İnsanlara hürriyət, millətlərə istiqlal!

HAKİMİYYƏTİN ƏN İRİ GƏNCLƏR TƏŞKİLATINA QARŞI KORRUPSİYA İTTİHAMI

2314 10.08.2012 09:51 Siyasət A A

Yazıda “İrəli”nin 25 min üzvü olduğu və təşkilatın üzvlərindən pul yığmadığı qeyd olunur: “Maraqlı burasıdır ki, heç bir ideologiyası olmayan, rejimi müdafiəyə əsaslanan qurumda bu qədər gənc hansı əsasla birləşib... Araşdırmaya rəsmi saytlarından (http://ireli.az/) başlayıram. Mən ilk növbədə maliyyənin mənbəyi ilə maraqlandım. Çünki heç kim pulu elə-belə vermir, pul verən nə isə almalıdır. Saytda ”tərəfdaşlar" bölməsi (http://ireli.az/activity/partners/) var. Gördüyümüz kimi, bu bölmə boşdur. Yəni rəsmi sayt deyir ki, “İrəli”nin tərəfdaşı yoxdur. “İrəli”nin bir çox bahalı layihələr həyata keçirdiyi, böyük xərclər tələb edən işlər gördüyü faktdır. Elə ofislərinin Bakının ən bahalı yerində - İçərişəhərdə olması (əvvəlki ofis Nizami (“Tarqovı”) küçəsində idi) hər şeyi deyir. Bundan başqa, saytdan da bu məqamları görmək olar. Belə ki, “layihələr” bölməsindən (http://ireli.az/activity/projects/) görürük ki, “İrəli” indiyə kimi 102 layihə həyata keçirib. Layihələrlə tanış olaraq, görmək olar ki, kifayət qədər maliyyə tələb edən işlərdir".
Yazı müəllifi təşkilatda vəzifə sahiblərinin maaş aldığını da qeyd edir: “Əldə etdiyim məlumata görə, minimum maaş 200, orta maaş isə 500-600 manatdır. Məsələn, sıravi katib 600 manat maaş alır. Bu maaş alanlara 1 sədr, 6 həmtəsisçi, 10 İdarə Heyəti üzvü, 5 Mərkəzi Nəzarət Təftiş Komissiyası üzvü, 9 Katiblik üzvü, təhsil müəssisələri üzrə 36 koordinator da daxildir. Maaş alan qismə yuxarıda sadaladığım yüzlərlə layihə, mərkəz, klubun fəaliyyətini, həyata keçirilməsini təmin edən çoxsaylı gənci də qatsaq, xərclər QHT üçün fantastik ədədlərlə ifadə olunacaq”.
Müəllif təşkilata bəzi nazirlərin kömək etdiyini də vurğulayıb: “”İrəli" naminə dövlət məmurları və özəl təşkilatlar, loru dildə desək, “tavana otuzdurulublar”. Məsələn, “Azercell” şirkətinin aylıq olaraq 40 min, “Bakcell” şirkətinin isə 30 min manat “İrəli”yə pul ayırdığı deyilir. Məmurlardan nazirlər bu “tavan”ın əziyyətini çəkirlər. Belə ki, “İrəli”nin müxtəlif bahalı layihələri ayrı-ayrı nazirlərin boynuna qoyulur. Dövlətin “İrəli”yə yalnız kompyuter üçün ayırdığı 400 min ABŞ dolları yeyildikdən sonra, bu qədər pula alınmalı olan qədər kompyuterləri “HP” şirkəti təmin edib. 2011-ci ildə “İrəli” “Weblog” adlı bloq şəbəkəsi yaratmaq üçün 20 min manatdan çox pul alıb. Lakin şəbəkə tezliklə bağlanıb. Müqayisə üçün bildirim ki, “Weblog”dan daha effektiv işləyən oxşar təyinatlı “Azblog” şəbəkəsi ilə 100-150 manat xərclə fəaliyyət göstərir. “Bloq müsabiqəsi” layihəsi üçün “İrəli”yə 3 ay üçün 200 min manat pul verilib. Halbuki layihə 1 illik 15 min manata həyata keçirilə bilərmiş. “İrəli” bu layihəni də reallaşdırmayıb, pullar isə sadəcə gedib".
Yazıda davam edən bu və digər ittihamlarla bağlı “İrəli”çilərin də mövqeyini öyrənməyə cəhd etdik. Lakin qurumun keçmiş sədri Ceyhun Osmanlı çoxsaylı telefon zənglərimizə cavab vermədi. Təşkilatın mətbuat xidmətinin rəhbəri Nəzakət Əliyeva ilə telefon əlaqəsi yaratdıq. Mətbuat xidmətinin rəhbəri yazıda qeyd olunanların yalan olduğunu bildirdi: “Bizim saytımızda bütün tədbirlər açıq-aydın şəkildə göstərilib. Müəllif anonimdirsə burada başqa söz deməyə ehtiyac yoxdur”.

- Ümumiyyətlə, siz üzvlərinizdən üzvlük haqqı yığırsınız?

- Biz üzvlərimizin heç birindən pul yığımırıq. Bizdə üzvlük tam ödənişsizdir. Bizim layihələrə ekspertlər də dəvət olunur. Yəni biz ekspertlərə pul vermirik. “İrəli” artıq brenddir...

- Yazıda “Azercell” və “Bakcell” şirkətlərinin hər ay sizə 30-40 min manat pul verdiyi yazılır.

- Hansı layihəyə görə bizə o qədər pul veriblər?

- Bunu siz deyə bilərsiz.

- Yalandı. Çünki bizim yerli layihəmiz yoxdur.

- Belə başa düşdüm ki, sizə heç bir yerdən pul ayrılmır.

- Xeyr. Bəzi partnyorlarımız bizə kompyuterlə dəstək göstərir. Biz həmin kompüterlər vasitəsilə gənclərin intellektual biliklərini artırırıq. Daha sonra da həmin kompyuterləri şirkətin özünə qaytarırıq. Bizə heç bir yerdən pul verilmir.

- Heç yerdən pul ayrılmırsa və üzvlərinizdən üzvlük haqqı yığmırsınızsa, tədbirləri, səfərləri, layihələri necə maliyyələşdirirsiniz?

- Mən çox üzr istəyirəm, gedəcək vacib yerim var. Ona görə danışa bilməyəcəm...
“İrəli”nin indiki sədri Rauf Mərdiyevlə də əlaqə saxlayırıq. O, mətbuat xidmətinin dediklərinin tam əksini danışır, hətta “İrəli” üzvlərindən üzvlük haqqı yığıldığını da diqqətə çatdırır: “Bu məlumatlar böhtan xarakterlidir. Bu yazı heç bir fakta əsaslanmayıb, cəfəngiyyatdır. Nizamnaməmizdə də qeyd olunub ki, ”İrəli"çilər üzvlük haqqı verə bilər. Layihələrimizlə bağlı tərəfdaşlarımız var. Geniş məlumat almaq üçün saytımıza daxil olub baxa bilərsiniz..."

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR