İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı Qamət:“Gedişat onu göstərir ki, müsəlmanların Avropa ölkələrindən sıxışdırılıb çıxarılması baş verəcək...”

1813 13.01.2015 08:05 Gündəm A A

- Hacı, sələfilər peyğəmbərin karikaturasını çəkməyə necə baxır?  

- Nəinki sələfilər, ümumiyyətlə islamda karikatura, təhqir yolverilməz hal kimi qiymətləndirilir. Əgər Allahın seçdiyi elçisinə sən tənə edirsənsə, onu aşağılayan hərəkətə yol verirsənsə, milyonlarla insanın əsrlər boyunca qəbul etdiyi bir dəyəri ələ salırsansa, bu, artıq düşünülmüş şəkildə heysiyyata toxunmaqdır. İkincisi, Məhəmməd peyğəmbərin karikaturasını çəkib təhqir etməklə radikalların əlinə bir bəhanə vermiş oldular. Daha əvvəl də başqa Avropa ölkələrinin mətbuatında karikatura çəkilib və etirazlarla qarşılanıb. Bunu niyə edirlər? Məqsəd nədir və nəyə nail olmaq istəyirlər. Ümumiyyətlə, adi insanı da təhqir etmək olmaz. 

- İndi bu karikatura çəkilibsə, o halda jurnalistlər öldürülməli idi? 

- Mən belə düşünmürəm. Jurnalistləri öldürmək doğru deyildi. Bu təhqirə görə dövlət var və onları cərimələyə bilərdi, ya hansısa inzibati cəza tətbiq olunardı. Sadəcə, Fransada azadlıqlar mövcuddur və orada istədiyi adamı söyməkdə sərbəstdirlər. Ancaq əvvəldən fikirləşmək lazımdır ki, təhqir olmaz və əvvəlki hadisələr nümunə olmalı idi. Əslində demək olmaz ki, bütün müsəlmanlar karikaturaya görə radikal mövqedə dayanıb. Amma müsəlmanlar İsa peyğəmbər barəsində təhqirə yol vermir. 

Biz onu da peyğəmbər kimi qəbul etmişik. Ancaq faktiki bu gün Avropa ölkələrində islama qarşı bir çağırış başlanıb, yürüşlər, nümayişlər keçirilir. Bu gedişat onu göstərir ki, müsəlmanların Avropa ölkələrindən sıxışdırılıb çıxarılması baş verəcək. 

- Bəzi fikirlər belədir ki, Paris terroru “11 sentyabr” hadisələrinin təkrarıdır, növbəti ərəb ölkəsi işğal ediləcək...

- Mən inanmıram ki, hadisələrin miqyası bu dərəcədə böyüsün ki, hansısa ölkəyə hücum edilsin. Amma qeyd etdiyiniz versiya istisna deyil. Yəni, bu terrorun özləri tərəfindən təşkili və ardınca İslama qarşı bir kampaniya aparmaq siyasətini nəzərdə tuturam. Bu gün Avropanın hər yerində islam əleyhinə çıxışlar var. Terrorçuların məhv edilməsindənsə, onları diri şəkildə ələ keçirilməsi yaxşı olardı. O zaman bu hücumun kimlər tərəfindən sifariş edildiyi və yaxud həmin şəxslərin öz təşəbbüsü olduğu müəyyən edilərdi. İndi söyləmək çətindir ki, bunu hansısa radikal qüvvə təşkil edib, yoxsa Fransada kəşfiyyat idarələrindən birinin planıdır. İnanmıram ki, proses ərəb dövlətlərindən birinin işğalına gətirib çıxarsın. Ancaq Avropada yaşayan müsəlmanların sıxışdırılması, onların şengen vizalarının ləğvi və ya Qərb ölkələrinə getmək istəyən müsəlmanların girişinə əngəl yaradılması halları olacağını gözləyirəm. 

- Bu proseslərin Azərbaycana hansı təsirləri ola bilər?
 
- Azərbaycanda peyğəmbərin karikaturası çəkilmir, belə təhqirə yol verilmir. Mən düşünmürəm ki, elə bir təhlükə ölkəmizi gözləyir. Ancaq müəyyən psixoloji təsirlər var ki, insanların heysiyyatına toxunur. Bilmək lazımdır ki, karikatura çəkməklə peyğəmbəri təhqir etmək radikallar üçün terrora başlamağa fürsət verir. 

- Sələfilərlə görüşlərinizdə onlar Paris hadisələrinə necə reaksiya verirlər? 

- Aydındır ki, sələfilər bu hadisəni pisləyirlər. Onlar terroru da pisləyir, karikaturanın çəkilməsini də. Ümumiyyətlə, terrorun islama aidiyyəti yoxdur. Bunu bilərəkdən islama bağlayıb gözdən salmağa çalışırlar. Normal müsəlman ibadətini edir, namazını qılır, dualarını oxuyur. Avropanın özü də islama qarşı kampaniya apardığı üçün bu din haqda terrorçu, radikal imici yaratmaq istəyirlər. 

- MTN bu günlərdə İŞİD-ə qoşulan daha 10 nəfəri həbs etdi, sizcə, hüquq-mühafizə orqanları görüntü yaradır, yoxsa bu təhlükə realdır?

- Real ola bilər. İŞİD təhlükəli bir hərəkatdır. Normal adam bu hərəkata qoşulmaz. İŞİD-in elədiyi nə cihaddır, nə islam adına, nə insanlıq adına yaraşan hərəkətdir. Dəfələrlə çıxışlarımda qeyd etmişəm ki, Suriya, İraqda döyüşmək cihad sayılmır.
 
E.SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR