OPEK+ ölkələrinin aprel ayı üçün hasilatla bağlı qərarı dünya neft bazarında qiymətlərin yenidən 68 dolları keçməsinə səbəb olub. Brent markalı neftin may fyuçerslərinin qiyməti 68.34 dollara, WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 65.17 dollara qədər yüksəlib.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin də qiymətində ciddi artım baş verib. Belə ki, neftimiz 2,95 dollar, yaxud 4,56 faiz bahalaşaraq 67,70 dollara çatıb.
Məsələ burasındadır ki, OPEK+ nazirlərinin görüşündən gözləntilər mövcud qiymətlər fonunda hasilatın xeyli artırılacağı istiqamətindəydi. Gözlənilirdi ki, aprel ayından gündəlik hasilat 500 min barel artırılacaq. Lakin OPEK+ nazirləri cəmi 150 min barel artımla bağlı razılığa gəliblər. Bunun 130 mi bareli Rusiya, 20 min bareli isə Qazaxıstanın payıdır. Üstəlik, Səudiyyə Ərəbistanı fevral-mart ayları üçün gündəlik hasilatı 1 milyon barel azaltmaqla bağlı üzərinə götürdüyü könüllü öhdəliyi aprel ayında da davam etdirmək qərarına gəlib.
“Wood Mackenzie”nin analitiki Anna-Luiza Hittl hesab edir ki, OPEK+ nazirlərinin qərarı hasilatçı ölkələrin tələblə bağlı perspektivləri çox ehtiyatla qiymətləndirdiklərini göstərir. Onun sözlərinə görə, təmsil etdiyi şirkət 2021-ci ildə gündəlik qlobal neft tələbatında 6,3 milyon barrel artım gözləyir. Bu isə aprel ayına doğru Brent markalı neftin 70-75 dollara qədər bahalaşmasına səbəb olacaq.
OPEK+ nazirlərinin qərarı bir sıra nüfuzlu qurumların neft qiymətlərinə dair proqnozlarını yeniləməsinə gətirib çıxarıb. Məsələn, “Goldman Sachs” Brent markalı neftin qiyməti iləbağlı proqnozunu 5 dollar artırıb, bu ilin 3-cü rübündə onun 80 dollara çatacağını proqnozlaşdırır. JPMorgan, Australia & New Zealand Banking Group, həmçini Citigroup da Brentin dəyərinə dair proqnozlarını yaxşılaşdırıblar.
Treyderlərin optimizminə həm də Çində Xalq Nümayəndələri Məclisinin yeni 5 illik planla bağlı qərarı səbəb olub. Qərarda Çində Ümumi Daxili Məhsulun illik artımının 6 faiz təşkil edəcəyi əksini tapıb. Bu zaman neft-qaz ehtiyatlarının da artırılması, enerjidaşıyıcılarının alış bazarının diversifikasiya olunması nəzərdə tutulur.

“Fitch” reytinq agentliyinin təbii sərvətlər və xam mallar üzrə qrupun direktoru Dmitri Marinçenko da hesab edir ki, OPEK+ nazirlərinin gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı qərarı gözlənilməz konservativ olub. Onun sözlərinə görə, nəticədə, bu qərar neftə olan qiymətlərin hələlik 60-70 dollar civarında qalmasına səbəb olacaq: “OPEC+ qərarı gözlənilməz konservativ oldu, bazarda, hələ ki, əhəmiyyətli defisit olacaq, bu da artıq neft ehtiyatlarının daha sürətli istifadə edilməsinə imkan verəcək. Yəqin ki, qiymətlər hələlik 60-70 dollar civarında qalacaq”.
OPEC+ ölkələrinin nazirlər səviyyəsində görüşündə Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Əbdüləziz bin Salman qeyd edib ki, OPEC+ çərçivəsində neft hasilatının azaldılması istiqamətində siyasətin nəticəsi olaraq son iki ay ərzində bazardakı vəziyyət xeyli düzəlib. O, həmçinin OPEC+ çərçivəsində hasilatın ixtisarına dair razılaşmanı tam yerinə yetirməyən ölkələrin azaldığını da bildirib. Onun sözlərinə görə, Nigeriya da hasilatı müvafiq səviyyədə azaltmaqla öz “borcu”nu ödəmiş olub.
Bununla yanaşı, Əbdüləziz bin Salman dünyada neftə tələbatın əvvəlki səviyyəyə qayıtmasının koronavirusa qarşı peyvəndin tətbiqilə yaxından əlaqədar olduğu da xatırladıb: “Dirçəlmənin sürəti ilə bağlı qeyri-müəyyənlik hələ də azalmayıb. Bu cür müəmmalı şəraitdə proqnoz verməyin çətin olduğunu ötən il dərk etmişik. Odur ki, bu cür hadisələr baş verərkən bir daha ehtiyatlı və ayıq olmağa çağırmaq istərdim”.
Rusiya baş nazirinin müavini Aleksandr Novak da hesab edir ki, qlobal neft tələbatı ilə bağlı qeyri-müəyyənlik çox güclüdür. Onun fikrincə, buna görə də indiki mərhələdə hasilatçı ölkələrin ehtiyatlı davranmasına ehtiyac var.

Qeyd edək ki, Azərbaycan “OPEC plus” ölkələri nazirlərinin 14-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyib. Energetika Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, Azərbaycan bu dəfə də pandemiyadan irəli gələn qeyri-müəyyənliklər şəraitində neft bazarında müsbət dinamikanın qorunub saxlanması məqsədilə “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində neft istehsalçılarının konsensus əsasında fəaliyyətinin vacibliyini diqqətə çatdırıb. Azərbaycanın energetika naziri Pərviz Şahbazov əvvəlki dövrlərlə müqayisədə hazırda neft bazarının nisbətən balanslaşdığını, lakin hələ də risklərin aradan qalxmadığını vurğulayaraq bildirib ki, tənzimləmə prosesinə ehtiyatlı yanaşma öz aktuallığını saxlayır: “Hazırkı qiymət artımını neftə təlabat göstəricilərindən çox mövcud qlobal konyuktura şərtləndirir. Neftin bahalaşması tələbatla əlaqəli olduqda, fundamental faktorlara əsaslandıqda dayanıqlı olur. Bu aspektdə bazardakı real vəziyyətə uyğun optimal addım hasilata korreksiyaları bir qədər təxirə salmaqdır”.
Yeni qərara əsasən, Azərbaycanın apreldə öhdəliyi bu ilin birinci rübündə olduğu kimi 123 min barrel həcmində qalacaq. Gündəlik xam neft hasilatı isə apreldə də 595 min barrel səviyyəsində saxlanılacaq. “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 mln barrel təşkil edəcək.

İqtisadçı-ekspert Elman Sadiqovun fikrincə, hasilatçı ölkələrin neft bazarında qiymətləri yüksək səviyyədə saxlamaq cəhdləri uzunmüddətli effektə malik olmaya bilər: “OPEC+ bazarı aylıq nəzarətdə saxlaması müsbət, neft bazarına bu qədər təzyiq göstərməsi isə arzu olunan deyil. Səudiyyə Ərəbistanı və Rusiya ABŞ-ın təzyiq və atdığı addımlara qarşı addım atsalar da, ABŞ-ın cavab addımları yaxın aylarda (şist neft hasilatında) özünü kəskin göstərə bilər. Neft bazarında yenidən kəskin dalğalanmalar ehtimalı yüksəldi”.
Qeyd edək ki, bu ilin yanvar-fevralında Azərbaycan Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilən neftin satışından daxilolmalar keçən ilin eyni dövrü ilə müqayisə 42,8 faiz az olub. Bununla bağlı Fonddan verilən məlumata görə, bu azalmanın
Məlumata görə, ARDNF-nin sözügedən layihədən gəlirlərinin bu ilin yanvar-fevral aylarında 42,8% azalmasının birinci səbəbi - ötən ilin müvafiq dövrü ilə müqayisədə neftə olan qiymətlərin aşağı olmasıdır: “AÇG yataqlar blokundan dövlət payının satılması fyuçers müqavilələri əsasında həyata keçirildiyindən, Neft Fonduna satışdan əldə olunan vəsaitlər faktiki olaraq bir ay sonra köçürülür”.
Fond bildirir ki, AÇG layihəsi çərçivəsində ARDNF-ə yanvar-fevral aylarında daxil olan vəsaitlər ötən ilin dekabr və bu ilin yanvar aylarında həyata keçirilən satınalmalarına aiddir. Belə ki, ötən ilin sözügedən aylarında neftin bir barrelinin orta qiyməti 47,6 dolları olduğu halda, bu ilin müvafiq dövründə 62,6 dollar təşkil edib.
Neft Fondunun AÇG layihəsindən gəlirlərinin azalmasının ikinci səbəbi isə Azərbaycanın OPEC+ razılaşması çərçivəsində AÇG-də neft hasilatının planlı şəkildə azaldılmasıdır (APA).
DÜNYA,
“Yeni Müsavat”






