İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı Əbdül: “Azərbaycanda daha güclü çevriliş olacaqdı”

7433 22.08.2016 07:35 Müsahibə A A
Hazırda türk və İslam dünyasını təhdid edən ən böyük təhlükə radikal dini cərəyanların yayılmasıdır. Türkiyədə və digər müsəlman ölkələrində baş verənlər də bunun sübutudur. Azərbaycanda müxtəlif dini cərəyanların yayılmasını hər zaman tənqid edənlərdən biri də İmam Hüseyn məscidinin axundu, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülovdur. “Yeni Müsavat”ın əməkdaşı onun rəhbəri olduğu cəmiyyətin fəaliyyəti, Türkiyədə baş verən hadisələr, Azərbaycanı təhdid edən dini cərəyanlar və digər mövzularla bağlı Hacı Əbdülün fikirlərini öyrənməyə çalışıb.

- Hacı, ilk növbədə “Tövbə” cəmiyyəti haqqında danışmağınızı istərdim. Bu cəmiyyət nə zaman yarandı, nə məqsədlə yaratdınız?

- Bismillahir-rəhmanir-rəhim. “Tövbə” cəmiyyəti sovet dövründə 1985-ci ildə yarandı. Yaranma səbəblərindən biri o idi ki, mənim yaşadığım mühit, “Sovetski”də - dağlı məhəlləsində cavanların əksəriyyəti narkotiklə, şərabxorluqla, başqa pis əməllərlə məşğul idilər. “Tövbə” cəmiyyəti də bu səbəbdən yarandı ki, biz  həmin cavanları düz yola çəkək. Gəncləri narkotikdən, şərabxorluqdan, pis yollardan uzaqlaşdıraq. O məqsədlə yarandı və bu günə qədər də  davam edir."Tövbə" cəmiyyəti bütün SSRİ məkanında, Moskvanın özündə, Rusiyanın bütün şəhərlərində, Tatarıstanda, Dağıstanda da yayıldı. Hətta Tatarıstanda  və Dağıstanda  böyük tövbə məscidi tikildi. 

- Tövbə etmənin ritualları nələrdən ibarətdir? Necə tövbə edirlər?

- Bizim tövbənin 5 əsas şərti var, o şərtlərə əməl edənlər “Tövbə” cəmiyyətinin üzvü olur. Onu birinci and mərasimindən keçirdirik. Beş şərtin birincisi narkotik maddələrdən tövbə etmək, ikincisi hər cür spirtli içkilərdən tövbə etmək, üçüncüsü millət ixtilafı salmamaq, dördüncüsü təriqət ixtilafı salmamaq, beşincisi etnik qrup ixtilafı salmamaqdır.

- Əvvəllər daha çox idi tövbə etməyə gələnlər, yoxsa indi? 

- Sovet dövründə daha çox gəlirdilər. İndi də gəlirlər. Ancaq dəhşətlisi odur ki, cavan qızlar, cavan gəlinlər gəlir. Əsasən narkotikdən tövbə edirlər. 

- Narkotik asılılıq yaradır, hətta bəziləri müalicə alsa da, imtina edə bilmir. Tövbə ilə imtina etmək necə mümkün olur? 

- Qoy bunu əvvəlindən danışım. Bizim bu məsciddə böyük bir idman zalımız var idi . Mən özüm də sərbəst güləş üzrə məşqçiyəm . Vaxtilə Azərbaycanın güləş komandasının məşqçisi olmuşam. O vaxt bizim idman zalımız var idi və sovet hökuməti idmanla bağlı nə lazım idisə, bizə verirdi. İdman zalının yanında da hamamı var idi. Həm də digər tərəfdə cərgə ilə otaqlar var idi, indi sökülüb. Tövbə etməyə gələnləri mən burada saxlayırdım, bir-iki ay burada yatırdı. Yeyib-içirdi, həm də hər gün məşq edirdi. Narkotik təbi gələndə o adamlar zalda olurdu. Məşq etməklə onun təbini sındırırdıq. Ondan sonra daha onun narkotikə ehtiyacı qalmırdı. Elə olurdu 20-30 nəfər cavan qalırdı. Sonra mən özüm çatdıra bilmədim, ayrıca məşqçi tutdum. O məşqçi ilə həftədə 3 dəfə məşq aparırdıq. Biz bu işi xırdalıqlarına qədər bilirdik ki, narkotiki nə ilə əvəz etmək olar. Biz ondan bir şeyi alanda, başqa şey verməliydik. Görürdük təbi gəlir, adam döz bilmir, aparırdıq zala. Orada onu məşq edirdilər, onu sıxırdılar, məşq edirdilər, təbi gedirdi.

“İndi tövbə etməyə daha çox cavan qızlar, gəlinlər gəlir”


- Əsasən, hansı günahlara görə gəlirlər? 

- Narkotik də var, oğurluq da var, fırıldaq da var. Gəlib deyirlər ki, biz artıq tövbə etmək istəyirik. Mən də onları tövbədən keçirdirəm. Əgər 1985-ci ildən buyana tövbə edənlərin hamısı tövbəsində qalsaydı, onda cəmiyyət nə gözəl olardı.... Ancaq təəssüf ki, tövbəni pozanlar da olur. Ancaq burada bir üstünlük də var ki, tövbə edən o tövbənin ləzzətini görəndən sonra, bir neçə aydan sonra ayılır, dünyaya başqa cür baxır. Sonra yenidən tövbəsini pozursa, tezliklə qayıdır yenidən tövbə edir. 

- Bu cür tövbə daha çox xristianlıqda var. Keşişin yanına gedib günahları etiraf edirsən, o da bağışlayır...  İslamda bu cür tövbə ritualları varmı? Fərqi nədir? 

- Xristianlarda əsas olan etiraf etməkdir. İnsan günahını etiraf edir ki, mən filan əməli törətmişəm. Bizdə etiraf yoxdur. Gəlir və tövbə edir. Mən heç soruşmuram ki, sən nədən tövbə edirsən. Bizə əsas tövbə lazımdır. Biz həm də sonrakı mərhələdə düz yolu göstəririk. Ona görə, onlardan fərqimiz çoxdur. 

- Tövbə etmək istəyən hansı addımlardan keçir?

- Qoy bunu da əvvəlindən danışım. Əvvəllər bu məscid yox idi. Yasamalda bizim hamam var idi. O hamamın rəhbəri də tövbə etmişdi, cəmiyyətin üzvü idi. Oranın işçiləri də tövbə edib bizim üzvlərimiz olmuşdular. Biz tövbə etməyə gələnləri birinci hamama aparırdıq, özü də pulsuz. Orada hamamda çimdirirdik, qüsl aldırırdıq və duşun altında ona  “Tövbə” surəsinin 7-8-ci ayələrini oxuyurduq. 

- Bu ayini siz fikirləşmişdiniz? 


- Bəli, bunu özümüz fikirləşmişdik. Əlimizi qoyurduq tövbəkarın çiyninə və “Tövbə” surəsinin 7-8-ci ayələrini oxuyurduq. Bununla da adam tövbə etmiş olurdu. Bu məscid yaranandan sonra yenə aparırdıq, qüsl, dəstəmaz alırdı, gəlib məsciddə  otururdu, əlini qoyurdu Qurana və and içirdi. Bunu da özüm fikirləşmişəm. And içirdi ki, mən bir daha filan günah əməllərlə məşğul olmayacağam. 

- Amma mən eşitdim ki, tövbə etməyə gələnlərə şallaq da vurursunuz. Bu doğrudurmu? Məqsəd nədir? 

- Biz tövbəyə gələnlərə şallaq vurmarıq, onları əzizləyirik. Şallaq tövbə edib, tövbəsini pozub, yenidən tövbə etməyə gələnlərə vurulur. Bu da simvolik bir şeydir. Vurulanda isə həqiqətən vurulur.

- İnsanlar buna könüllü razı olurlarmı?

- İnsanlar bir dəfə tövbə edib onun gözəlliyini görür. Yenidən tövbəyə gələndə biz soruşuruq ki, tövbəni pozsan şallaq vurulacaq. Deyirlər ki, razıyıq. Yazırıq 0, 1, 2, 3, birini çəkir. Hansı düşsə, o qədər vurulur. 

- Həmin insanlara dini , namazı da öyrədirdiniz? 

- Təbii ki, biz onu dinə dəvət edirdik. İlk addım o idi ki, pis əməllərdən çəkinsin. Çəkinəndən sonra ikinci addım ibadətdir.

- Hacı, digər bir sualım Türkiyədə baş verən hadisələrlə bağlı olacaq. Siz İslamda təfriqəçiliyin ən böyük əleyhdarlarından birisiniz. Əvvəllər İslamda şiə və sünni təriqətləri var idi. İndi dini cərəyanlar artıb, nurçu var, gülənçi var, vəhhabi  var və sair. Bunu təhlükə olaraq görürsünüzmü?

- Mən neçə il öncə qəzetlərdə müsahibələrimdə də bu təhlükəni demişəm. Vəhhabilərlə bağlı mənim kitablarım da çıxıb. Həmçinin nurçu təhlükəsindən də dəfələrlə danışmışam. Özü də mən onları belə adlandırırdım. Vəhhabilərlə nurçular eynidir, heç bir fərqi yoxdur. Sadəcə, vəhhabilər qılıncla baş kəsir, nurçular pambıqla. Yaşlılar bilər ki, Azərbaycanda  bu vaxta qədər sünni-şiə söhbəti olmayıb. Məhərrəmlikdə sünni qardaşlarımız da bizimlə birgə matəm saxlayıblar, dərdimizə şərik olublar, toy eləməyiblər. 

- Nurçuların, gülənçilərin  məhz maarifçilik yolu ilə, məktəblər vasitəsilə cəmiyyətə daxil olmasını necə dəyərləndirirsiniz?

- Bu gün ən  böyük problem odur ki, onlar imkanlı adamlardır. Xalqın vəziyyəti isə çox ağırdır, günü-gündən daha da ağırlaşır. Onlar xalqın bu ağır vəziyyətindən istifadə edib ustalıqla cəmiyyətə daxil oldular və daxil olurlar. Hələ 1985-86-cı illərdə mən Orta Asiyada “Tövbə” cəmiyyətini yaradanda, orada vəhhabilərlə rastlaşmışdım. Mən onları oradan tanıyırdım. Düşünürdüm ki, bunlar Azərbaycana gəlsə buranı yerlə-yeksan edərlər. Sən demə, bunların gəliş metodları başqa imiş. Bunlar elə-belə gəlmir, çox ustalıqla, heç hiss olunmadan gəlirlər. Bir də baxırsan ki, yuxarı başda oturublar. Bu gün bizim Türkiyədə təhsil alan, orada qulluq edən hərbçilərimizin 90 faizi nurçulardır. Hətta parlamentin özündə də, Prezident Administrasiyasında da nə qədər desən nurçu var. Onlar gizli deyillər, istədikləri qədər saxlana bilərlər, lakin son hadisələrdən sonra aşkara çıxdılar. 

- Hacı, Türkiyə hadisələrini necə dəyərləndirdiniz?

- Allaha şükürlər olsun ki, Türkiyədə  baş verən hadisələrin qarşısı alındı. Onun qarşısı alınmasa idi, Azərbaycanda da  ondan daha güclü çevriliş olacaqdı. Onlar orada şəhidlər verməklə bizi də qorudular. O şəhidlərin hesabına bizim cavanlarımız salamat qaldı, Allah onlara rəhmət eləsin. 

- Siz Qafqaz Müsəlmanlar İdarəsinin, Şeyxin ən böyük tənqidçilərindən birisiniz. Bu gün QMİ-nin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanda “din dövlətdən ayrıdır” siyasətini ortaya qoyub Qafqaz Müsəlmanlar İdarəsinin əl-qolunu bağlayıblar, imkan vermirlər ki, fəaliyyət göstərsin. Əvəzində  “din dövlətdən ayrıdır” siyasəti ilə ölkədə radikal cərəyanlar, vəhhabilər, nurçular azad, rahat hərəkət edə bilirlər. Bu səlahiyyəti QMİ-yə vermiş olsaydılar, bəlkə də o bunun qarşısını alardı, ən azından cəhd edərdi. Ancaq səlahiyyəti yoxdur. Çünki din dövlətdən ayrıdır. Ancaq bu cərəyanlar din yolu ilə gəlmirlər, siyasət yolu ilə gəlirlər. 


- Yəni gerçək din yaxşı təbliğ olunsaydı, bu cərəyanlar cəmiyyətdə indiki kimi yer tuta bilməzdi. Bunumu demək istəyirsiniz?

- Bəli. Bizdə gerçək dinin təbliğ olunması çox zəifdir. Televiziyalara imkan vermirlər, din alimlərinə yer ayırmırlar. Qəzetlə heç nə əldə etmək olmur, bu gün televiziya, kompüter əsridir. Bizdə isə onlar dinin üzünə bağlanıb. Din izahdır, açıqlamadır. Dini insanlara açıqlamalısan. Dövlət bunun qarşısını alıb. 

- Hacı, siz həm də idmançısınız və yəqin ki, Rio Olimpiya Oyunlarını da izləyirsiniz. Sizin üçün ən yadda qalan nə oldu bu olimpiyada?

- Ən yadda qalan, məni ən çox təəssüfləndirən azərbaycanlının erməniyə uduzmağı oldu. Kaş heç medal almayaydı, ancaq ermənini məğlub edəydi. 

- Ancaq idmanda belə şeylər olur da... Bu idmandır.

- İdmanda çox şey olur. Ancaq erməni ilə savaşmaq elə bir şeydir ki, sən burada idman təfəkküründən  çıxırsan. Qarşındakı sənin düşmənindir. Yeri gəlmişkən, bizim dövlət idmana çox diqqət edir, ancaq xariciləri gətirmək hesabına... Pulu onlara xərcləyir. Birini Dağıstandan, birini Kubadan gətirir. Xarici idmançılar uğurlu yatırım deyil. Şəxsən mən bunu bəyənmirəm. Pulu məşqçilərə vermək lazımdır, öz uşaqlarımızı yetişdirmək lazımdır. Qoy bu il zəif olsun, ancaq sabah bu qələbə çalsa, biləcəksən ki səninkidir. Birisi gün çıxıb getməyəcək. 

- Hacı, məscidin vəziyyəti... divarlar uçub tökülür... Sizə dövlətdən maliyyə ayrılmırmı? 

- Qızım, bütün məktublar masamın üzərindədir. Prezident Administrasiyasına  da yazmışam,  icra hakimiyyətinə də... Hər yerə yazmışam ki, bu məscid açılan gündən bu günə qədər öz gücümüzə saxlamışıq. 

“Televiziyalar dinin üzünə bağlanıb”


- Öz gücümüzə deyərkən...

- Yəni nəzirlərin, imkanlı möminlərin hesabına. Onlar kömək ediblər, bir az saxlamışıq. Yoxsa çoxdan dağılıb gedərdi. Bu günə qədər heç bir nə dini qurum, nə dövlət qurumu gəlib demir ki, bu məscidə maliyyə lazımdır. 

- Neçə yaşı var məscidin?

- Bu məscid “Təzəpir”dən 20 il qabaq tikilib, qədim məsciddir. Allaha şükürlər olsun ki, özümüz saxlayırıq. 

- Sizcə, bu məscidə belə münasibətin səbəbi nədir? 

- Səbəb bizim “Tövbə” cəmiyyətidir. Hökumət cəmiyyətə dəstək vermir. Elə bil həvəskarındadır ki, gənclər narkoman, içki düşkünü olsun. Ədliyyə Nazirliyi də sovet dövründə bizi qeydiyyata almırdı. Halbuki bizim cəmiyyət Moskvada qeydiyyatdan keçmişdi. Mən buradan başlayıb, SSRİ-nin əksər ölkələrində “Tövbə” cəmiyyətini qurmuşdum. İndi də münasibət belədir. Məscid təmirsiz vəziyyətdədir, ancaq bütün müraciətlərimizə baxmayaraq, bizə təmir üçün maliyyə ayrılmır.

Nərgiz LİFTİYEVA
Fotolar Xalidə Gərayındır


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR