İnsanlara hürriyət, millətlərə istiqlal!

H.Z.Tağıyev haqqında film ABŞ Nümayəndələr Palatasının konqresmeninin imzaladığı sertifikata layiq görülüb FOTO

1429 28.12.2020 01:40 Mədəniyyət A A

Hacı Zeynalabdin Tağıyev haqqında çəkilən sənədli film ABŞ Nümayəndələr Palatasının konqresmeninin təşkilatçılığı ilə keçirilən 14 illik Los Anjeles Broadway Beynəlxalq Film Festivalında tanınma sertifikatına layiq görülüb.

Bu barədə Musavat.com-a ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Cəlaləddin Qasımov qeyd edib ki, ABŞ Nümayəndələr Palatasının konqresmeni Jimmy Gomezin imzaladığı sertifikatda bildirilir: “Sizin mükəmməliyinizə və möhtəşəm uğurlarınıza görə tanınma sertifikatı verilir. Sizin Broadway Beynəlxalq Film Festivalı 2020-də liderliyiniz və iştirakınız təqdirəlayiqdir və gələcək nəsillərə nümunə olacaqdır. Təbriklər və gələcək uğurlarınıza ən gözəl diləklər.

17 Oktyabr 2020

Broadway Beynəlxalq Film Festivalı 2020

İmza: Jimmy Gomez (Konqresmen)”

Cəlaləddin Qasımov bildirib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir. 2019-cu ildə istehsal olunan ekran əsəri 11 beynəlxalq film festivalında uğur qazanıb.

Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C.Qasımov deyib: “Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin qəhrəmanına çevriləcək”.

O, XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf etdiyini bildirib.

C.Qasımov söyləyib ki, ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünür: “Ekran əsəri vasitəsilə azərbaycanlı milyonçunun ötən əsrin əvvəllərində xalqının inkişafı naminə gördüyü çoxsaylı işləri geniş auditoriyaya çatdırmaq bizim üçün faydalıdır. Bu, insanları faydalı işlər görməyə, gənc nəsildə vətənpərvərlik hisslərini daha da yüksəltməyə hesablanmış bir addımdır”.

Ssenarisi üzərində üç ildən çoxdur işlədiyini söyləyən C.Qasımov, həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatların onda əminlik yaratdığını vurğulayıb: “Elə bu məqsədlə 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. Bütün bunlar əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub”.

Ssenarist əlavə edib ki, ekran əsərində Hacı Zeynalabdin Tağıyevin Stalinlə görüşlərindən, Nobel qardaşlarının ən böyük rəqiblərindən birinin Hacı Zeynalabdin olmasına baxmayaraq, ata Nobelin Hacıya böyük hörmətindən, Hacının reallaşdırdığı bütün xeyriyyə işlərində Nobel qardaşlarının iştirakından söhbət açılır. Həmçinin Hacının Musa Nağıyevlə dostluğuna da filmdə xüsusi yer ayrılıb. Ekran əsərində Bakıda XX əsrin əvvəllərində baş verən tarixi hadisələrə də toxunulur.

“Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq”

Redaktoru Əkbər Qoşalı olan sənədli filmdə mətni Xalq artisti Eldost Bayram oxuyub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR