İnsanlara hürriyət, millətlərə istiqlal!

HAMI PİANO ALSIN...

2310 03.03.2010 01:34 İqtisadiyyat A A
Ölkədə hansı sahəni qurdalayırsan, oraya hörmətli Heydərovun əl qoyduğu aşkarlanır. Ən pisi odur ki, bir çox iqtisadi sferaları inhisara alan K.Heydərov ona aid olan müəssisələrin, şirkətlərin istehsal etdiyi, yaxud idxal etdiyi malları yerli istehlakçılara zorla satırlar, yaxud da onun satılmasında inzibati üsullardan istifadə edilir. Məsələn, bir neçə il öncə hörmətli Heydərova məxsus “Gilan-Holdinq” şirkətlər qrupuna aid olan Qəbələ Konserv Zavodunun istehsal etdiyi “Jalə” şirələrini mağazalarda zorla satdırırdılar. Yəni mağazaları ancaq “Jalə” şirələri satmağa məcbur edirdilər, əks halda, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib həmin mağazanı möhürləyirdilər. Həmçinin şadlıq evlərini, restoranları da analoji təzyiq göstərməklə bu şirələri alıb istifadə etməyə məcbur edirdilər. Bundan başqa, Heydərovun nəzarətində olan Gömrük Komitəsi ölkəyə idxal edilən şirələrə görə gömrük rüsumunu artırdı, bu səbəbdən həmin şirələr 1 manat 20 qəpikdən 2 manata qalxdı, həmin vaxt isə “Jalə” 1 manata təklif olundu. Kasıb Azərbaycan əhalisi isə keyfiyyətindən danışmağa belə dəyməyən “Jalə” almağa məcbur oldu.
Daha sonra Heydərovun nəzarətində olan “Kaspi-Yıldız” şirkətinin satdığı yanğınsöndürmə balonları inzibati üsullarla ofislərə, yaşayış binalarına sırındı.
İndi də çox yaxın aylarda məktəblərə, bağçalara, restoran və şadlıq evlərinə, mədəniyyət mərkəzlərinə, əyləncə klublarına, diskoteka və barlara “Gilan” piano fabrikinin istehsal etdiyi musiqi alətlərinin zorən satılmasının şahidi ola biləcəyik. Bəlli olduğu kimi, bu yaxınlarda Heydərov özəl mülkiyyətinə çevirdiyi Qəbələ rayonunda piano fabriki açıb. Prezident İlham Əliyev də bir neçə gün öncə fabrikinin açılışında iştirak edib. Müəssisədə ildə 1200-1500 piano istehsal ediləcək.
Ölkəmizdə piano istehsal edilməsi yaxşı haldır. Bu həm də yeni iş yeri deməkdir. Amma problem ondadır ki, həmin pianoları zorla satdıracaqlar. Sənin obyektində pianoya ehtiyac olub-olmamasının məsələyə heç bir dəxli yoxdur. Sən sadəcə, piano alıb, “fövqəlnazir”in büdcəsinə xeyir verməlisən. Necə deyərlər, hamı piano alsın, xeyir “fövqəlnazir”ə qalsın...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR