İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamid Karadeniz: “Kim Türkiyəyə, Azərbaycana qarşı necə davranacaqsa, qarşılığını görəcək”

1380 02.04.2015 08:20 Müsahibə A A

Qardaş Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı möhtəşəm tədbirin hazırlıqları davam edir. Bu arada Milli Məclisin deputatı Fazil Mustafa 24 aprel tarixində Çanaqala Zəfərinin 100 illiyini Azərbaycanın da rəsmi şəkildə qeyd etməsi təklifini irəli sürüb. Deputat bu təklifi Milli Məclisdə də səsləndirəcəyini qeyd edib. Bu məsələni də əhatə edən suallarla Türkiyənin Azərbaycandakı səfirliyinə yeni təyin olunmuş mətbuat üzrə müşavir Hamid Karadenizə müraciət etdik. 

- Hamid bəy, Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı hazırlıqlar nə yerdədir? Bu törənlərdə başlıca mesaj, əsas hədəf nə olacaq?  

- Türkiyə Çanaqqala zəfərinin 100-cü ildönümündə dolayısı ilə bütün dünyaya bir mesaj verir. Prezidentimiz başda olmaqla, iqtidarımız bununla deyir ki, ey dünya,  biz savaş, düşmənlik istəmirik, barış, qardaşlıq, insan kimi yaşamaq tərəfdarıyıq. Biz hər kəsə barış əlimizi uzadırıq. Prezidentimizin bəyanatlarında da bu, zaman-zaman yer alır. Biz hər kəsə gül - çiçək uzadırıq. Nifrətlər, düşmənliklər, qovğalar aradan qalxsın, barış, qardaşlıq, hüzur üzərinə bir dünya quraq, deyirik. Bunun üçün Çanaqqalada böyük bir tədbir düzənlənəcək. Amma bunun qarşılığında Ermənistan kin, nifrət üzərində tədbir keçirəcək. 

Kimlərisə Ermənistana çağırıb Azərbaycana, Türkiyəyə, türklərə qarşı kin və nifrət tədbiri keçirəcəklər. Bizimlə onların fərqi budur. Bütün dünyaya barış, qardaşlıq, hüzur gətirilməsi, dünya insanının firavan yaşaması üçün deyirik ki, keçmişdə yaşananlar olub, keçib artıq. Çanaqqala zəfərinə dünya güclərinin liderləri də çağırılıb. Artıq keçmiş keçmişdə qalıb, buyurun, gəlin, dünyanı gözəlləşdirək, firavan yaşayaq, deyirik. 

- Prezidentlər səviyyəsində mərasimə kimlər qatılacaq, indiki situasiya üçün məlumatımız varmı?  

- Hazırda konkret say və ya ad deyə bilməyəcəyəm. Amma uzaqdan-yaxından, Çanaqqala ilə əlaqəli olan, o dövrdə savaşa qatılanların hamısı dəvətlidir. 

- Putin və Olland isə Ermənistanı seçdi... 

- Təbii, hər kəs sevdiyi ilə bərabər olacaq. Onların da seçimi belə oldu. Bizim prezidentimiz hər zaman eyni şeyi söylədi: “Biz qardaşlıq, barış, hüzur istəyirik. Kim barış, qardaşlıq, hüzur istəyirsə, buyursun, Çanaqqalaya gəlsin”. Ermənistan və ona yaxın olanlar da istədiklərini seçirlər. Onlar hələ də kin, nifrət üzərində bir şeylər edirlər. 

- Çanaqqala zəfərinin keçirildiyi gün - 24 apreldə yalançı “erməni soyqırımı”nın 100 illiyi İrəvanda qeyd olunacaq. Ermənilərin “soyqırım” şousunun məntiqi nəticəsi olaraq Türkiyəyə qarşı sərt təpkilər başladıla bilərmi?

- Təbii keçmişdə bunu tanıyanlar oldu. Türkiyə bu məsələyə çox önəm vermir. Kim Türkiyəyə, Azərbaycana qarşı necə davranacaqsa, qarşılığını görəcək. Türkiyə açıqca, qəti şəkildə söyləyir ki, biz qardaşlıq, barış istəyirik. Kimin mövqeyi necə olacaqsa, biz də ona uyğun şəkildə siyasətimizi, mövqeyimizi sərgiləyəcəyik. Bizim bu məsələdə mövqeyimiz açıq və qətidir. Sayın cümhurbaşqanı hər dəfə dedi ki, biz hər kəsə qardaşlıq, barış əli uzadırıq, gəlin qardaşlığı birlikdə paylaşaq, dünyada firavan yaşayaq. Yəni hədəfimiz budur.

- Azərbaycanın millət vəkili Fazil Mustafa Çanaqqala zəfərinin Azərbaycanda da dövlət səviyyəsində keçirilməsini təklif edib. Sizin buna münasibətiniz maraqlı olardı...  

- Allah razı olsun, nə gözəl. Əlbəttə ki, Türkiyədə savaşların baş verdiyi zaman Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycandakı qardaşlarımızın köməyinə gəldi. Eyni zamanda burdan da azərbaycanlı qardaşlarımız Çanaqqala savaşında qardaşlarının yardımına getdi. Yəni o zaman qardaşlığın ən zirvə dönəmini yaşadıq. Bu gün də onları yad etmək tarixə bir yolçuluq etmək, bu olayları bizdən sonra gələn nəsillərə də təqdim etmək paylaşma adına gözəl bir şeydir. Şəxsən mən bunu təqdir edirəm. Əlbəttə ki, Türkiyə ilə Azərbaycanın qardaşlığı dünyada nadir rast gəlinən qardaşlıqdır. Bizim tarixi, mədəni, qan bağlarımız, tarixi dərinliyimiz var. “İki dövlət, tək millət”  boş yerə söylənilməyib. Bunu deyənlər bu işin icrasında, şüurunda olan insanlardır. Onun üçün də Azərbaycanın üzüntüsü üzüntümüz, sevinci sevincimizdir. Azərbaycanlı qardaşlarımız üçün də Türkiyə eyni məna kəsb edir. 

- Hamid bəy, Ənvər Paşanın nəvəsi Bakıya gəlir. Türkiyə səfirliyinin bununla xüsusi proqramı varmı? 

- Təşkil olunmuş bir səfərdir. Səfirliyi ziyarət edərlərsə, səfirimiz də, hazırda iznlidir, gərgin qrafiklə çalışır, ona görə hazırda konkret fikir bildirə bilmirəm. Lakin dolayısı ilə səfirliyimizdə olarlarsa, səfirliyimizin onu qonaq etməsi böyük şərəf olar...

Elşad PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR