Füzuliyə...

Ermənilərin işğalında olan Füzulinin Horadiz şəhərinə bizi gətirən səbəblər varıydı: 2016-cı ilin 4 iyulunda şəhid olan 2 yaşlı Zəhra və nənəsi Sahibə xanımın anım günü və ideya müəllifi deputat Adil Əliyev olan aprel şəhidi Orxan Həmidovun barəsində sənədli filmin nümayişi idi.

***

Bakıdan gedən nümayəndə heyətində kimlər yoxuydu: deputat A.Əliyevin təşəbbüsü və iştirakı ilə baş tutan səfərdə xalq artisti Zaur Rzayev, politoloq Elxan Şahinoğlu, Azərbaycan Kikboksinq Federasiyasının idmançıları, 23 qat dünya çempionu Eduard Məmmədov və eyni zamanda aprel döyüşlərinin qəhrəman qaziləri bizimləydilər.

Əvvəlcə, şəhid Zəhra və nənəsi Sahibənin yaşadıqları Alxanlı qəsəbəsində, onların evinin qarşısında xatirələri anıldı, ehsan süfrəsi açıldı, sonra məzarları ziyarət olundu.

Kəndin axundu Zəhranın qəbrinin davamlı olaraq ziyarət olunduğunu bildirdi. Tədbirdə rayon ictimaiyyəti və N saylı hərbi hissənin zabit, əsgər heyəti iştirak edirdi.

Deputat Adil Əliyev qeyd etdi ki, Zəhranın şəhid olması düşmənin iç üzünü, xain xislətini ortaya qoydu:

“Bu hadisələr göstərdi ki, Azərbaycanın güclü ordusu var. Ordumuza Ali Baş Komandan diqqət və qayğı göstərir. Füzuli camaatı düşməndən qaçmır. Biz bu gün düşmənə qarşı hər tərəfli hazır olmalıyıq”.

Daha sonra Şükürbəyli kəndindəki hərbi hissədə olduq. Orada aprel şəhidi Orxan Həmidov haqda “Mən görüşə gedirəm” filmini izlədik. Film aprel şəhidimizin həyatı, döyüşlərdəki şücaətlərindən bəhs edirdi.

A.Əliyev çıxışında bildirdi ki, parlament üzvləri, ictimai-siyasi xadimlər, media əsgərləri həmişə nəzarətdə saxlayır, hərbi hissələrə səfərlər edirlər:

“Biz əsgərimizi unutmuruq. Onların hesabına rahat yaşayırıq. Xalq həmişə əsgəri ilə nəfəs alır. Hər bir kəsin borcudur ki, əsgərlərimizin yanında olsun. Çünki onlar ölkəmizin ərazi bütövlüyünün keşiyindədir.

Mən parlamentin təhlükəsizlik və müdafiə komitəsinin üzvüyəm və birbaşa borcumdur ki, hər zaman əsgərlərimizin yanında olum".

A.Əliyev dedi ki, prezident, Ali Baş Komandan İlham Əliyev orduya yüksək qayğı göstərir: “Ordunun maddi-texniki bazasının yaxşılaşması üçün əlindən gələni edir. Biz də onun sərəncamlarına əsasən fəaliyyət göstərməliyik.

Biz sizinlə qürur duyuruq, düşmənin hiyləgər hücumlarını dəf edirsiniz. Bunu aprel döyüşlərində də göstərmisiniz. Onlardan biri də şəhid Orxan Həmidov idi. Biz şəhidlərimizin, analarının, qazilərimizin qarşısında baş əyirik".

Deputat vurğuladı ki, bu gün ordumuz etibarlı əllərdədir, dünyada aparıcı yeri var: “Orxan heç nəyə baxmayaraq, vətən üçün canından keçdi.

Onun iki övladı indi bu hərbi hissəyə gəlib. Onlar siz əsgərləri görürlər, ruhlanırlar və bilirlər ki, atalarının qanı yerdə qalmayacaq".

A.Əliyev düşmənin havadarlarının çox olduğunu əlavə etdi: “Biz hər zaman birləşməliyik, şəhid analarının, qazilərimizin, əsgərlərimizin yanında olmalıyıq. Bir-birimizlə ədavət aparmamalıyıq, dəstək olmalıyıq”.

Deputat dedi ki, bəzi gənclər asudə saatlarında qəlyanxanalara, barlara gedirlər: “Onlar getməsin deyə idman federasiyaları idman zallarına gənclərin kütləvi cəlbi üçün çalışırlar. Bizə sağlam, güclü, qorxmaz gənclik lazımdır.

Dövlətin gənclər siyasəti var, istedadlı idmançılarımız beynəlxalq yarışlarda bizi sevindirirlər. Bir çox vətəndaşımız ordusuna, şəhidinə, qazilərimizə biganədirlər.

Dövlətin hesabına pul qazanırlar, amma şəhid ailəsinə baş çəkmirlər. Onlar düşmən “dəyirmanına su tökən” adamlardır, xaricdə xalqımızı təhqir edirlər. Bizim bir bayrağımız, bir millətimiz, bir dövlətimiz var. Biz də bu dünyadan köçüb gedəcəyik. Amma bu dövlət qalacaq. Ona görə də xalqımıza şərəflə xidmət etməyi öyrənməliyik".

Sonra şəhid O.Həmidovun anası Tamilla xanım çıxış elədi. Göz yaşlarını saxlaya bilməyən şəhid anası oğlu ilə danışığını xatırladı:

“Dedi ki, ana, cəbhə xəttinə gedirəm. Dedim, ay oğul, heç bilirsən nə edirsən? Qayıtdı ki, bəs mən getməyim, o getməsin, bu torpaqları kim qorusun?

Mənim üçün ağırdır, bala itirmişəm, amma qürur duyuram ki, oğlumu vətən uğrunda itirmişəm. Mən çox danışa bilmirəm, başda Adil müəllim olmaqla, hər kəsə dəstəyinə görə təşəkkürümü bildirirəm".

Sonra aprel qazilərindən Anar Məmmədov və digərləri çıxış elədilər. Onlar vətən üçün hər zaman döyüşə, şəhidlik zirvəsinə ucalmağa hazır olduqlarını qeyd etdilər.

Hərbi hissədəki tədbirin sonunda əsgərlərə, qazilərə deputat tərəfindən hədiyyələr təqdim olundu.

Hərbi hissədə olarkən ayaqüstü söhbətləşdiyimiz əsgərlər bildirdilər ki, düşmənlə 6-7 kilometr məsafə var. Onlar ermənilər atəşkəsi pozanda layiqli cavab aldıqlarını söylədilər.

Sonra hərbi hissəni tərk edib aprel şəhidi O.Həmidovun evinə yollandıq, burada ehsan süfrəsi açıldı.

Məclisdə Füzuli rayon icra başçısı Alı Alıyev də iştirak edirdi. Ondan sonra tədbir iştirakçıları Füzulidə Şəhidlər abidəsini ziyarət elədilər.

Ardınca Füzuli Dövlət Dram Teatrında rayon ictimaiyyətinə aprel şəhidi haqda film nümayiş etdirildi. Filmin sonunda A.Əliyev, A.Alıyev və şəhid anası çıxış elədilər.

Deputat bildirdi ki, Azərbaycanın güclü dövlət olmasını istəməyən qüvvələr var: “Hiyləgər düşmən o qədər azğınlaşmışdı ki, yeni hücuma hazırlaşırdı. Biz düşməni apreldə yerinə oturda bildik və danışıqlara məcbur elədik.

Onlar Orxan kimi oğullarımızın qəhrəmanlığını, ordumuzun gücünü gördülər. Bu film də təkcə Orxan yox, bütün şəhidlərimizə şamildir. Allah bizi qələbə ilə sevindirsin".

Bu arzu ilə Horadizi tərk edirik, havasından barıt, torpağından isə qan iyi hələ çəkilməyib...

Bizimlə birgə səfərdən qayıdan E.Şahinoğlu isə təəssüratlarında yazıb ki, bu, yalnız bir və ya bir neçə millət vəkilinin işi olmamalıdır:

“Orxan Həmidovun qəhrəmanlığını əks etdirən filmin ana xəttindən gəldiyim əsas qənaət budur ki, işğal probleminin yalnız güc yolu ilə həlli mümkündür. Bu qənaətə çoxdan gəlmişəm. Ancaq cəbhə bölgəsinə səfərim və müşahidələrim bu qənaətimi bir daha gücləndirdi.

Azərbaycan hərbçilərinin az qala hamısında Azərbaycan bayrağı olmalıdır ki, qəfil hücum zamanı ələ keçirilən məntəqələrdə bayrağımız dalğalansın.

Aprel qazilərinin cəbhə bölgəsindəki çıxışlarını diqqətlə dinlədim. Onların gözündə də torpaqların qaytarılmasının başqa alternativi olmadığını anladım. Ancaq bu dəfə daha tədbirli olmaq məcburiyyətindəyik.

Beşincisi, Orxan Həmidov haqqında filmin ideya müəllifi Adil Əliyevdir. Bu filmlə Orxan Həmidovun xatirəsi əbədiləşdirildi. Ancaq Orxan kimi şəhidlərimizin sayı çoxdur.

Hər millət vəkili bir şəhidin xatirəsini qısametrajlı film yolu ilə əbədiləşdirsə, həm şəhid ailələri, həm də dövlət və millət üçün savab iş görərlər".

Emil SALAMOĞLU
Fotolar Elçin Əkbərovundur
Füzuli-Horadiz-Bakı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR