Zabrat sakinləri və yaxın qohumları ölkə başçısından Hacı Mehdinin azadlığa buraxılmasına yardım etməyi xahiş edirlər
Hazırda 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Hacı Mehdi Şamilli Amnistiya Aktının ona şamil olunmasının yubadılmasına etiraz olaraq Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Vəkil Cavad Cavadov tərəfindən redaksiyamıza göndərilən müraciətdə Milli Məclisinin 7 may 2013-cü il tarixində qəbul etdiyi Amnistiya Aktının 2.5. bəndinə əsasən (öhdəmdə yetkinlik yaşına çatmayan uşaqlar olan şəxs kimi ) cəzadan azad olunmalı olduğunu, ancaq müvafiq orqanların qəsdən amnistiya aktının tətbiqini yubatdığını qeyd edir.
“Formal olaraq buna bürokratik əngəllər gətirilir, guya hansısa sorğuya cavab alınmayıb və s.”, - müraciətdə deyilir .
Müraciətdə Hacı Mehdi məhkəmədən Amnistiya Aktının yubadılmasının qanunsuz sayılması, eyni zamanda Amnistiya Aktının tətbiqinin həyata keçirilıməsi haqda qərar verməsini istəyir.
Eyni zamanda, ötən gün Hacı Mehdi Şamillinin ailə üzvləri və Zabrat qəsəbəsinin bir qrup sakini ölkə başçısına, ölkənin birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevaya, ədliyyə naziri Fikrət Məmmədova və Penitensiar Xidmətin rəisi Mədət Quliyevə müraciət edib. Müraciətdə qeyd olunur ki, Şamilovlar ailəsinin böyük oğlu, üç azyaşlı uşaq atası, Zabrat kəndinin ağsaqqalı Şamilov Mehdi Günəş oğlu Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 24.01.2013-ci il tarixli hökmü ilə qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1. maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə bir il altı ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib: “Biz Zabrat sakinləri Azərbaycan Respublikasının Birinci Xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Qərarını biz və ailəmiz böyük məmnunluqla qarşıladıq.
Düşünürdük ki, tezliklə o ailəsinə, xəstə anasına qovuşacaq.
Lakin artıq ay yarımdan artıqdır ki, ona münasibətdə amnistiya aktı tətbiq olunmur.
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Qərarının 2.5. bəndinə əsasən (öhdəmdə yetkinlik yaşına çatmayan uşaqlar olan şəxs kimi ) cəzadan azad olunmalıdır. Cəza çəkmə müəssisəsinin müdriyyəti bildirir ki, amnistiya tətbiq olunacaq, lakin nə vaxt bilinmir. Maraqlısı odur ki, həmin cəza çəkmə müəssisəsində hamıya amnitsiya tətbiq olunub və yalnız Şamilov Mehdi qalmışdır”.
Qəsəbə sakinləri və yaxınları ölkə başçısından Hacı Mehdiyə qarşı ayrı-seçkiliyə son qoyulması və onun dərhal azadlığa buraxılmasına göstəriş verməsini xahiş edirlər.
Kənan






