İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan XİN başçısı ilə görüşdə Zəlimxan Məmmədli və Akif Nağının məsələsi müzakirə olundumu?

1575 06.09.2017 21:48 Son xəbər A A

Gürcüstana buraxılmayan iki təşkilat rəhbəri bu haqsızlığa son verilməsini istəyir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən 6-cı üçtərəfli görüşü bir mövzunu aktuallaşdırıb. Söhbət “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağının Gürcüstana girişinin artıq neçə illərdir yasaqlanmasından gedir.

Xəbər verildiyi kimi, bu təşkilatların rəhbərləri ilə yanaşı, bəzi üzvlərinin də qonşu ölkəyə girişi qadağan edilib və səbəbi barədə hər hansı açıqlama bu günə qədər verilməyib. Azərbaycanın xarici siyasət idarəsindən də bildirilib ki, məsələ ilə bağlı Tiflisə sorğu verilib. Maraqlıdır, Gürcüstan XİN başçısı Mixeil Canelidze Bakıda ikən ondan buna aydınlıq gətirməsi istənilibmi? Təəssüf ki, bununla bağlı XİN-dən müfəssəl cavab ala bilmədik.

Amma Gürcüstana girişi yasaqlanan şəxslər vəziyyətin hələ də qeyri-müəyyənliyinə görə narahat olduqlarını bildirdilər.

QAT sədri Akif Nağı “Yeni Müsavat”a dedi ki, nəhayət, bu problemin aradan qaldırılmasını çox istəyir: “Bir ay qabaq mənə dedilər Gürcüstan XİN-in müvafiq departamentinə müraciət göndərmək lazımdır, onlar operativ şəkildə sorğunu cavablandıracaqlar. Mən də onlara məktub yazıb internet üzərindən göndərdim, ölkəyə buraxılmamağımın səbəblərinin açıqlanmasını istədim. Demişdilər onlar operativ işləyən orqandır, amma bu günə qədər heç bir cavab verilməyib. Artıq 4 ildən çoxdur bizi Gürcüstana buraxmırlar, səbəbini də bilmirik. Kimsə durub demir ki, nə üçün Akif Nağı Gürcüstana buraxılmır? Mən o gün oxudum ki, bu günə qədər 10 minə yaxın azərbaycanlının Gürcüstana girişinə qadağa qoyulub. Dost ölkə ilə nə problemlər var ki, bu qədər insana, xüsusilə də tanınmış ictimai-siyasi xadimlərə qarşı belə qadağalar qoyulub? İzah etsinlər ki, bizim günahımız nədir?”

A.Nağı sonadək mübarizə aparacaqlarını bildirdi: “Təşkilat daxilinfdə müzakirə edirik ki, Gürcüstan səfirliyi qarşısında aksiyalara başlayaq. Gürcüstanla Azərbaycanın prezident, XİN başçıları səviyyəsində xoş münasibətləri var. Niyə münasibətlərə xələl gətirən belə problemlər olmalıdır?” QAT sədri Türkiyəyə quru yolla getməkdən məhrum olunduğunu da bildirdi: “Bizim Gürcüstana girişimiz qadağandır deyə, Gürcüstan yolu ilə Türkiyəyə də gedə bilmirik. Hətta bir dəfə Türkiyədən qayıdanda məni Gürcüstanın girişində geri qaytardılar və Naxçıvan vasitəsilə Bakıya döndüm. Bir azdan Bakı-Tiflis-Qars dəmir yolu işə düşəcək, ancaq bu nəqliyyat vasitəsindən istifadə imkanlarımız olmayacaq. Bu, Türkiyə ilə Azərbaycan arasında əlaqələrdə də problemlər yaradır. Amma mən ümid edirəm ki, iki ölkə arasındakı bu anlaşılmazlıq aradan götürüləcək və bizim sərbəst gediş-gəlişimizə imkan yaradılacaq”.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Bakıdakı görüşdə onların taleyinin müzakirə olunub-olunmamasından dəqiq bilgisinin olmadığını bildirdi: “Ancaq məlumatım var ki, şəxsim və rəhbərlik etdiyim “Borçalı” Cəmiyyəti həm Azərbaycanda Təhlükəsizlik Şurası səviyyəsində, Gürcüstanda da ən üst qatda müzakirə olunub. Onlar bizi doğru yoldan durdurmanın ən doğru olmayan yolunu seçiblər. 3 ildir Gürcüstan məni Azərbaycan adlı zindana salıb, ata yurduma getməyimə qadağa qoyub. Biz də, ictimaiyyət də, hətta özləri də bilirlər ki, bizim fəaliyyət sağlamdır və dostluqdan başqa niyyətimizdə bir şey yoxdur. Bizim təbliğ etdiyimiz üç dövlətin strateji tərəfdaşlığına artıq hər üç dövlət xorla alqış deyir. Bəs onda nə baş verir? Niyə ədaləti bərpa edib on minlərlə soydaşımın, minlərlə bizi gözləyın dostlarımızın həyəcanına don qoymurlar? Düşünürük ki, buz sınmalıdır”. Z.Məmmədli bir ilginc açıqlama da verdi: “Məlumat var ki, Gürcüstanda bəzi şərəfini itirmiş soydaşımızın və onlarla iş birliyində olan Bakı uzantısının donosları, “qarapapaq” geymiş bədniyyətlilərin yaramazlıqları Gürcüstanın bu yanlış qərarına əsas olub. Onlar artıq ifşa olunublar. Ortada sağlam bir cərəyan var. O da 2009-dan əsası bizlər – “Borçalı” Cəmiyyəti tərəfindən qoyulan yoldur. Gürcüstanın bir daha bu problemə həssas yanaşacağına, Azərbaycan tərəfin də buna qarşılıq verəcəyinə, Türkiyənin isə Borçalıya uzanan sağlam olmayan “qara papaqlı” qara niyyətliləri durduracağına inanırıq. Üç dövlətin və üç xalqın birliyi Qafqazda əbədi sabitlik və istiqlalımıza qarantdır. Bir daha yaşasın Azərbaycan - Gürcüstan - Türkiyə dostluğu!”

Cavid TURAN
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR