Bu ərazidən Costa Rikaya 9370, Haitiyə 7800, Portuqaliyaya 1700 km-dir. Qalanın girişində buradan sülalənin işğal etdiyi ərazilərə qədər olan məsafələr qeyd olunub: Qvatemala 9460, Yamayka 8180, Nikaraqua 9350 və s.
Avropada bir sülalə düşünün ki, o, kiçik bir qəsrdən çıxıb ta Peru çöllərinə qədər idarəçiliyini yaysın, bayrağı altında milyonlarla insanlar idarə olunsun.
Haqqında danışdığımız sülalə adını 1020-ci ildə Kont Radbot tərəfindən Aare çayının sahilində salınmış, “Qartal qalası” mənası verən “Habusburg” almışdır.
Sülalə xanədanlığının ilk başçısı da hesab olunan Kont Rabot sonralar idarəçiliyi altında olan Aare çayının sahilində Brugg şəhərini salmış və oranı bir müddət xanədanlığın mərkəzi etmişdir. Fotolarda görəcəyiniz bu kiçik qəsrdən çıxan sülalə öz xanədanlığını qısa bir zamanda kiçik bir şəhərdən çox-çox uzaqlara aparmış, Almaniya, Avstriya-Macarıstan imperiyalarını idarə etmiş, hətta İspaniyaya qədər gedib çatmışlar. İspaniyanı idarə etməklə o, bayrağını Amerika materikinə apara bilmişdi.
Sülalənin ən tanınmış hökmdarlarından V Fredrik 1440-cı ildə Almaniya kralı olduqdan sonra nüfuzunu daha da artırmaq üçün 1452-ci ildə Romada “Müqəddəs Roma İmperatoru” olaraq tac qoymuş və bu sülalənin idarəçilik tarixində ən nüfuzlu dövrlərdən biri hesab olunmuşdu.
Əziz oxucular, bu gün sizə bu sülalənin ilk yuvası “Qartal qalası”nı göstərmək istəyirəm. Bu tarixi qala Orta Əsrlərin havasını hələ də insanlara yaşada bilir. Ziyarətçilər qalaya ödənişsiz daxil olub, hər bir otağını gəzə və seçdikləri dildə (alman, ingilis, fransız) düyməni sıxaraq geniş məlumatlar ala və audio səhnələrə qulaq asa bilərlər.
Sülalənin vaxtilə istifadə etdiyi iki böyük salon indi restoran kimi fəaliyyət göstərir. Amma siz heç nə sifariş verməsəniz belə bu salonları gəzə və sülalədən qalmış ev əşyalarına toxunmadan baxa bilərsiniz.
Mövzunun ardını fotolarla davam edək.
Abbas Atilay,
Xüsusi olaraq musavat.com üçün