İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Rusiyadan qorunmaq üçün Türkiyənin bölgədə fəallaşmasını istəyir

933 22.01.2014 08:10 Siyasət A A
Gürcüstan prezidenti Georgi Marqvelaşvili Türkiyəyə rəsmi səfərə gedib. Gürcü liderin türkiyəli həmkarı Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və digər rəsmilərlə görüşlər keçirməsi planlaşdırılır. Bu, Gürcüstanın 14 oktyabrda seçilmiş prezidentinin ilk xarici səfəridir.

Qərblə yaxın əlaqələrə malik Gürcüstan liderinin ilk rəsmi səfərini məhz Türkiyəyə etməsi maraqla qarşılanıb. Yeri gəlmişkən, ötən ilin sonunda Marqvelaşvilinin ilk səfərini Bakıya edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Ancaq göründüyü kimi, Qərb təhsilli gürcü lideri seçimini Türkiyə üzərində etdi. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Gürcüstan prezidentinin Türkiyəni seçməsinin əsas səbəblərindən biri də Rusiyanın Cənubi Qafqazda ağırlığını getdikcə artırmasıdır. Analitikin fikrincə, Gürcüstan Türkiyənin regionda fəallaşmasında maraqlıdır: “Ermənistan tam ram edilib, bu ölkə faktiki Rusiyanın quberniyasına, əlavəsinə çevrilib. Dağlıq Qarabağın separatçı hərəkatı da Kremlinin nəzarəti altındadır. Moskva Gürcüstanı parçalayıb, işğalçı Abxaziya və Cənubi Osetiyanı da özündən asılı vəziyyətə salıb. Kreml Azərbaycana da təzyiqi artıraraq Bakının Gömrük İttifaqına qoşulmasını istəyir. Belə bir vəziyyətdə Türkiyənin Cənubi Qafqazda ağırlığını artırması önəmli rol oynayır. Aydındır ki, Ankara Kreml kimi Cənubi Qafqaz ölkələrini nəyəsə məcbur etmir. Əksinə, Türkiyənin fəallığını artırması Azərbaycan və Gürcüstana hava-su kimi lazımdır. Türkiyə Azərbaycan və Gürcüstanla hərbi əməkdaşlığını artırır, müdafiə sənayeləri sahəsində ortaq layihələr həyata keçirilir və ən başlıcası bu 3 ölkəni ortaq enerji və boru xətləri layihələri birləşdirir. Yəni faktiki Cənubi Qafqazda iki blok formalaşıb. Rusiya-Ermənistan bloku ağa-qul prinsipi əsasında qurulubsa, Türkiyə-Azərbaycan-Gürcüstan bloku qarşılıqlı maraqlar əsasında formalaşıb. Buna baxmayaraq, Türkiyə-Azərbaycan-Gürcüstan halqasında sonuncuyla bağlı ara-sıra müəyyən suallar yaranır”. 

E.Şahinoğlu deyir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkəsi üçün Türkiyə və Azərbaycanın dəyərini anlayır və bunu açıq səslə daima dilə gətirirdi. Ancaq bu siyasət ötən ilki seçkilərdən sonra dəyişib: “Azərbaycan və Türkiyənin dəstəyi, yardımları, kreditləri, ortaq layihələri olmadan Gürcüstan çoxdan çökər və Rusiya qarşısında ağ bayraq qaldırmaq məcburiyyətində qalardı. Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra Tiflis Moskvaya doğru reverenaslar etməyə çalışdı, ancaq bir şey alınmadı, çünki Moskvaya bərabərhüquqlu tərəf müqabili yox, onun tələblərini yerinə yetirən dövlət lazımdır. Gürcüstanda isə istənilən hakimiyyət buna getməz, öz qürurunu İrəvan kimi Moskvaya ucuz qiymətə satmaz. Odur ki, bundan sonra gürcü rəsmilər yenidən həqiqi müttəfiqləri ilə əlaqələri intensivləşdirməyə qərar verdilər. Bu baxımdan Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin ilk xarici rəsmi səfərini Türkiyəyə gerçəkləşməsi çox nəsnədən xəbər verir. Marqelaşvili Ankarada vaxtilə Saakaşvlinin dediklərini təkrarlayıb. Yeni prezident Türkiyənin hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini, digər dost ölkələrin də belə qətiyyətli mövqe ortaya qoyarlarsa, bu problemin qısa zaman ərzində həllini tapacağına inandığını bildirib. O, Azərbaycan, Gürcüstan və Türkiyənin beynəlxalq enerji və nəqliyyat layihələrindəki əməkdaşlığının bölgə çərçivəsini aşdığını, bütün Avrasiya üçün böyük önəm daşıdığını bildirib”.

Ekspertin sözlərinə görə, bütün bunların qarşılığında Ankaranın da Tiflisdən öz tələbləri var. Belə ki, rəsmi Ankara Gürcüstan hakimiyyətinin nəhayət ki, axısqa türklərinin problemini həll etməsini istəyir: “Ancaq Tiflis bu məsələnin həllini süni surətdə uzadır, lənglik nümayiş etdirir, bu isə müttəfiqlik əlaqələrinə uyğun deyil. Təsadüfi deyil ki, Marqvelaşvili ilə görüşən Abdullah Gül axısqa məsələsini gürcü həmkarının diqqətinə çatdırıb. Gürcüstan prezidenti axısqa türklərinin Gürcüstana qayıdışı məsələsində Güllə həmfikir olduğunu, bu məsələni insan haqları və fərdi hüquqların tanınması çərçivəsində dəyərləndirdiklərini, bu haqların tanınmasının lazım olduğunu düşündüklərini qeyd edib. Demək, Marqvelaşvili bu məsələnin həllini yubadarsa, ona Ankarada dediyi sözləri xatırlatmaq lazım gələcək. Ankara və Bakı Tiflisin Bakı-Ahalkalaki-Qars dəmiyolu inşaatını sürətləndirməsini də Tiflisdən səbirsizliklə gözləyir. Tiflisin yubanması olmasaydı, dəmir yolu bu gün artıq istifadədə olmalı idi. Bakı və Ankara bu layihədə Tiflisin bütün şıltaqlıqlarını yerinə yetirdilər, kredit verildi, gecikmələrə göz yumuldu. Artıq yetər, Gürcüstan üzərinə düşən işi görməlidir”.

KƏNAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR