Zəlimxan Məmmədli: “Bu, milli maraqlarımıza uyğundur... Azərbaycan qanunvericiliyi bunun üzərində düşünməlidir”
Gürcüstan pasportu olanlar artıq başqa ölkənin vətəndaşlığını aldıqları təqdirdə ölkə vətəndaşlığından məhrum edilməyəcəklər. Xəbərə görə, bu kateqoriyadan olan şəxslər “Gürcüstan vətəndaşlığı haqqında” Qanuna edilən dəyişikliklərin müəyyən şərtlərinə uyğun gəlməlidirlər.
Məlum olduğu kimi, Gürcüstanda xeyli sayda azərbaycanlı da yaşayır. Bəs bu qanun onlara necə təsir edəcək?
“Yeni Müsavat”a danışan Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirdi ki, Saakaşvili dönəmində aparılan demokratik islahatlar Gürcüstanı maraqlı ölkəyə çevirib: “Demokratiyanın üstünlükləri burada sezilir. Eyni zamanda qanunvercilikdə də liberallaşma, milli azlıqlarla, mədəniyyətlərin inkişafı ilə bağlı bir sıra qanunvericilik aktları qəbul olunub. Hər halda, hakimiyyətin demokratik qaydada dəyişməsinin də əsası qoyulub. Soydaşlarımızın vəziyyətində isə son zamanlar inteqrasiya ilə bağlı bir xeyli problemlər yaranıb. Bu və ya digər formada əngəlləmələr olur, qısqanc yanaşma var. Hər halda, soydaşlarımız da bunu hesablayırlar. Konkret olaraq, ikili vətəndaşlıq məsələsinə gəlincə isə deyim ki, bu yeni deyil. Saakaşvilinin dönəmində prezident Gürcüstan kökənli olan və müxtəlif səbəblərdən oranı tərk edən insanlara ikili vətəndaşlıq vermək haqqında xüsusi bir imtiyaz sahibi oldu. Cəmiyyətin sədri seçilən zaman ilk proqram çıxışlarımdan biri soydaşlarımızı bu imkandan bəhrələnməyə səsləmək idi. Gürcüstanın milli maraqları, təhlükəsizlik maraqları hesablanır və nəticədə orada liberallaşma geriyədönməz prosesə çevrilib. Bizim soydaşlarımız üçün də ikili vətəndaşlıq qazanmaq imkanları milli maraqlara uyğundur. Hesab edirəm ki, Azərbaycan qanunvericiliyi bunun üzərində düşünməlidir. Biz parlamentdə müvafiq qanun layihəsini də təqdim etmişik, ayrı-ayrı millət vəkilləri bunu dəstəkləyib. Ancaq rəsmi səviyyədə bu, saxlanılıb. Biz strateji olaraq Gürcüstanla bir sıra məsələlərdə eyni addımlar atırıqsa və Qafqazın gələcəyində ciddi faktora çevrilmək istəyiriksə, o zaman qanunvericiliyimizdə ikili vətəndaşlıqla bağlı məsələlər müzakirə edilməlidir. Sadəcə olaraq, müvafiq qurumlarımız milli maraqları təhdid edən məsələləri nəzarətdə saxlamalıdır. Sistem doğru qurulsa, heç bir problem olmaz. Bəzi halda deyirlər ki, ermənilər gəlib, Azərbaycan vətəndaşı olarlar və sairə. İnsanların keçmişini, oriyentasiyasını araşdırıb qərar verən mexanizm yaradılmalıdır. Belə olarsa, dünyaya səpələnmiş azərbaycanlılar daha üstün imtiyazlar qazana bilərlər”.

Məmmədli Gürcüstandakı azərbaycanlıların təhsil problemi barəsində də danışdı: “Təhsillə bağlı biz elmi-nəzəri konfranslarla hakimiyyətin, müvafiq qurumların nəzərini bu məsələyə yönəltmək istədik. Biz təkliflər paketi hazırlayıb, Təhsil Nazirliyinə göndərmişik. Gürcüstanda orta təhsilin yüksək səviyyədə təşkili, ali təhsil müəssisələrinin qurulmasını təklif etmişik. O ali təhsil müəssisəsi ki, soydaşımızın millət olaraq formalaşmasını stimullaşdırsın. Biz Gürcüstanda ”Azərbaycan-Gürcüstan ortaq universiteti"nin açılması təklifini də irəli sürmüşük. Hansı ki, burada Azərbaycan dili öndə olmalıdır. Gürcüstanın əvvəlki hakimiyyəti buna pozitiv yanaşıb. Lakin investisiyanı Azərbaycan qoymalı idi və bizim müvafiq qurumlardan səs çıxmadı. Nazim İbrahimov bir xətt qoymuşdu ki, orada məktəblər gürcüləşməlidir. Bu, çox yanlış və 50-100 illik sonrakı vətəndaşımızı düşünmədən, bu günə hesablanmış primitiv yanaşma idi. Təbii ki, bu yanaşma iflasa uğradı. Ancaq ondan istifadə edən insanlar var. Azərbaycan öz soydaşına sahib çıxmalıdır. Bu hallar olmadığı üçün insanlar yerlərini dəyişirlər və məktəblərimiz də müəllimsiz, şagirdsiz qalır. Belə olan halda isə məktəbləri bağlayırlar. Hesab edirəm ki, Azərbaycanda milli kadrların hazırlanması üçün ciddi proqram işlənməlidir. Təhsil Nazirliyi bizim layihələrə baxıb, məsələni qaldırmalıdır ki, bizim layihələr səmərəlidirmi? Səmərəli deyilsə, mütəxəssis cəlb edib müzakirə təşkil etsinlər. Təcrübəsi olan gürcü alimlərini də cəlb etmək olar ki, birlikdə müzakirə edək. İndiki zamanda milli məktəblərin saxlanması üçün kadrların cavanlaşması və o cümlədən intellektual insanların Gürcüstanın inkişaf dinamikasına uyğunluğu meyar olaraq götürülməlidir".
Əli RAİS,
“Yeni Müsavat”






