İnsanlara hürriyət, millətlərə istiqlal!

HAKİMİYYƏTİN MÜSAVATA TƏKLİF ETDİYİ YERLƏR YARARSIZ ÇIXDI

1649 06.03.2012 09:19 Ölkə A A

Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu hesab edir ki, hakimiyyətin qurultay üçün normal yer təklif etməməsi səbəbsiz deyil: “Çünki hakimiyyətin özü normal deyil. Müsavatın gücü və dünyadakı prosesləri dəyərləndirib yüksək səviyyəli qurultayın keçirilməsini istəmirlər. Cəmiyyətdə partiyaların ayaqda olduğu, mübarizə apardığı görünəcək. Ona görə ehtiyatlanırlar. Yoxsa bu qədər söz-söhbət yaranmazdı. Azərbaycan dövlətini yaradan Müsavat Partiyasına qurultay keçirməyə yer verməmək rəzalətdir”.

Qeyd edək ki, BŞİH-in Müsavat Partiyasına qurultay üçün təklif etdiyi yerlərdən biri də Maştağa qəsəbəsindəki Məmmədyarov adına mədəniyyət klubudur. Ötən gün sözügedən klubdakı şəraiti öyrənmək üçün deyilən yerə baş çəkdik.
Məlum oldu ki, əslində klub fəaliyyət göstərmir və istifadəyə tamamilə yararsızdır.
Şəkillərdən də göründüyü kimi, bura klub demək gülünc olardı. Binanın hər iki tərəfdən olan qapısı qıfıllanıb, şüşələri çilik-çilikdir. Tavan və döşəmə sıradan çıxıb, oturacaq və başqa avadanlıqlar yoxdur. İçəridə yalnız bilyard masası gözə dəydi. Ümumiyyətlə, bu “klub” baxımsızlıqdan məhv olub. Binanın üstündə yazılmış “Məmmədyarov” sözünü oxumaq üçünsə gərək mer Hacıbala Abutalıbov kimi uzaqgörən olasan.

Öyrəndik ki, klub bir müddət çayxana kimi fəaliyyət göstərib. Sakinlər klubda sonuncu dəfə nə vaxt ictimai-siyasi və ya mədəni tədbirin təşkil olunduğunu xatırlamırlar. Binanın bir tərəfində polis şöbəsi yerləşir. Yaxınlığındakı çayxanadan klubun sahibini soraqlasaq da, onu gördüm deyən olmadı.
Maştağa sakinlərinin sözlərinə görə, klub çoxdan bu vəziyyətdədir və sahibinin kim olduğunu bilmirlər. Hakimiyyət isə Müsavat Partiyasına məhz bu yerdə qurultay keçirməyi tövsiyə edib. Deyilənə görə, klubda 300 nəfərlik yer var.
Təklif olunan yerlərdən biri isə Əmircan qəsəbəsindəki mədəniyyət klubudur. Analoji vəziyyət burda da hökm sürür, heç bir şərait yoxdur. Əmircan klubunda da danışmağa kimsə tapa bilmədik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR