Hacı İlqar İbrahimoğlu Marneulidə "Qəm qəhrəmanı Zeynəb (s.ə)" tədbirinə qatılıb
İçərişəhər "Cümə" məscidinin dini icmasının imam camaatı, DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzi) sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumu və "Zeynəb(s.ə)" Qadınlar Birliyinin təşkilatçılığı ilə Marneuli şəhərində təşkil edilmiş "Qəm qəhrəmanı Zeynəb (s.ə)" adlı tədbirinə qatılıb.
Deyerler.org müxbirinin verdiyi xəbərə görə, tədbir mübarək Qurani Kərimdən ayələrin tilavəti ilə başlayıb. İlk öncə Elçin Daşdanzadə tədbir iştirakçılarını salamlayıb.
Daha sonra tədbirdə çıxış üçün söz ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğluna verilib. Hacı İlqar çıxışında Aşuranın əsas hədəf və mahiyyətinə toxunub. Xətib qeyd edib ki, Aşuranın əsrlərdir yaşanmasının əsas səbəbi onun hədəfidir. "Aşura gününün əsas hədəfi - İslamın din olaraq qorunub saxlanması, əhyasıdır. Məhz bu səbəbə görə Aşura əsrlərdir diri saxlanır. Aşuranı yaşadan hər bir kəs bu məktəbi yaşadarkən məhz bu ali hədəfi - İslamın əhyasını unutmamalıdır".
Hacı İlqar eyni zamanda Həzrət Zeynəbin (s.ə) Kərbəladakı rolu və bəşəriyyətə keçdiyi dərslərdən danışıb.
Daha sonra tanınmış Əhli-beyt (ə) məddahı, Dağıstanın incəsənət xadimi Hacı Mehdi Dərbəndinin layihə rəhbəri olduğu "Qəm qəhrəmanı Zeynəb (s.ə)" adlı şəbih "Kövsər" və "Cəfəri-Muminun" ilahi nəğmələr qruplarının səhnələşdirməsi ilə təqdim olunub.
Tədbir Fərəc duasının oxunması ilə yekunlaşıb. Tədbirin yekununda xatirə fotoları çəkilib.






