İnsanlara hürriyət, millətlərə istiqlal!

“HAQQI HƏTTA DÜŞMƏNİNDƏN DƏ OLSA, İNKAR ETMƏZ...”

2247 26.02.2010 03:43 Yazarlar A A

Günümüzün ən böyük məsələlərindən biri budur ki, zahiri ibadi məsələlərə riayət edənlərin nisbətən çox olmasına rəğmən, digər öhdəliklərin reallaşdırılması lazımi səviyyədə həyata keçirilmir. Bəli, namaz, oruc və digər vacibatların yerinə yetirilməsi zəruridir, mühümdür. Bunları yerinə yetirməmək Yaradanın haqqını əda etməmək deməkdir. Amma bütün bunların hamısı - bir müqəddimədir. Allah bəndəsi olmağın müqəddiməsi.
İnsanın dini vacibatarı yerinə yetirməsinin əsas hədəflərindən biri İlahi dərgahda olmasının fərqinə varmaqdır. Əziz İslam Peyğəmbərinin (s) həmin müqəddimələrdən düzgün bəhrələnib, doğru-dürüst faydalanıb iman əldə edənlərin vəsfinə aid çoxlu buyuruşu var. Bu buyuruşlardan birində deyilir: “(İman əhlinin) hərəkət və rəftarları mülayim və mehribandır”.
Gördüyümüz kimi, burada mübarək bir standart təqdim olunur. İmana gələn, namaz qılan, oruc tutan, dinin digər vacibatlarını yerinə yetirən insanın digər insanlarla münasibəti, onlarla ünsiyyətdə rəftarları mülayim və mehriban olmalıdır. İnsan dinin vacibatlarını yerinə yetirdikdən sonra, inkişaf üçün geniş bir üfüqlər açılır onun üçün. Və bunların ən mühümü insanın özünü necə aparması ilə bağlıdır. Həzrət Peyğəmbər (s) bunun mübarək standartını açıqlayır. Bu standartlardan xəbərdar olmaq və bunlara əməl etmək ən önəmli vəzifələrdəndir.
Mübarək hədisin davamında Rəsuli-Əkrəm (s) iman əhlinə xas digər sifətləri çatdırır: “Hər bir şeyin ən üstününü, xislətlərin ən dəyərlisini axtarın”. Bəli, imanlı insan digərləri ilə mehribandır. O, hər bir şeydə ən üstün, ən ali olanını axtarır, xislətlərin ən dəyərlisinin ardıncadır.
Daha sonra Peyğəmbərimiz (s) buyurur: “(Onlar) nifrət bəslədikləri kəsə zülm etmirlər və sevdiyi şəxsə görə günaha batmırlar”. Bəli, imanlı insan Allaha xatir zülm və haqqbasmadan çəkinir. O, nifrət bəsləyə bilər, kiminləsə düşmən ola bilər. Amma bu nifrət obyektinə belə, o, zülm verməz. İnsanın sevgisi var, nifrəti var. Amma imanlı insan ədaləti heç zaman buraxmır. Hər bir insanın qəlbində məhəbbət hissi var. Qəlblə bağlı olduğu insanlar var. Amma bu bağlılıq gərək insanı günaha aparmasın. Sevdiyi insanın istədiyini yerinə yetirmək üçün haram işlərin ardınca getməsin. Çünki bunun nəticəsi, aqibəti çox pis olur.

İşgüzarlığın mübarək resepti

Mübarək hədisin davamında Rəsuli-Əkrəm (s) buyurur: “(İmanlı şəxsin) xərci azdır, çox kömək və yardım edir. İşi çox yaxşı yerinə yetirir, sanki onu özü üçün görür”.
Bəli, çox sözlər deyilir bugünkü dünyada effektiv menecment barədə. Müxtəlif reseptlər, çeşidli tövsiyələr təqdim edirlər idarəetmənin səmərəliliyini artırmaq üçün. Və nəzəriyyələr nə qədər müxtəlif olsa da, bunlarda ən mərkəzi yeri insanın öz işinə münasibəti durur. Və bir şey dəqiq və danılmazdır - işə münasibət vicdanlı olmasa, bütün digər məsələlər su üzərində tikili kimi olacaq. Bunu da mübarək dinimiz imanlı şəxsin əsas keyfiyyətləri qismində təqdim edir. Peşə əxlaqı ilə bağlı dəqiq tövsiyələr verir. Və bütün bunlar imanın möhkəm bazisində bərqərar olur.
Bundan əlavə, qənaətin və məsrəflərin azaldılmasının mühümlüyünə də diqqət çəkilir. Xeyriyyəçiliyin, insanlara əl tutmağın, qayğıkeşliyin vacibliyi vurğulanır.Davamında Rəsuli-Əkrəm (s) buyurur: “(İmanlı şəxsin) gözləri aşağı baxır. Bağışlayan əli var - bir şey istəyəni geri qaytarmır. Sözünü ölçüb-biçir və dilini lal edir”.
Çox diqqət edlməli məsələdir. Məxsusən, fəsadla dolu bir mühitdə. Nəzərin aşağı olmasının fəlsəfəsi, özündə fəsadyaradıcı vəziyyətlərə qarşı gerçək profilaktikanı ehtiva edir. Ehtiyaclı insana yardıma gəldikdə, insanın maddi kömək etməyə imkanı olmasa belə, şirin dilə, diqqətə, təsəlliyə nə gəlib? Xoş ünsiyyət ki, göstərmək olar?! Bəzən insanların maddiyyatdan çox, mehribanlığa, mənəvi dəstəyə ehtiyacları var.
Bəli, insanın öz danışığını kontrol etməsi ən ciddi mövzulardandır. İnsan nə gəldi danışmamalıdır. Danışığını iradəvi olaraq həyata keçirməlidir. O yerlərdə ki, onun danışığı atıqdır, gərəksizdir - dilini lal edir. Dedikləri onu Allaha yaxınlaşdırmırsa, danışıqdan pəhriz edər.

Elmi əməl etməyə görə öyrənmək

Mübarək hədisin davamında buyurulur: “(İmanlı şəxs) batili hətta dostundan qəbul etmir. Və haqqı hətta düşmənindən də olsa, inkar etməz”. İmanlı insan yanlış, nahaqq bir şeyi dostundan da qəbul etməz. İnsan öz yaxın insanıdır deyə, haqqdan keçməz. Və düşmənidir deyə, təəssübkeşlik edib, haqqı basmaz. Haqqı, nahaqqı fərdlərə görə yox, Uca Alaha görə müəyyən edər. İmana iddialı şəxsin haqqa qəbuliyyəti var. Haqqı qəbul etmək qabiliyyəti insanın iman göstəricisidir.
İmanlı insanın keyfiyyətlərinin davamında Rəsuli-Əkrəmdən (s) nəql edirlər: “Elmi ancaq bilməyə görə öyrənir və biliyi yalnız əməl etməyə görə əldə edir”.
İmanlı şəxs elm oxumur özünüreklam üçün, öyrənmir kiməsə nəsə sübut etmək üçün. Elm öyrənməkdə hədəfi elmlənməkdir. Elmlənməsi də bildiyinə əməl etmək üçündür.
Mübarək hədisin davamında bildirilir: “Dünyapərəstlərlə rəftar edəndə onların ən zirəki, axirət axtaranlarla olanda - onların ən pəhrizkarıdır”.
İslam ictimai dindir. İnsan ictimai varlıq olaraq bu dünyada yaşayır və bu dünya onun üçün axirətin sınaq məkanıdır. Və onun yaşamı da bu anlama uyğundur: həyatını zirək yaşayır, zəmanənin çağırışlarına adekvat cavab verir və eyni zamanda, pəhrizkar və təqvalı bir durumdadır. Yersiz təvazökarıq etməz, dünyapərəst insanın qarşısında sadəlövhlük etməz. İnsanın ədəbli olması, səmimi ünsiyyət qurması nə qədər mühümdürsə, insanları çaşdıra biləcək, dindarı sadəlövh göstərə biləcək davranışdan çəkinməsi də bir o qədər əhəmiyyətlidir. Amma təqvalı insanların mühitində xüsusilə pəhrizkar olmağa, təvazö etməyə çalışar. Səmimi mühitdə özünü gərgin tutmaz, səmimi olar. Əminliyi var, arxayınlığı var bu mühitdə.

İman nərdivanı

İmanla bağlı pratik əhəmiyyətli buyuruşların birində İmam Cəfər Sadiq (ə) buyurur: “İman 10 pilləsi olan və pllələri biri digərindən sonra qət edilən nərdivan kimidir. Buna görə də ikinci pillədən tutmuş, onuncu pillədə olanlara qədər, heç kəs birinci pillədə olana: ”Sən bir şey deyilsən" deməməlidir".
Mübarək hədisdən bəlli olur ki, imanın pilələri, səviyyələri var. İnsanların fərqli iman dərəcələri var. Amma bu fərqilik əsas verməməlidir ki, daha yuxarı iman mərtəbəsində olan daha aşağıda olanlara həqarətlə baxsın. Daha yuxarı iman dərəcəsində olan gərək daha mehribanlıqla, daha mülayimliklə nisbətən aşağı iman dərəcəsində olanlarla münasibət qursun. Və imanın göstəricisi əslində budur.
Ümumiyyətlə, dinimiz fərqli məqam sahiblərinin qarşılıqlı hörmət ab-havasını dönə-dönə tapşırır. Bununla bağlı İmam Sadiq (ə) xəbərdar edir bəşəriyyəti: “Özündən aşağı pillədə olanı yerə salma ki, səndən yuxarıda olan da səni salar. Birinin səndən 1 pillə aşağıda olmasını görəndə, mehribanlıq və mülayimliklə onu özünə tərəf yuxarı çək; onun çiyninə qüdrətindən artıq yük qoyma ki, onu sındırarsan. Kim mömini sındırsa, gərək onun sınığını müalicə etsin”.
Gördüyümüz kimi, insanlararası münasibətlərin harmonik inkişafı üçün birbaşa göstərişlər var burada. İstər iman mərtəbəsi olsun, istərsə də elm, bilik, imkanlılıq və hər hansı digər təsnifat əsasında, insanlar bir-birlərinə sayğı və diqqətlə yanaşmalıdrlar.
İman mövzusunda Əmirəl-möminindən (ə) buyurulur: “İnsanda 3 xislət olmayınca, imanın tamını dadmaz: dini bilik; bəlalar qarşısında səbir; məişət işlərini düzgün proqramlaşdırmaq”.
İmanlı olmaq istəyən hər kəs çalışmalıdır imkanı daxilində islami dünyagörüşünü öyrənsin, zəruri əhkam məsələləri bilsin. Agah olması üçün, nə etdiyini başa düşməsi üçün dini bilgilər lazımdır insana.
Səbirlə bağlı mövzu da çox önəmlidir. İnsan bilmir nələrlə rastlaşacaq. Amma insanın daxilində olan qabiliyət və istedadların üzə çıxması imtahanlardan keçir. Bəlalar, imtahanlar həmin keyfiyyətlərin üzə çıxması üçündür. Səbir hissi insana bir dayanıqlıq verər, daxilində bir müqavimət yaradar. İnsan Allaha təvəkkül əhvalında yaşamalı və bəlalarla qarşılaşanda səbirli olmalıdır. Bu, onun daxili immunitetinin yaranması üşün zəruri şərtdir.
Məişət mövzusu da insanın həyatında çox mühüm yer tutur. İnsan öz məişət məsələlərini doğru-dürüst proqramlaşdırmasa, güzaranı ilə bağlı mövzuları dəqiq yerbəyer etməsə, imanlılıq zirvəsinə yetişə bilməz. Xırda görünə bilən məsələlər sabah insanı elə məşğul edə bilər ki, bütün güzaranı əldən gedə bilər. Allah-Təala bizləri bu mətləblərdən əməli dərs götürənlərdən qərar versin, inşəallah!

Qiyamətədək davam edən söz

İman daşıyıcılığından şöz açmışkən, Allah-Təalanın insana verdiyi ən böyük nemətlərdən olan söz barədə danışmaq lazım gəlir.
Bəli, Uca Allahın böyük lütfüdür ki, insan danışa bilir və digər insanlarla söz ünsiyyəti qura bilir. Sözlərlə öz düşüncələrini çatdıra bilir. Bəs söz insanı haralara çatdıra bilər?
Allahın Peyğəmbəri (s) buyurur: “Bəzən insan Allaha xoş gələn sözlər danışır və həmin sözün çatdığı yerə çatacağını da güman etmir. Allah həmin sözün səbəbinə öz razılığını Qiyamət gününə qədər ona yazar. Bəzən insan Allahın qəzəbinə səbəb olan söz danışır və həmin sözün çatdığı yerə çatacağını da güman etmir. Allah bu sözün səbəbinə öz qəzəbini, onunla görüşəcəyi günə qədər onunçun yazar”.
Elə sözlər var ki, onlarda Allahın razlığı var. Və insan fərqinə varmır ki, bu sözün onun aqibəti üçün nə böyüklükdə əhəmiyyəti var. Qiyamət gününə qədər onun karına gələr bu söz.Amma insan bunun tam əksini də edə bilər. Elə söz deyə bilər ki, Qiyamətədək onunçün İlahi qəzəbə düçar olar. Allah insanı belə aqibətdən saxlasın!
Mübarək dinimizdə söz tacirliklə müqayisə edilir. Bir tacirliklə ki, insanın durumunu da nəcib edər, cəmiyyətdə də gözəl münasibətlərin yaşadılmasını təmin edər. Rəsuli-Əkrəm (s) buyurur: “Ən gözəl sənət elə tacirlikdir ki, söz danışanda yalan deməsinlər, onlara bir əmanət tapşırılanda xəyanət etməsinlər, vəd verdikdə vədlərinə xilaf çıxmasınlar, bir şeyi alanda onu pisləməsinlər, bir şeyi satanda onu tərifləyib təbliğ etməsinlər, borclu olduqda (öz borcunu almaq üçün) təzyiq göstərməsinlər”.
Gördüyümüz kimi, burada sözün dəyərinin vuğulanmasından tutmuş, sözün müxtəlif vəziyyətlərdə tətbiqinə qədər bir çox çalarlar öz əksini tapmışdır. Faktiki olaraq, toplumda etimad ab-havasının bərqərar olunmasına gətirən əməli düsturlar təqdim edlir.

Oxdan iti olan söz

Sözün kəsərliliyi, təsiri barədə çox söz deyilib. Yaxşı söz nə qədər müsbət hala səbəb olursa, yaman söz də bir o qədər destruktiv səciyyəlidir. Sözün ən pis tətbiqlərindən biri də yalan fenomenidir. Yalan özlüyündə çox iyrənc bir hal olmaqla yanaşı, təsiri baxımından xeyli dərəcədə dağıdıcı mahiyyətlidir. Belə ki, deyilən sözə etimad itdikdə, insanlarda qarşılıqlı yadlaşma meylləri kök salır və etibarsızlıq mühiti cəmiyyətin dərinliklərinədək sirayət edir. İmam Əli (ə) buyurub: “Sözlərin ən pisi yalandır”.
Sözün destruktiv niyyətlər üçün tətbiqatı dinimiz tərəfindən dönə-dönə pislənir. Bunların arasında insanı rüsvay etmək, abrını aparmaq üçün söz toplamaq vərdişi çox pislənmişdir. Dinimiz sözdən belə sui-istifadənin dəhşətli perspektivləri barədə xəbərdar edir. Peyğəmbəri-Əkrəmdən (s) nəql edirlər: “Küfrün ən az dərəcəsi budur ki, insan öz qardaşı haqda bir söz eşitsin və onu (bir gün) rüsvay etmək üçün saxlasın. Belələrinin xeyir və yaxşılıqdan nəsibləri olmaz”.
Sözün təsiri barədə də mühüm xəbərdarlıqlar edilmişdir. Həzrət Əlidən (ə) nəql edirlər: “Nə qədər söz var ki, yürüşdən daha kəsərlidir”. Sözlər var ki, qoşunun edə biləcəyindən artıq təsirə malikdir. Həm müsbət təsir baxımıdan, həm də mənfi. İmam Əli (ə) buyurur: “Oxdan daha iti olan söz nə qədər də çoxdur”.
Belə olan təqdirdə söz əhlinin məsuliyyətinin böyüklüyü bəlli olur. Söz əhli öz dedikləri və yazdıqları ilə insanları böyük ruh yüksəkliyinə də təşviq edərlər, ruhi tənəzzülə də gətirə bilərlər. Bu mövzuda Allahın Peyğəmbərindən (s) nəql edirlər: “Həqiqətən mömin öz qılıncı və dili ilə cihad edər. And olsun canım Onun qüdrət əlində olana, mömin şairlərin sözləri düşmənə vurulan ox kimidir”.

Əhli-beyti (ə) yad etmək - Xocalı yarasını unutmamaq

Şairin vəzifəsi pisliklərə ikrah yaratmaq və yaxşılıqlara, kamilliklərə rəğbət qazandırmaqdır. Bu sırada bəşər içində kamillik təcəssümü olan Məsumların (ə) ilahi keyfiyyətlərinin mədh edilməsi, nəcib sifətlərin insanlara təbliğ edilməsi xüsusilə böyük əhəmiyyət daşıyır. Həzrət Peyğəmbər (s) və Əhli-beytin (ə) nurani keyfiyyətləri vəsf etmək insanın qəlbində gözəlliklərin bərqərar olunmasına güclü yardım edir. İmam Cəfər Sadiqdən (ə) bu mövzuda nəql edir: “Kim bizim barəmizdə bir beyt şer desə, Allah Təala onunçün Cənnətdə bir ev tikər”.
Haqqı yazanlar hər zaman öndə olublar. Təqib olunublar, incidiliblər, zindanlara salınıblar, amma dəmir barmaqlıqların arasından da insanlara sözlərini çatdırıblar. Vəzifə və məqam sahiblərini mədh edənlərin yazdıqlarının öz yaxınları tərəfindən belə dəyərsiz bir şey kimi qiymətləndirilməsinə rəğmən, həqiqi SÖZ dildən-dilə, məmləkətdən-məmləkətə ötürülüb, zaman və məkan sərhədləri tanımayır.
Başqa yerdə İmam Sadiq (ə) buyurur: “Bizim barəmizdə bir beyt şer deyən elə bir şair olmayıb ki, Müqəddəs Ruh ona kömək etməmiş olsun”. Peyğəmbər (s) və Əhli-beyti (ə) barədə söz demək yalız mədh etmək mənasında deyil ki! Yazar əgər günündə baş verənləri qələmə alırsa, haqqın müdafiəsinə qol qoyursa - Məsumların (ə) idealları ilə həmahəng olur. Haqqın difasında hər nə söz deyirsə elə Əhli-beyt (ə) üçün demiş kimidir.
Yaşadığımız günlər Xocalı qətliamının ildönümünə təsadüf edir. Erməni faşizminin yüzlərlə günahsız insanı qanlarına qəltan etdiyi gündür bu. Daşnak ideologiyasının bütün vəhşiliyinin tam aydınlıqla təzahür edildiyi bir gün. Qan yaddaşımıza əbədi olaraq həkk olunan gün. Toplumu qeyrətə səsləyən, tapdaq altında olan Vətən torpaqlarını unutmağa qoymayan bir təbildir Xocalı. Əslində Qarabağ savaşının bir soyqırımı siyasətinin tərkib hissəsi olmasını isbat edən gündür bu. Xocalı barədə haqqı demək, haqqı çatdırmaq Peyğəmbərimizin (s) və Əhli-beytinin (ə) mübarək yoluna beyət etmək istəyənin vəzifələrindəndir. Bu soyqırımını unutmağa qoymamaq cəmiyyətin hər bir üzvünün üzərinə düşən vəzifələrdəndir. Söz əhlinin, qələm əhlinin bu baxımdan məsuliyyəti xüsusilə böyükdür.
Cəmi söz əhli üçün, hər biri üçün elə bir aqibət diləyirik ki, sözünün qədrini, ünvanını, hədəfini, məqsədini bilsin, Allahın bəyəndiyi sözün yiyəsi olsun!
Allahım! Bizləri dünya və axirətdə Həzrət Peyğəmbər (s) və Əhli-beytindən (ə) ayrı salma! Amin!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR