İnsanlara hürriyət, millətlərə istiqlal!

HACI MƏMMƏDOVUN AÇILMAMIŞ CİNAYƏTİ

12818 15.03.2009 08:19 Gündəm A A

Uşaq oğurluğunda şübhəli bilinərək tutulan, sonradan isə muzdlu qatil tərəfindən öldürülmüş akademik Ziya Bünyadovun qətlinə görə məsuliyyəti öz boynuna götürən, lakin qanunsuz silah gəzdirmə və narkotikdən istifadəyə görə 8 il azadlıqdan məhrum edilən G.İbadovu da H.Məmmədovun qurbanı saymaq olar. Onun dediklərindən belə təəssürat yaranır ki, qonşusu Vahid Həşimovla aralarındakı münasibətlərin soyuqluğu son nəticədə onun həyatını alt-üst edib.
“Mən günlərimi, saatlarımı sayıram. Ola bilər redaksiyanızdan çıxandan sonra Vahid Həşimov məni şərlətdirib tutduracaq və ya qardaşım kimi küçənin ortasında güllələtdirəcək. Amma istəyirəm hamı bilsin ki, vəziyyət necədir. Kim haqlı, kim haqsızdır”.
Gülməmməd İbadov heyrət doğuran bu sözləri müxbirimizə söyləyib. Onun sözlərinə görə, 1968-ci ildən Nizami rayonu, B.Nuriyev küçəsi, 27 ünvanında yaşayırlar. Qonşuluqda yaşayan Həşimovlar ailəsi ilə uzun illər bir evli kimi olublar. 1990-cı ildə G.İbadov Həşimovların yeznəsi ilə Nizami rayonu, Məhsəti küçəsi, 9 ünvanında istehsalat obyektini alaraq şərik işlədib. 1992-ci ildə Vahid Həşimov 1 saylı Taxıl Kombinatına baş direktor təyin olunandan sonra qonşuları ilə münasibətlərində bir qədər məsafə yaranıb. Onun özünü dinləyək:
“Bir gün Vahid Həşimov mənə zəng vurub Səbayel rayonu ərazisində görüş təyin etdi. Görüşdə dedi ki, yeznəsi ilə şərik işlətdiyimiz obyekti ona verək. Növbəti gün Nizami Rayon Məişət İdarəsinin müdiri Vaqif Rüstəmovun yanına gedib obyekti Vahid Həşimova verdiyimi dedim. O isə bildirdi ki, bir gün əvvəl Vahid onun yanına gələrək obyekti məndən aldığını deyib. Rüstəmov Həşimovun əleyhinə bir neçə xoşagəlməz fikir işlətsə də mən heç nə demədim. Beləcə, obyekti bir qəpiksiz Vahid Həşimova verdik. Bu söhbətdən az keçmiş Vahid qardaşım Qəribə məxsus olan və Xətai rayonunda, "Xəzər" univermağının yanında yerləşən obyektin ona icarəyə verilməsini istədi. Qardaşım da Vahidlə belə razılığa gəldi ki, obyekti ona ayda 500 dollara icarəyə verir. Vahid birinci ay 500 dolları ödəsə də sonradan pulu vermədi. Aramızdakı münasibətlər korlanmasın deyə 1992-ci ildən 1997-ci ilə kimi bu məsələnin üstünə getməmişdik.
1997-ci ilin martında Vahidin qardaşı oğlu Turalı oğurladılar. Bütün qohum-qonşu Həşimovlara təsəlli vermək üçün evlərinə gedirdi. Mən də münasibətlərimizin soyumasına baxmayaraq evlərinə gedib Həşimovlar ailəsinə təsəlli verdim. Vahid mənimlə həyətə çıxıb dedi ki, oğru aləmi ilə əlaqə axtarmaq lazımdır, onlarsız uşağı azad edə bilməyəcəyik. Ona görə də tanışlar vasitəsilə oğru aləmində nüfuz sahibi olanlara yol tapdıq. Onlar isə dedilər ki, uşağı oğurlayanlara bizim adımızdan deyin ki, nə verirlər götürüb uşağı azad etsinlər. Bir neçə gün sonra evimə zəng oldu. Danışan şəxs özünü Turalı oğurlayanların nümayəndəsi kimi təqdim etdi. Oğru aləminin sözünü ona çatdırdım. Həmin şəxs də mənim kimliyimlə maraqlandı. Dedim Həşimovların qonşusuyam. Bu söhbətdən bir neçə gün sonra martın 17-də gecə saat 3-də Vahid evimə zəng vurub məni Nizami rayonundakı 245 saylı məktəbin qabağına çağırdı. Ora gedəndə Vahid maşınının yanında dayanıb məni gözləyirdi. Ayağıma düşüb yalvardı ki, zəng vurub deyiblər ki, pulu ver, uşağı azad edək. Amma vəziyyəti pis olduğundan Vahid özü gedə bilməyəcəyini dedi. Dedi sən get. Ölümümü gözümün qabağına gətirsəm də Vahiddən keçə bilmədim. O, maşınının açarlarını və mobil telefonunu mənə verdi, dedi zəng vuracaqlar, pulu dedikləri yerə çatdır. Vahid dedi ki, Babək prospektindəki yanacaqdoldurma məntəqəsinin yanına get və dayan, zəng gözlə.
Maşında içində pul olan bağlamanı da hazır qoymuşdu. Həmin yerə gedib 5 dəqiqə dayanmışdım ki, telefona zəng gəldi. Dedilər maşını Babək prospektindən üzü şəhərə tərəf sür. “Ramstor” mağazasının yanındakı “kruqa” çatanda bir də zəng vurub dedilər ki, maşını saxla və bağlamanı sağdakı dəmiryoluna qalxan pilləkənin böyründə kubikin yanına qoy. Elə də etdim və maşınla 245 saylı məktəbin yanına qayıtdım. Vahidin qardaşı oğlu Turalı səhərisi gün axşamüstü “Neftçilər” metrosunun üstündəki körpünün yanında azad etmişdilər".

***

G.İbadov deyir ki, bu hadisədən iki gün sonra - martın 19-da qardaşının qaynatasının hüzüründən qayıdarkən Bayıl qəsəbəsində onun maşınını saxlatdırıb başına torba keçiriblər. Onu bu vəziyyətdə Nizami Rayon Polis İdarəsi 24-cü polis bölməsinə aparıblar. Orada 13 gün işgəncə verib V.Həşimovun qardaşı oğlunun oğurlanmasında əlinin olmasını etiraf etməyi tələb ediblər: “Məni həbs edəndən sonra Vahid Həşimov qardaşlarıma demişdi ki, üç gün dözün, görəcəksiniz ki, Gülməmməd kimdir, biləcəksiniz ki, o, uşaq oğrusudur”.
13 gün davam edən dəhşətli işgəncələrdən sonra G.İbadovun üzərindən silah və narkotik maddə aşkarlanmasını protokollaşdırmaqla onu Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) köçürüblər. 42 gün BŞBPİ-nin zirzəmisində işgəncəyə məruz qalan G.İbadovun qarşısında eyni tələbi qoyublar: “Bu alınmayanda isə akademik Ziya Bünyadovun qətlini üstümə götürməyimi tələb etdilər. 55 gün ərzində mənə o qədər işgəncə vermişdilər ki, artıq bədənimə vurulan "dubinka", təpik, yumruq zərbələrini hiss etmirdim. Ziya Bünyadovun qətlini boynuma götürüb ifadəni yazdım. İfadəni oxuyub götürdülər və sonradan bildim ki, cırıb atıblar. Qanunsuz silah və narkotik maddə gəzdirmə maddəsi ilə ittiham verib məhkəməyə göndərdilər. Məhkəmə ağına-bozuna baxmayıb barəmdə 8 il azadlıqdan məhrumetmə cəzası kəsdi. Beləcə, Vahid Həşimov bizi yaxın qonşudan düşmənə çevirdi".
G.İbadovun sözlərinə görə, 7 saylı cəzaçəkmə müəssisəsində saxlanılarkən V.Həşimov qardaşı Tofiq Həşimovun dostu olan cəzaçəkmə müəssisəsinin rəisi Məmmədəli Zeynalovdan istifadə edərək ona işgəncə verdirib, onu zəhərləmək istəyib. Bundan başqa, G.İbadov həbsdə olduğu dövrdə - 1998-ci il fevralın 7-də pulla tutulmuş qatil qardaşı Qərib İbadovu “8-ci kilometr” bazarının arxasında güllələyib öldürmək istəyib. Q.İbadov təsadüfən sağ qalıb. Lakin güllə Q.İbadovun onurğa sütununa yaxın damarları zədələdiyindən o, ömürlük şikəst olub: “Muzdlu qatil qardaşımı vurmazdan əvvəl "Mercedes" ləqəbli Ramiz adlı şəxs qardaşım Nadirin işlədiyi emalatxanaya gedib. O, Nadiri çağıraraq deyib ki, Vahid Həşimov səni öldürmək üçün mənə killer tutmağı tapşırıb. Ailəniz haqda eşitmişəm, bilirəm ki, vicdanlı, şərəfli ailəniz var, ona görə səni öldürtdürmək istəmirəm, Azərbaycandan çıx, qaç gizlən, yoxsa səni vuracaqlar. Qardaşım Nadir buna görə Göyçaya gedərək bir aya yaxın orada qalıb. Həmin vaxt digər qardaşım Qəribi ağzından atəş açmaqla vurublar".
Şikayətçinin sözlərinə görə, qardaşının muzdlu qatil tərəfindən vurulmasından sonra faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanıb. Müstəntiq Elbrus Əliyev hadisə ilə bağlı G.İbadovun saxlanıldığı cəzaçəkmə müəssisəsində ondan izahat alıb:
“Elbrus Əliyevin mənə ilk sözü bu oldu ki, Vahid Həşimovun adını hallandırma, yoxsa sənin üçün pis olar. Mən də dedim ki, bizimlə düşmənçilik aparan Vahid Həşimovdur, qardaşımı da o vurdurub. Qardaşımın vurulmasından 3-4 ay sonra "Mercedes Ramiz"in özünü də Nəsimi rayonu ərazisindəki 3 saylı Taxıl Kombinatının yanında muzdlu qatil vurub öldürmüşdü. Sonradan mətbuatdan oxudum ki, “Mercedes Ramiz”i qardaşım vurulan silahla öldürüblər. Qardaşım dəmiryolunun yaxınlığında vurulduğundan Nəqliyyat Prokurorluğunun müstəntiqləri də məndən məsələ ilə bağlı izahat almışdı. Onlara da qardaşımın Vahid Həşimov tərəfindən vurulmasını demişdim".
G.İbadov 8 il həbsdə yatıb çıxandan sonra V.Həşimov qardaşı Qəribə zəng vuraraq deyib ki, onunla görüşmək istəyir. Həmin görüş zamanı V.Həşimov əlini Qurana basmaqla İbadovlarla düşmənçiliyə son qoyduğuna and içib: “Əvvəlki münasibətlərin bərpasını istədi. Dedi səhvini başa düşüb. Bizim iki obyektimizin əvəzinə Balakişiyev küçəsi, 23-də yerləşən obyekti və Məhsəti küçəsi, 9 ünvanında yerləşən obyekti satıb pulun 50 faizini bizə verəcəyini dedi. Məsələ bir ilə həll olunmalı idi. Məhsəti, 9-dakı obyekti 400 min dollara satdı, amma bizə bir manat da vermədi. Balakişiyev, 23-dən də bizi zorla çıxartdırdı. İrad bildirəndə də dedi ki, pulum da var, adamım da, vermirəm. Onun Mansur adlı cangüdəni vardı, bizə qarşı çox kobudluq edirdi. Vahid Həşimovun bizə qarşı nahaq hərəkətlər etdiyini, məni şərlətdirərək həbsə atdırdığını, obyektlərimizi əlimizdən alıb özününküləşdirdiyini biləndən sonra Mansur ondan uzaqlaşdı. Az sonra isə Mansuru Nizami rayonunda parkın yanında muzdlu qatil öldürdü. Mansurun qətlini də qardaşımın həyatına sui-qəsdlə bağlı Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində başlanmış işlə eyni icraata birləşdiriblər. Lakin bu günə kimi o iş də açılmayıb”.
G.İbadov deyir ki, V.Həşimov qardaşına xəbər göndərərək onu öldürtdürəcəyi və ya 40-50 min dollardan keçərək şərlətdirib həbs etdirəcəyi ilə hədələyir. Buna görə də G.İbadov qəzetimiz vasitəsilə prezident İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova müraciət edərək onu və ailəsini V.Həşimovun təqiblərindən qorumağı xahiş edir.
Sonda onu da qeyd edək ki, şikayətçinin adam oğurluğu və sifarişli qətllərlə bağlı söylədikləri xüsusatlarda H.Məmmədovun dəsti-xətti görünür. Fikir verin: 1997-ci ilin martında G.İbadov V.Həşimovun qardaşı oğlunun azadlığı üçün pulu “Ramstor”un yaxınlığında kubikin yanına qoyub. Bir neçə saat sonra V.Həşimovun qardaşı oğlunu azad ediblər.
Bu məqamla üst-üstə düşən və Hacı Məmmədovun məhkəməsində etiraf etdiyi bir epizodu xatırlayaq:
- Hacı Məmmədov 1997-ci mayında öz dostu olmuş Neft Şirkətinin məsul işçisi Vaqif Qədimovun oğlu İlham Qədimzadəni oğurladıqdan sonra “Ramstor” mağazasının yaxınlığında yerləşən evində düzəltdirdiyi bunkerdə saxlamışdı. Həmin vaxt özü V.Qədimovla əlaqə quraraq ona oğlunu oğurlaya biləcək şəxslər barədə yanlış məlumatlar vermişdi. V.Qədimov oğlunun azadlığı üçün tələb olunan məbləği ödəmək istəməyəndə İlham Qədimzadənin qulağını kəsib zərfə qoymaqla “Ramstor” dairəsinin yaxınlığındakı işıq dirəyinin altına atmışdılar. Vaqif Qədimova bu barədə telefonla məlumat verəndən sonra o, gedib zərfi götürmüş və oğlunun qulağını görəndən sonra tələb olunan məbləği ödəmişdi.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə müdiri Azər İsmayılov elə həmin “Ramstor” mağazasının yaxınlığından aldadılaraq Hacı Məmmədovun yaxınlıqdakı evinə aparılmış və sonradan vəhşicəsinə öldürülmüşdü.
İş adamı Əhməd Məmmədov oğurlanadan sonra onun qohumlarından “Neftçilər” metrosunun yaxınlığında ilkin olaraq 450 min dollar alınmışdı. Bu pulun cinayətkarlara çatdırılması üsulu eynilə V.Haşımovun adam oğrularına G.İbadov vasitəsilə pul ötürməsi mexanizmini xatırladırdı. Yəni pul kubik daşın yanına qoyulmuş, adam oğruları da həmin pulu götürmüşdü.
Əlbəttə, G.İbadovun şikayətində göstərdiyi xüsusatları hüquq-mühafizə orqanları araşdırmalıdır və inanırıq ki, həmin xüsusatlar araşdırılacaq.
Bu məsələdə adı hallanan şəxsləri, o cümlədən də Vahid Həşimovu çox axtarsaq da təəssüf ki, tapa bilmədik. Onlar da öz mövqelərini ifadə etmək istəsələr, qəzetimizə müraciət edə bilərlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR