İnsanlara hürriyət, millətlərə istiqlal!

HAKİM ZİYA ƏLİYEVİ REKET REDAKTORLA NƏ BAĞLAYIR?

2239 28.04.2010 09:53 Ölkə A A
Hakim Z. Əliyev A. Ayxanın vəkili Elçin Sadıqovun məhkəmə hazırlıq iclasında qaldırdığı vəsatətlə bağlı qərarı açıqlamalı olsa da, birbaşa hazırlıq iclasının yekunu barədə qərarı elan edib.
Hazırlıq iclasının qərarına əsasən, heç bir əsası olmayan iddia üzrə cinayət işi icraata qəbul edilib və məhkəmə prosesi mayın 6-sı saat 14.30-a təyin edilib. Həmçinin, A.Ayxandan başqa yerə getməmək barədə iltizam alınıb. Vəkil E.Sadıqov bildirib ki, əslində hazırlıq iclası davam etməli idi: “Bu, sifariş əsasında həyata keçirilən məhkəmədir”. N.Quiliyev və D. Əmirova “Yeni Müsavat”ın onlar haqqında böhtan, şərəf və ləyaqəti alçaldan yazılar dərc etdiyini iddia edirlər. Xatırladaq ki, Nazim Quliyevin barəsində məhkəmə reketçiliyə, dələduzluğa, şantaja, narkomanlığa və narkotik alverinə, böhtan atmaya görə 13 il 3 ay müddətinə həbs cəzası çıxarıb.
Nəzərə çatdıraq ki, Nazimlə Dilşad Əmirovanın “Yeni Müsavat” qəzetinə qarşı iddia qaldırmalarına səbəb “reket” baş redaktorla ictimai fəal xanımların məhkəmə prosesini işıqlandırmağımızdır. Belə ki, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Qarabağın Həcəri kimi tanınan Səbirə Mahmudova və digər şəxslər Nazimin şantajlarına məruz qaldıqları üçün ondan məhkəməyə şikayət etmişdilər. Məhkəmə 2008-ci ildə onun həbsi barədə qərar verəndən sonra o, 6 aya yaxın qaçıb gizləndi. Bu müddətdə ondan iddiaçı olan şəxsləri keçirdikləri mətbuat konfransında dediklərini, həmçinin verdikləri açıqlama və məlumatları dərc etmişik. Bu xəbərlərin içərisində Nazim kimi şantajçının Dilşad Əmirova tərəfindən maliyyələşdirilməsi və bunun onun özü tərəfindən etiraf edilməsi də yer alıb. Azər Ayxanın bu məsələ ilə bağlı məhkəməyə verilməsi ictimai fəal qadınları da qəzəbləndirib. Ötən gün redaksiyamızda olan Səbirə Mahmudova bildirdi ki, 2008-in sentyabrından bu yana 10 ildən yuxarı bu məmləkətin ictimai-siyasi xadimlərinə, ziyalılarına qarşı mənəvi terror yolu tutmuş şantajçı, böhtançı N.Quliyevə və havadarlarına qarşı cəbhə açıb: “Mən indiyə qədər açıqlamadığımız faktları danışacam. Nazim Azərbaycan qadınını ən nalayiq sözlərlə aşağılayırdı. Tənzilə Rüstəmxanlı da şərəf və ləyaqət uğrunda savaşını açıb, biz birgə Azərbaycan qadının müdafiəsinə qalxmışıq. Mən 2008-ci il oktyabrın 17-də Heydər Əliyev Sarayının önündə şəxsən ölkənin birinci ledisi, Azərbaycan qadınını dünyada təmsilçisi, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Nazimin qəzetlərini təqdim etmişəm və onun haqqında ölçü götürülməsini xahiş etmişəm. Sonra biz qadınlar ölkə başçısından Azərbaycan qadının şərəf və ləyaqətini qorumağı xahiş etmişik. Bizim məhkəmə çəkişmələrimiz ölkə rəsmilərinin birbaşa nəzarətində aparılıb, Nazim layiqli cəzasına çatıb. İndi yenə həbsdə ola-ola başqa bir qəzet çıxarır, içəridə ola-ola yenə də bir çox görkəmli adamları şantaj edir. Nazimlə bizim məhkəmə çəkişməmizə səbəb 2007-ci ilin fevralında onun Tənzilə xanım haqda anonslar verməsi olub.... Hər yerdə də deyirdi ki, biz Bəylər Əyyubovun adamıyıq. Mən ona dedim ki. Bəylər müəllimə çıxıb, bunu ona deyəcəm. Bundan sonra Nazim məni də hədəfə aldı. Müharibə tariximi ləkələməyə çalışdı. Mən onu məhkəməyə verəndən sonra Dilşad Əmirovadan ölüm təhdidləri almağa başladım. Bu haqda bütün hüquq-mühafizə orqanlarına məlumat vermişəm. Bu işlə bağlı o, istintaqçılar tərəfindən dindirilib. Respublika Prokurorluğu onun haqqında araşdırmalar aparandan sonra bu iş Daxili İşlər Nazirliyinin öhdəsinə buraxılıb”.
S.Mahmudova dedi ki, məhkəmə çəkişməsi ərəfəsində Nazimin vəkili Elbrus Sarıvəlli onu vəkil Kamandar Nəsibovun ofisinə dəvət edib: “Kamandar Nəsibov Nazimin görünməyən vəkilidir. Orada mənə 100 min manat təklif olundu ki, bu pul Nazimin ”krışası" tərəfindən qəhrəman qadın olduğuna görə mənə göndərilib, əvəzində geri çəkilim. Soruşdum ki, bu “krışa” kimdir, Nazimin qardaşı Bəhruz dedi ki, “bilmirsən, Bəylər Əyyubovdur?” Onda mən demişəm ki, Bəylər Əyyubovla görüşməyə çalışacam. Bundan sonra mən Penitensiar Xidmətin rəis müavini Mahir Musayevin yanına gedib, ondan xahiş etmişəm ki, Bəylər Əyyubovla görüşməyimə kömək etsin. Onlar vaxtı ilə iş yoldaşı olublar. Ona danışdım ki, niyə görüşmək istəyirəm. Nazim isə 19 mayda məhkəmə fasiləsində mənə yalvardı ki, 7 aydı balamı görmürəm, bura qədər elədiyiniz bəsdir, imkan verin mən korrupsiya işindən çıxım. Mən də demişəm ki, çıxa bilirsənsə çıx. Sonradan Bəhruz mənə bu işdə ölkə başçısına yaxın adamların onlara köməkliyi olduğunu, hətta birinci ledinin bacısı Nərgiz xanıma, ağsaqqal Arif Paşayevə çıxdıqlarını, onların bağında anası ilə birgə görüşdüklərini dedi. Tənzilə xanım isə öz kanalları ilə bütün bunların yalan olduğunu öyrəndi. Hətta Tənzilə xanıma həmin vaxtlar möhtərəm akademik Cəmil Əliyevin adından da telefon açmışdılar ki, bu işi dayandırın. Bəhruz deyirdi ki, anam Bəylər Əyyubovla 40 dəqiqə danışıb, kimsə çaşsa, “nakazat” ediləcək. Lakin Bəylər Əyyubov onları yerində oturtdu. Bundan sonra Quliyevlər başqa adamların adından istifadə etməyə başladılar. Bəhruz MTN-in də arxalarında durduğunu, gələcəkdə Tənzilə Rüstəmxanlının “nakazat” ediləcəyini, Türkiyədəki oğlunun başına bəlalar gətirəcəklərini söyləmişdi. Əvvəllər MTN-də Əli Nağıyevin adını çəkirdilər, sonralar biz öyrəndik ki, onun adını qəsdən hallandırırlar. Sonra Bəhruz belə bir mesaj göndərdi ki, guya MTN şefi Dilşad Əmirovanın qohumudur, onun müavini Hilal Əsədov isə dostudur. Mən bu gün Cəbrayıl cəbhəsindən tanıdığım, həmişə sayğı göstərmiş Eldar Mahmudova üzümü tuturam ki, adlarından bu cür istifadə edən adamlarla bağlı bir tədbir görsün".
S.Mahmudova Azər Ayxana qarşı iddiaya baxan hakim Ziya Əliyevin Nazim və Dilşad Əmirovanın yaxın adamı olduğunu bildirdi: “Bizim Nazimə qarşı iddialarımıza baxılarkən, qardaşı Bəhruza qarşı da vergi maxinasiyası ilə bağlı cinayət açıldı. Həm bu iş, həm də ”Xəzər Lada"-nın Nazimə qarşı reketçilik ittihamı ilə iddiasına hakim Ziya Əliyev baxıb; bu işləri Dilşad Əmirovanın dəstəyi və “hörməti” ilə ləğv edib. Onların bu iddiasının hakim Ziya Əliyevə verilməsi təsadüfi deyil. Mən bir məsələyə də təəssüf edirəm ki, hər zaman demokratik düşərgədə olan nüfuzlu vəkillər Vüqar Xasayev və Osman Kazımov şərəfini itirmiş Nazimin müdafiəçiləridirlər".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR