İnsanlara hürriyət, millətlərə istiqlal!

“HARDAN BİLİRİK Kİ, 30 İL SONRA AZƏRBAYCANLI RUSİYA PREZİDENTİ OLMAYACAQ?!”

5902 07.10.2010 09:14 Gündəm A A

(əvvəli ötən sayımızda)

- Telman İsmayılovun nümunəsində izah edin.

- Bu sualı onun özünə vermək yaxşı olardı. Əlbəttə, onunla tanışam. Bizim normal münasibətimiz olub, amma yaxın olmamışıq. Telmanla bağlı qeyri-adi nə baş verib ki? Onun bazarı vardı, daha dəqiqi, Bədən Tərbiyəsi Universitetinin ərazisini icarəyə götürmüşdü. Çerkizov bazarını 4-8 il əvvəl bağlamaq istəyirdilər. Amma işi təxirə salırdılar, çünki bu bazarda çoxlu adam işləyirdi. Axı böyük bazar bağlananda minlərlə adam işsiz qalır, bu isə müəyyən problemlər yaradır. İndi də olmasa, yaxın gələcəkdə bu bazar Moskvanın baş inkişaf planı ilə əlaqədar bağlanacaqdı.

- Demək, hesab edirsiniz ki, Çerkizov bazarını bağlamaqla hakimiyyət İsmayılovu cəzalandırmadı? Amma Rusiya ekspertləri bildirirdi ki, Putin onu pulunu Soçiyə qoymaq əvəzinə Türkiyədə dəbdəbəli “Mərdan Palace” hotelini tikdiyi üçün cəzalandırıb.

- Telman qaçmayıb. Rusiyaya gəlmək ona qadağan edilməyib. Hətta qəzetlər yazanda ki, o, Moskvaya qayıda bilmir, mən onunla Bakıda görüşdüm. Dedi ki, sabah Moskvaya uçur. Telmanla bağlı məsələni çox şişirdiblər. Prinsipcə, demək olar ki, o, Rusiyada yerlilərimizə çox kömək edib.

- Qeyri-rəsmi məlumatlara görə, Rusiyada 2 milyon azərbaycanlı yaşayır. Səsimiz niyə eşidilmir? Niyə elitada bizimkilər azdır, seçkili orqanlarda az qala yoxuq?

- Elita kəmiyyət yox, keyfiyyətdir. Bizimkilər əsasən qara işlərdə pul qazanırlar. Ziyalılar arasında erməni və gürcülər daha çoxdur. Onlar Moskva və Piterdə, bizimkilər regionlarda cəmləşib. Buna görə də birlik yoxdur. Sovet dövründə Rusiyada bizimkilər də, ermənilər, gürcülər də oxuyurdu. Mentalitetə görə bizimkilərin çoxu evə qayıdır, onlar isə qalırdı. Məsələn, təhsili başa vurandan sonra mənə hüquq fakültəsinin cinayət hüququ kafedrasında iş təklif etdilər. Mən qayıdıb Ədliyyə Nazirliyində işlədim. Başqaları orda qalıb cəmiyyətə qarışdı, ziyalıya çevrildi. Səbəb budur. Rusiyadakı diasporumuzda birlik yoxdur. Ona görə səsimiz eşidilmir. Öyrənmək, inkişaf etmək və işləmək lazımdır. Vaxt gələcək, Rusiyada azərbaycanlıların öz səsi olacaq. Axı bu, demokratik ölkədir və özünü realizə etmək üçün çoxlu imkanlar var. Haradan bilirik ki, 30 ildən sonra hansısa azərbaycanlı Rusiya prezidenti olmayacaq. Axı yerli olmayan Obama ABŞ prezidenti ola bildi...

- Sizinlə eyni kursda oxuyan Vladimir Putinlə bağlı bir neçə sual vermək istəyirəm. Siz onunla dostluğunuzu gözə soxmağı sevmirsiniz. Bir neçə ay əvvəl məlumat verdiniz ki, ali məktəbi bitirməyinizin 35 illiyini birlikdə qeyd etməyə hazırlaşırsınız. Qeyd etdinizmi? Putin iştirak edirdi?

- Bəli, qeyd etdik. İyunun ortalarında Putin bizi Sankt-Peterburqa yığdı. Gəmi sifariş verildi, Valaam adasına üzdük. İki gün ərzində təntənə ilə qeyd etdik...

- Eyni kursda oxuduğunuz başqa məşhur şəxslər varmı?

- Elələri çoxdur. Məsələn, “Rusiyanın qənimi” istintaq komitəsinin sədri Bastırkin, DİN istintaq komitəsinin sədri Aniçkin və bir sıra başqaları.

- Deyirlər, Putin “Moskva” restoranında Sizin yaxın qohumunuzun ad günündə iştirak edib...

- Belə hadisə olmayıb. Amma 2001-ci ildə Putin öz zövcəsi ilə qızımın Moskvada, “Özbəkistan” restoranında keçirilən toyunda olub.

- Putinin “Zaporojets”i ilə bağlı tarixçə necə olub? Deyirlər, onun köməyi ilə Siz və iki dostunuz çoxlu pivə udmusunuz?

- Bizim sambo üzrə bir məşqçimiz olub. Bu barədə o danışıb. O vaxt maşın az olurdu, amma Putinin anası “Zaporojets” udmuşdu. Uşaqlar bizimlə mərc gəldilər - doğrudanmı Putinin maşını var? Bununla çoxlu pivə udduq, təbii ki, bir yerdə içdik. 

- Medvedyevlə də tanışsınız?

- Əlbəttə.

- Putin vasitəsilə?

- Yox, niyə ki... O, bizim hüquq fakültəsini bitirib, sonra mülki hüquq fakültəsində dərs deyib. Mən aspirant olanda Medvedyev tələbə idi. O, dosent olanda, mən Leninqrada gedirdim və onu kafedradan tanıyırdım. Onunla öz kurs yoldaşım Putin kimi yaxın münasibətdə olmamışam, ancaq tanımağına tanımışam.

- Necə bilirsiniz, Medvedyev dövləti idarə etməkdə Putindən daha istedadlıdır?

- Onu Putinlə müqayisə etmək düzgün olmaz. Vladimir Vladimiroviçin idarəçilik təcrübəsi böyükdür, Dmitri Anatolyeviç çox savadlı hüquqşünas, istedadlı və perspektivli siyasətçidir.

- Lujkovu niyə istefaya göndərdilər?

- Əvvəla, nəzərə almaq lazımdır ki, onun 74 yaşı var. Bu yaşda olan bütün qoca siyasətçilər könüllü olaraq istefaya gedib: Tatarıstan prezidenti Şaymiyev, Başqırdıstan prezidenti Rəhimov. Onlar da öz respublikaları üçün çox şey ediblər. Son illər göstərdi ki, gücləri tükənir, yeni adamlar, ideyalar, yeni kadrlar lazımdır. Lujkov haqda da eyni şeyi demək olar. O, yaxşı təsərrüfatçıdır. O da Şaymiyev və Rəhimov kimi Moskva üçün çox iş görüb. Son illər göstərdi ki, o, artıq 5-10 il əvvəlki Lujkov deyil. Moskva yeni baxışları olan yeni gənc rəhbərə ehtiyac hiss edirdi. Şaymiyev və Rəhimov müdriklik göstərib özləri getdilər.
Qərar qəbul edən zaman dövlət başçısı heç kəslə məsləhətləşməyə bilər. Düşünürəm ki, bu məsələdə o, öz mövqeyini baş nazir və “Yedinaya Rossiya”nın rəhbəri kimi Putinlə razılaşdırıb. Bunu o da sübut edir ki, Moskvanın yeni meri ilə bağlı məsələni birlikdə müzakirə edirlər.
Putinlə Medvedyev arasında fikir ayrılığı olması barədə KİV-in versiyaları da şişirtmədir. Məhz indi Rusiyada yeni tendensiya müşahidə edilir - bütün prinsipial məsələləri onlar bir-biri ilə razılaşdırırlar. Onlar həmfikirdirlər.

- Siz Rusiyada bizneslə məşğul olursunuz. Anlayıram ki, biznesin öz qaydaları var. Hər halda, erməni biznesmendən Sizə yaxşı işgüzar təklif gəlsə, onu qəbul edərsinizmi?

- Əvvəla, mənə ermənilərdən bizneslə məşğul olmaq barədə təklif gəlməyib. İkincisi, mənim biznesim təkcə mənim deyil, tərəfdaşlarım var. Qərarları kollektiv şəkildə qəbul edirik. Əgər əlverişli təklif olsa, niyə də qəbul etməyəsən? Biz “Slavyanskoye” hotelini alanda payçılardan biri gürcü, “Qrand”ı alanda biri çeçen idi. Hansısa erməni mehmanxana satırsa, bizə əlverişlidirsə, niyə də almayaq? Axı mən tərəfdaşlarıma deyə bilmərəm ki, o, ermənidir, ondan almaq istəmirəm. Biznesdə belə şey olmur.

- İlyas İsmayılovun oğlunun işi ilə bağlı bədxahlarınız Sizin də adınızı çəkir...

- Bu, görünür, onunla bağlıdır ki, məndən edə bilməyəcəyim şeyi - onun azad edilməsi üçün imkanlarımdan istifadə etməyimi gözləyirdilər. Bütün incikliklər bununla bağlıdır. Bir sıra jurnalistlər bunu şişirdib münaqişəli münasibətlər yaratdılar, İlyas İsmayılovun ailəsi ilə qarşılıqlı əlaqələri çətinləşdirdilər.
Mənə bu işlə məşğul olan adamların verdiyi məlumatları öyrənmişəm. Etimadı şəxsən tanıyıram və düşünürəm ki, o, müqəssir deyil. Bu məsələ ilə bağlı əlim çatan hər kəsdən xahiş etmişəm ki, baş verənləri obyektiv araşdırsınlar.

- Hər kəs bilir ki, şəxsi həyatınızla bağlı sual verilməsini sevmirsiniz. Amma...

- Əslində bu, belədir. Nədənsə bütün jurnalistləri respublikanın məşhur adamlarının şəxsi həyatı hər şeydən çox maraqlandırır. Mən bunu anlayışla qarşılayıram, çünki ictimaiyyət şəxsiyyətlər barədə yalnız kütləvi informasiya vasitələri ilə nəsə öyrənə bilər. Amma bunu o vaxt normal hesab edirəm ki, jurnalist bu informasiyadan intriqa, qalmaqal predmeti kimi istifadə etmir. Bu bir. İkincisi, əgər kimsə öz şəxsi həyatı barədə ictimaiyyətə məlumat verirsə, bu, artıq onun şəxsi həyatı yox, cəmiyyətin malı olur. Təsəvvür edin ki, hər birimizin şəxsi həyatı ictimaiyyətə məlumdur. Bu, MTN-in arxivlərinin açılmasından daha dəhşətli olar.
Şəxsi həyatıma gəlincə, həyat yoldaşım vəfat edəndən sonra yeni ailə qurmamışam. Bu gün ailəm qızlarım və nəvələrimdən ibarətdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR