İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanla münasibətlər - düşmən hədəfinə çata bilmədi

1107 07.05.2021 10:30 İqtisadiyyat A A

Ekspertlər ölkələrin strateji müttəfiqlik münasibətlərinin bundan sonra da davam edəcəyini proqnozlaşdırırlar

Cənubi Qafqazın iki ölkəsi - Azərbaycanla Gürcüstan arasında siyasi-iqtisadi münasibətlər kifayət qədər dərin və hərtərəflidir. Uzun illərdir sıx əməkdaşlıq edən ölkələr Türkiyə ilə birlikdə mühüm regional layihələr icra ediblər. Azərbaycan öz neft və qazının dünya bazarına çıxarılmasında tranzit olaraq Gürcüstan ərazisindən istifadə edir. Eyni zamanda Avropadan ölkəmizə yükdaşımaların əsas maşrutu da bu ölkədən keçir.

Gürcüstan isə Azərbaycanın enerjidaşıyıcılarının tranzitindən külli miqdarda gəlir əldə etməklə yanaşı, ölkəmizin ərazisindən Xəzərin o tayı - Mərkəzi Asiya və Çinə çıxış əldə edir. Bu çıxış marşrutunun daha gəlirli olması üçün Azərbaycan Gürcüstandan keçməklə Türkiyəyə və Avropaya gedən dəmiryol xəttinin tikintisi üçün Tiflisə 1 milyard dollara yaxın çox sərfəli kredit də ayırıb. Bundan əlavə, Gürcüstan Azərbaycanla qarşılıqlı ticarətdən də irihəcmli gəlirlər əldə edir. Yəni Azərbaycan vasitəsilə qazandığı pullar Gürcüstan büdcəsinin əsas gəlir mənbələrindən biridir. Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı regionun taleyində çox mühüm rola malik olmaqla, hər 3 tərəfin maraqlarının qarşılıqlı təminatına hesablanıb.

Lakin son vaxtlar Ermənistandakı, Rusiyadakı və Gürcüstandakı bəzi qüvvələrin Tiflislə Bakının münasibətlərində gərginlik yaratmaq üçün ciddi fəaliyyətlər həyata keçirməkdə olduğu açıq görünür. Bu fəaliyyətlərin bir qismi sərhədlərin delimitasiyası prosesindəki həll olunmamış məsələlərdən istifadə etməklə Gürcüstanda əhalini Azərbaycana qarşı kökləməyə yönəlib. Rusiya mənşəli gürcü iş adamının guya xaricdəki arxivdən aldığı köhnə xəritə əsasında Gürcüstan Prokurorluğu 2020-ci ilin oktyabrından Azərbaycandakı Keşikçidağ məbədinin ətrafındakı ərazilərlə birlikdə “Azərbaycana satılması” iddiası ilə iki sabiq məmura qarşı cinayət işi qaldırıb. Gürcüstan baş naziri İrakli Qaribaşvilinin mayın 5-də Bakıya gerçəkləşən səfərindən az öncə Qazaxla sərhəddə - Keşikçidağ monastrı yaxınlığında gürcü keşişləri Gürcüstan Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı İveri Melaşvili və müxalifətçi “Mtavari arxi” televiziyasının əməkdaşlarına hücum ediblər. İ.Melaşvili “Gürcüstan ərazilərini başqa dövlətə satmaq”da ittiham olunan sabiq məmurlardan biridir. Keşişlər də məhz buna görə ona hücum ediblər.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz son vaxtlar iki ölkə arasındakı münasibətlərdə bəzi çətinliklərin olduğunu deyir: “Adətən biz Gürcüstan-Azərbaycan münasibətlərinin dinamik inkişafı ilə bağlı məlumatlara öyrəşmişik. Amma son dövrlərdə baş verənlər bu münasibətlərdə nəyinsə doğru olmadığı anlamına gəlir.

Bir müddət öncə AŞ PA iclasında Ermənistanın təşəbbüsü ilə, müharibədə “əsir düşmüş” erməni hərbçilərinin qaytarılmasını əks etdirən qətnamə səsverməyə çıxarılıb. Azərbaycanın strateji tərəfdaşı Gürcüstanın qurumdakı nümayəndə heyəti tam tərkibdə bu qətnamənin lehinə səs verib. Uzun illər Azərbaycanın dəstəyi ilə öz iqtisadi vəziyyətini yaxşılaşdıran Gürcüstanın bu cür prinsipial bir məsələdə Ermənistanın xeyrinə səs verməsi anlaşılan deyil".

Osman Gündüz: “Mən ancaq tədbirlərdə eşidirəm ki, belə bir sənəd hazırlanır”

Osman Gündüz

Mərkəz rəhbəri bildirir ki, Gürcüstan həm də texnoloji cəbhədə Azərbaycana qarşı haqsız davranış sərgiləyir: “Azərbaycanın NEQSOL şirkəti ”Rəqəmsal İpək Yolu" və onun bir hissəsi olan “Azerbaijan Digital Hub” proqramı çərçivəsində 2019-cu ildə Gürcüstanın “Caucasus Online” telekommunikasiya şirkətinin bütün səhmlərini qanuna uyğun olaraq alıb.

“Caucasus Online” Qara dənizin dibi ilə 1200 km bir optik xəttə sahibdir. 80 faiz interneti bu xətt üzərindən olan Ermənistan və Gürcüstan bu magistral xəttin Azərbaycanın nəzarəti altına keçməsindən narahat olublar. Hansı ki, NEQSOL Holdinqin investisiyası əsasında yenidən qurulacaq regional internet magistralından adıçəkilən ölkələr də kifayət qədər bəhrələnəcəkdilər.

Lakin Gürcüstan hökuməti dərhal hərəkətə keçib, təcili Elektron Kommunikasiyalar haqqında qanunvericiliyə dəyişiklik edib, bu dəyişikliyə uyğun olaraq Gürcüstan hökumətinin nümayəndəsini artıq Azərbaycan şirkəti olan “Caucasus Online”a qanunsuz olaraq administrator təyin edib. Hələlik məhkəmə bu administratorun fəaliyyətini dondurub. Lakin artıq 2 ildir ki NEQSOL Gürcüstan hökumətinin bu qanunsuz hərəkətinin qarşısını almaq üçün beynəlxalq məhkəmələrdə vuruşur.

Yəni reallıq ondan ibarətdir ki, Azərbaycan üçün strateji məsələlərdə, prinsipial məsələlərdə Gürcüstan starteji tərəfdaşlığa sığmayan davranışlar sərgiləyir".

O.Gündüz ümid edir ki, Gürcüstan baş nazirinin Bakıya səfəri zamanı “Caucasus Online” şirkəti ilə bağlı məsələ də müzakirə olunub: “Ötən gün Prezident İlham Əliyev ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edib. Güman etmək olar ki, görüşdə həm də ”Caucasus Online" problemi müzakirə olunub. NEQSOL şirkəti “Caucasus Online” şirkətini almaqla Azərbaycanın regionun və dünyanın rəqəmsal mərkəzinə çevrilməsini nəzərdə tutub. Artıq bu proqram çərçivəsində Xəzərin dibi ilə Qazaxıstan və Türkmənistana optik xətlərin çəkilişi ilə bağlı hökumətlərarası sazişlər də qüvvəyə minib. Ümid edirəm Prezident İlham Əliyevin Gürcüstana səfərinədək “Caucasus Online” problemi həllini tapacaq".

Qeyd edək ki, hələlik yaradılan bütün maneələri dövlətlər danışıqlar yolu ilə həll etməyə nail olurlar. İndiyədək dövlət rəhbərlikləri tərəfindən ölkələr arasında münasibətlərə xələl gətirəcək hər hansı açıqlama, hərəkət qeydə alınmayıb. Əksinə, hər fürsətdə həm Azərbaycan, həm də Gürcüstan rəhbərliyi ölkələr arasında strateji müttəfiqlik münasibətlərinin olduğunu vurğulayırlar. Bu müttəfiqliyi zəruri edən hansı amillər var? İki ölkə arasında münasibətlərin bundan sonra da strateji müttəfiqlik prinsiplərinə uyğun olması üçün mövcud əsaslar nə qədər möhkəmdir?

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim" » Reyting.az

Natiq Cəfərli

İqtisadçı-ekspert, Real Partiyasının funksioneri Natiq Cəfərli bildirir ki, Gürcüstan Azərbaycanın iqtisadi uzantısıdır: “Yəni iqtisadi olaraq Azərbaycanı dünya ilə bağlayan körpü Gürcüstandır. Gürcüstan ərazisindən keçən kommunikasiya xətləri isə bu ölkənin həm təhlükəsizliyi üçün zəmanətdir, həm də iqtisadi gəlirlər yaradır. Ona görə də Gürcüstanla Azərbaycan müttəfiq olmağa məhkumdular: Gürcüstan Azərbaycansız ayaqda qalmaqda böyük çətinliklərlə üzləşər. Azərbaycan isə Gürcüstansız Avropa və Türkiyə ilə sağlam bağlantılar qurmaqda problem yaşayar. Hər iki ölkənin ticarət dövriyyəsi də sürətlə artır, xüsusilə Azərbaycanın Gürcüstana investisiyaları çoxdur”.

Ekspert sərhədlərin delimitasiyası sahəsindəki bəzi anlaşılmazlıqların ölkələr arasında hansısa ciddi problem yaradacağını gözləmir: “Bu məsələ dövlətlərarası münasibətlərdə hər hansı ciddi problem yaratmayacaq, yaratmamalıdır da. Ölkələr arasında münasibətlər elə səviyyədədir ki, xarakterindən asılı olmayaraq, hər hansı bir problemin danışıqlar yolu ilə tam həll olunmasına imkan verir. Bu baxımdan, indi də, gələcəkdə də bu iki ölkə strateji müttəfiq olaraq qalacaqlar”.

Bakupost.az - "Yaxın zamanda yeni xoş xəbərlər alacağıq" Vüqar Bayramov

Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Gürcüstanla Azərbaycan arasında iqtisadi əlaqələr çox sıx inkişaf edib: “Qarşılıqlı ticarət dövriyyəsi hər il artım dinamikası nümayiş etdirir. Hazırda bu dövriyyənin həcmi 659 milyon dollardır, bir il əvvəl isə bu rəqəm 600 milyon dollardan bir qədər aşağıydı. Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan əsas ölkələrdən biridir. Təkcə SOCAR-ın Gürcüstana yatırımları 1 milyard dollardan yuxarıdır. Azərbaycanın enerji layihələrində Gürcüstanın rolu hər kəsə aydındır. Bütün bunlardan əlavə, Gürcüstanla Azərbaycan Çindən Avropaya uzanan beynəlxalq yükdaşımalar sahəsində də yaxından əməkdaşlıq edirlər. Bu yaxınlarda Qazaxıstan, Azərbaycan və Gürcüstan bu yükdaşımalarda vahid tariflərin tətbiq olunmasına dair razılaşma əldə etdilər. Düşünürəm ki, Gürcüstanla Azərbaycan arasında iqtisadi əlaqələr bundan sonra da dərinləşməkdə davam edəcək”.

Millət vəkili bidirir ki, Azərbaycanın 44 Vətən müharibəsində böyük qələbə əldə edərək, torpaqlarını işğaldan qurtarması regionda tamamilə yeni münasibətlərin əsasını qoyub: “Bu yeni münasibətlər formatında Gürcüstanın da mühüm yeri var. Azərbaycan bütövlükdə Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin formalaşdırılması siyasəti yürüdür. Bu siyasətin həyata keçirilməsi həm də Gürcüstanla yaxın, strateji əməkdaşlığın davam etdirilməsini tələb edir. Regional kommunikasiyaların açılmasına çalışan Azərbaycan, bununla yanaşı, Gürcüstan üzərindən ticarət və tranzit əlaqələrinin genişləndirilməsi üçün də ardıcıl addımlar atır. Yəni Cənubi Qafqazda formalaşmaqda olan yeni müstəvidən faydalanan ölkələrdən biri də Gürcüstan olacaq. Bu baxımdan, münasibətlərin səviyyəsini endirmək, pozmaq Gürcüstana nə iqtisadi, nə də siyasi baxımdan səmərə gətirə bilməz. Eləcə də belə vəziyyət Azərbaycanın da maraqlarına uyğun olmaz. Buna görə də düşünürəm ki, iki ölkə arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsində qalmaqda davam edəcək. Ortaya çıxan hər hansı məsələ isə indiyədək olduğu kimi, danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllini tapacaq”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR