Hansı partiya İbrahimbəyov üçün 40 min imza toplaya bilər?
A.Hacılının bu açıqlaması Milli Şuradakı digər tanınmış partiyaların da Rüstəm İbrahimbəyov üçün 40 min imza toplamağa hazır olub-olmadıqları sualını ortaya çıxarıb. Bu sualla həmin partiyalara müraciət etdik.
KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, Müsavatın Məclisində İsa Qəmbərin o cür bəyanat verməsi çox təbii idi. Bu, Müsavatı qınayanlara cavablardan biri sayılmalıdır: “İsa bəy bununla ”Bax biz buna da hazırıq, siz nə deyirsiniz" ismarışını verdi. İsa Qəmbərin taktikası çox normal taktikadır. O ki qaldı KXCP-nin Rüstəm İbrahimbəyova imza toplamasına, biz özümüzə necə imza toplamağı nəzərdə tutmuşduqsa, vahid namizədə də imza toplamağa hazırıq. Bütün gücümüzü də bu yolda səfərbər edərik".
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, əgər Müsavat Partiyası Milli Şuranın vahid namizədi üçün imzatoplama kampaniyasında bu qədər ciddi şəkildə iştirak etmək istəyirsə, bunu müsbət qarşılayır. S.Əkbər bəyan etdi ki, ACP nəinki imza toplamaq işində, bütün seçki kampaniyasında bütün resursları ilə iştirak etməyə hazırdır: “Mənə elə gəlir ki, Milli Şuranın üzvü olan hər bir siyasi partiya buna hazır olmalıdır”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya görə, təmsil olunduğu partiya praktiki fəaliyyətində sübut edib ki, müxalifət cəbhəsində mübarizənin əsas ağırlığı üzərinə götürmüş təşkilatdır: “AXCP-nin insan resursları, bölgələrdə təşkilatlanması o səviyyədədir ki, imzatoplama kampaniyasını çox uğurla və qısa müddətdə həyata keçirsin. Bəllidir ki, Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədidir. Ona görə də onun namizədliyinin qeydə alınması üçün tələb olunan 40 min imzanın toplanması hər hansı bir partiyanın xətti ilə yox, Milli Şuranın seçki qərargahı vasitəsilə həyata keçiriləcək. Seçki qərargahında iş bölgüsü aparılacaq və hər kəs öz üzərinə düşən işi həyata keçirəcək. Əgər Milli Şuranın seçki qərargahında Rüstəm İbrahimbəyov üçün imzaların toplanması AXCP-yə həvalə olunacaqsa, bu işi AXCP-nin yüksək səviyyədə həyata keçirmək imkanı var”.






