Gürcüstan yeni dəyişikliklər astanasında - Alasaniya baş nazir ola biləcəkmi? (REPORTAJ)
Mixeil Saakaşvilidən sonra Gürcüstan özünə gələ bilmir. Ölkə həyatı ilə tanışlıqdan sonra ilk yaranan təəssürat belədir. Sanki eks-prezident dönəmində ölkəyə hakim olan özgürlük havası azalıb. Ölkədə hakimiyyət sivil yolla dəyişib, xalq indiki iqtidara böyük ümidlər bəsləyib, ancaq aradan keçən qısa zamanda yeni komanda vətəndaşın etimadını itirib. Sosial durumun yaxşılaşdırılması üçün maaşların, təqaüd və müavinətlərin artırılacağı, rüşvətsiz, şəffaf cəmiyyət qurulacağı, vətəndaş cəmiyyətinin inkişaf etditiləcəyi haqqında verilən vədlərin çoxu yerinə yetirilməyib. Yerinə yetirilənlər isə ölkə üçün əlavə problemlər yaradıb. Məsələn, tibbi sığorta.
Ötən reportajda Gürcüstan büdcəsinin boşaldığını yazmışdıq. Gürcülər deyir ki, bunun əsas səbəblərindən biri tibbi sığortanın tətbiqidir. Hökumət bu sahəyə nəhəng pullar xərcləyir. Gürcüstanın kiçik büdcəsi üçün tibbə xərclənən milyonlar böyük yükdür və bu boşluğu doldurmaqdan ötrü hökumət digər ödəmələri artırmaq məcburiyyətində qalır.
Heç şübhəsiz, vətəndaşlar üçün tibbi sığorta son dərəcə əlverişlidir. Birincisi, ona görə ki, uzun illər tibb sahəsinin “onkoloji xəstəliyinə” çevrilən rüşvət birdəfəlik yoxa çıxıb. Həkimlərin gözü daha xəstənin əlində deyil. Canı ağrıyan xəstəxana, həkim, dərman xərclərinə görə əlavə narahatlıq, həyəcan keçirmir – dövlət var. İkincisi, ona görə ki, tibbi sığortanın gətirdiyi rəqabət mühiti tibb müəssisələrinin bütün mənalarda keyfiyyətini yaxşılaşdırıb. Tibb müəssisələri qısa zamanda özəlləşdirilib, yeniləri tikilib, iş adamları ölkəyə dünyanın ən çağdaş tibb avadanlıqlarını gətiriblər. Binaların səliqə-səhmanı, yüksək təchizatı ilə yanaşı, həkimlərin məsuliyyəti artıb. Gürcüstan vətəndaşları tibb müssisəsi, həkim seçməkdə tam sərbəstdirlər. Kim hansı həkimə etibar edirsə, onun qəbuluna yazıla bilər. Bu, həkimlərin davamlı olaraq öz üzərlərində işləməsinə gətirib çıxarıb – savadsız həkimin qapısını döyən yoxdur. Nəticədə həm xəstə qazanır, həm də həkim – doktorlar nə qədər çox xəstəyə xidmət etsələr, gəlirləri bir o qədər çox olur.
3 yaşına qədər və 60 yaşdan yuxarı bütün vətəndaşlar tibbi xidmət məsələsində dövlətin 100 faizlik himayəsindədirlər. Bu kateqoriyaya aid olmayanlar üçün isə yalnız təcili tibbi yardım, həkimin təyin etdiyi laborator müayinələr tam ödənişsizdir. 18 yaşına qədər olanlarda onkoloji xəstəliklər dövlət hesabına müalicə olunur. Əhalinin aztəminatlı hissəsi üçün müayinədən cərrahi müdaxiləyə qədər tibb xidməti pulsuzdur. 4,4 miyon vətəndaşdan 3,6 miyonunun sağlamlığına dövlət tam nəzarət edir. Təminatlı təbəqənin bir sıra güzəştləri var, ancaq onlar bu hüquqlarından sığorta şirkətləri vasitəsilə yararlana bilirlər.
Gürcüstan Səhiyyə Nazirliyinin son açıqlamasına görə, tibbi sığortanın təyin edilməsindən sonra ölkədə ana və uşaq ölümlərinin sayı kəskin azalıb - tibb müəssisələri daha çox gəlir əldə etmək üçün öz reputasiyalarını ciddi şəkildə qoruyur, səhlənkarlığa yol verməməyə çalışırlar -, bundan başqa, ölkədən tibbi xidməti almaq üçün xaricə üz tutanların sayı 3 il öncə ilə müqayisədə 40 faizə qədər azalıb – klinikalar xaricdən mütəxəssis həkimlər dəvət etməklə pasient sayını, dolayısı ilə gəlirlərini artırır, vətəndaşın da xaricə üz tutmasına ehtiyac qalmır. Qısası, Gürcüstanda insanlar Azərbaycandakı kimi ölənə yaxın yox, xəstəlik başlayanda həkimə gedə bilirlər. Sadaladıqlarımız tibbi sığortanın gətirdiyi müsbət tendensiyalardır. Məsələnin mənfi tərəfi odur ki, dövlət bu xərcləri ödəmək üçün bir sıra ödəmələri, xüsusən vergiləri artırır. Ciddi sənaye, istehsal olmayan ölkədə vergidən başqa hansı gəlir sahəsi ola bilər?
Bəllidir ki, ölkədə vergi sistemi üzrə ən ciddi islahatlar Mixeil Saakaşvilinin prezidentliyi dönəmində olub. “Vahid pəncərə” sisteminə keçidlə bir çox sahədə bürokratik əngəllər aradan qaldırılıb, saxlanan vergilərin isə faiz dərəcələri dəfələrlə azaldılıb. Ancaq son illər bu proses tərs tərəfə inkişaf etməkdədir – vergilər yenidən artırılır. Ölkə vətəndaşları deyir ki, artıq Gürcüstanda bizneslə məşğul olmaq çox da cəlbedici görünmür. Büdcəni doldurmaq üçün əsasən iş adamları hədəfə alınıb – onlar hansısa işə başlamaq istəsələr, gərək öncə büdcənin “xəcalətindən” çıxalar. Sonrakı mərhələlərdə də vergilərin artmayacağı, iş dünyasını narazı salacaq digər problemlərin yaranmayacağına təminat yoxdur.
Gürcüstan vətəndaşlarının fikrincə, əgər tibbi sığorta məsələsinə mərhələli keçilsəydi, məsələn, bu yalnız aztəminatlı ailələr və konkret xəstəliklərdən əziyyət çəkənlərə aid olsaydı, büdcə bu qədər ziyan çəkməzdi. Əvəzində hökumət pensiyaları, maaşları artırmaq imkanı əldə edər, infrastruktur layihələri də daxil olmaqla digər sahələrin inkişafına yönəldiləcək vəsait olardı. Tibbi sığortanı büdcə üçün ciddi yük sayanlar ABŞ praktikasını nümunə gətirir. Onların sözlərinə görə, əgər supergüc ABŞ tibbi sığortanı bir neçə il öncə tətbiq etməyə başlayıbsa, Gürcüstan kimi azgəlirli ölkə üçün bu addımı atmağın zamanı deyildi və hökumət belə böyük riskin altına girməməli idi.
Hökumətin büdcə kəsirini doldura bilməməsi və ölkədə işsizlik, yoxsulluq səviyyəsinin yüksəlməsi müxalifətin ciddi arqumentinə çevrilib. Ana müxalifət “Vahid Milli Hərəkat” partiyası bir müddət öncə impiçment məsələsini parlamentin müzakirəsinə çıxarmaq istəsə də digər partiyalardan dəstək ala bilmədiyi üçün bu, mümkün olmayıb. Eks-prezident Saakaşvilinin yaratdığı “Vahid Milli Hərəkat” partiyasının tərəfdarları az deyil, buna baxmayaraq, politoloqlar partiyanın 2016-cı ildə gözlənilən parlament seçkisini qazanmaq şansını o qədər də yüksək qiymətləndirmir. Mixeil Saakaşvilinin ölkədəki əleyhdarlarının onun yenidən Gürcüstana hər hansı formada hakimlik etməsinə ciddi müqavimət göstərəcəyi aydındır.
Maraqlıdır ki, Saakaşvilinin Gürcüstandan kənardakı imici daha cəlbedicidir. Bu gün Odessaya qubernatorluq edən Mixeil Saakaşvili haqqında Ukraynada, eləcə də demokratiyaya doğru ciddi sıçrayışlar etmək istəyən digər ölkələrdə daha müsbət fikir var. Gürcülər onun haqqında danışarkən nədənsə rüşvətsiz, şəffaf cəmiyyət yaratmasını, ölkə siyasətinə sivil mübarizə metodları gətirməsini, iqtisadiyyatın dirçəldilməsi üçün atdığı və ölkənin yaxın gələcəyini faktiki qarantiyə alan addımlarını deyil, çoxsaylı həbslər həyata keçirdiyini, iş adamlarına savaş açdığını xatırlayır və onu Ukraynada saxlaması üçün ABŞ-a yeni-yeni planlar arzulayırlar.
2016-cı il seçkilərində qələbəyə ən şanslı namizədlərdən biri keçmiş müdafiə naziri İrakli Alasaniyanın “Bizim Gürcüstan – müstəqil demokratlar” partiyasıdır. Alasaniya bir dönəm Saakaşvili ilə işləsə də sonralar yolları ayrılıb və o, 2009-cu ildə hökumətin siyasətinə etiraz edərək istefa verən bir neçə diplomatla “Bizim Gürcüstan – müstəqil demokratlar” partiyasını yaradıb. Partiya “Gürcü arzusu” koalisiyasında da təmsil olunub. Yeni baş nazir İrakli Alasaniyanı müdafiə naziri vəzifəsindən azad edəndən sonra partiya koalisiyadan ayrılıb. İndi Alasaniya ölkənin ən reytinqli müxalifətçilərindən sayılır.
Seçkiyə qısa zaman qalması hakim partiyanın da seçki təlaşını artırıb. Gürcüstan mediası yazır ki, “Gürcü arzusu” yerli qurumların rəhbərlərini yeniləməklə məşğuldur. Partiyada hesab edirlər ki, hökumətin reytinqinin aşağı enməsində hakim partiyanın yerli qurumlarının passivliyi də az rol oynamayıb. Deyilənə görə, hakim partiya öz üzvlərinə bu məsələdə Saakaşvili ənənələrinin davam etdirilməsini tapşırıb. Gürcülər deyirlər ki, Saakaşvili güclü piarçı idi – görmədiyi işləri belə alovlu çıxışları ilə xalqa reallıq kimi qəbul etdirə bilirdi, yeni hökumətin üzvləri isə hətta gördükləri işləri də xalqa gərəkli formada təqdim edə, partiyanın gələcəyini təminat altına ala bilmir.
Ancaq gürcü xalqını o qədər də zəhmətitirən saymaq olmaz. Ölkə vətəndaşları işsizlik və kasıblığın yükü altında əzilsələr də hökumət üzvlərinin iyunun əvvəlindəki daşqın zamanı Tiflisdə onlarla çiyin-çiyinə olmasından ağız dolusu danışırlar. Baxmayaraq ki, elə bu daşqın əslində hökumətin yarıtmaz işinin nəticəsi idi – yazda daşqın proqnozları verilsə də hökumət gərəkli önləmləri almamışdı. Nəticədə Tiflis böyük ziyan gördü. Buna baxmayaraq, insanlar hökumət üzvlərinin əllərinə bel alıb onların yanında durmasından məmnundurlar. Dünyanın bütün sivil ölkələri və bütün normal vətəndaşları kimi gürcülər də vəzifəli şəxslərin əlçatan olmasını istəyirlər.
Gürcüstanın Azərbaycandan ən böyük fərqi ondadır ki, Qərb heç bir halda əlini bu ölkədəki demokratik düşərgənin üzərindən çəkmir. Bu isə 1991-ci ildə Gürcüstan müstəqilliyini bərpa edəndən sonra demokratik prosesin fasilə verməməsini, bəzi zamanlar sürətlə, bəzi zamanlar qismən ləng olsa da davam etməsini təmin edib. Nəticədə ölkə vətəndaşlarının ciddi demokratik vərdişləri yaranıb. İndi Gürcüstanda heç kim ölkəni azad seçkisiz, azad mediasız təsəvvür etmir, hakimiyyətdən hesabatlılıq tələb edir, dövlətin möhkəmlənməsi, hökumətin qurulması işinin hər bir vətəndaşdan asılı olduğuna inanır. Cəmiyyətin bu hərəkətliliyi ölkənin inkişafına təkan verir.
Ölkə ərazisində iki uzunmüddətli münaqişə ocağı yaradan Rusiya indi Qərblə açıq savaş halındadır. Savaş Ukrayna ərazisində davam eləsə də təsiri Tiflisdə aydın hiss edilir. Qərb Rusiyanın tam nəzarət altına almaq istədiyi Gürcüstanla təmasları artırıb. NATO çərçivəsində əməkdaşlıq genişləndirilir, Avropa Birliyinin Riqada keçirilən son sammitində 2016-cı ildə Gürcüstan vətəndaşarı üçün Avropa Birliyi ölkələrinə vizasız gediş-gəlişin tətbiqinə başlanacağının müjdəsi verilir, vətəndaş cəmiyyəti institutlarına dəstək artırılır.
Gürcüstan yaşayır – kasıb, dəbdəbəsiz, ancaq azad.
Aygün Muradxanlı
Bakı-Tiflis






