Gürcüstan tərəfinin Azərbaycandan keçib getmiş və koronavirus şübhəsi ilə Tiflisdə xəstəxanaya yerləşdirilən şəxslə bağlı açıqlaması cəmiyyətdə növbəti bir təşviş yaradıb. Məsələ ondadır ki, belə məqamlarda həssas olmaq və panikaya düşməmək lazımdır. Əvəzində, soyuq təhlillər və gərəkən uyğun addımlar atmaq faydalıdır.
Gürcüstandan yayılan xəbərlə bağlı iki məqama diqqət yetirsək, bu, sakitləşməyə kifayət edir:
1. Xəbərdə deyilir ki, qeyd edilən təhlükəli virusa yoluxan şəxs İrandan Gürcüstan-Azərbaycan sərhədinə mikroavtobusla gəlib. Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib. Sitat: "Həmin şəxs İrandan mikroavtobusla Gürcüstan-Azərbaycan sərhədinə gəlib. Burada sərhədin Gürcüstan tərəfinə keçərkən yoxlama aparılıb və onda yoluxmanın simptomları aşkar edildiyinə görə xəstəxanaya yerləşdirilib. Onunla birlikdə səyahət edən digər şəxsdə isə yoluxma aşkar olunmayıb".
A.Qamkrelidzenin sözlərinə görə, məsələ ilə əlaqədar Azərbaycan tərəfi artıq məlumatlandırılıb.
O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı artıq həm İran, həm də Azərbaycanla virusa yoluxmuş şəxslərin kontaktda olduğu insanların vaxtında müəyyənləşdirilməsi istiqamətində iş aparır.
Sual yaranır: Əgər bu virus belə sürətli yoluxucudursa, vəziyyət deyildiyi kimidirsə, necə olur ki, onunla birlikdə gələn, eyni mikroavtobusda olan digər şəxsdə yoluxma aşkarlanmayıb?
Bu, onu deməyə əsas verir ki, koronavirusa yoluxduğu iddia olunan şəxsin Azərbaycan ərazisindən mikroavtobusla keçib gedərkən buradakı insanları da yoluxdura-yoluxdura getməsi qorxusu yoxdur. Yoluxdursaydı elə bu uzun səfər boyunca yanında gələn yoluxardı.
2. Azərbaycan tərəfi indiyədək İrandan, Çindən gələn 40-dan çox bu virusa yoluxduğu şübhəsi doğuran, simptomlar aşkarlanan şəxsi karantinə aldığını, müayinələrdən keçirildiyini və son nəticədə onlarda koronavirusa yoluxma olmadığını bəyan edib.
Və onu da nəzərə alaq ki, Gürcüstan tibbi qətiyyən Azərbaycan səhiyyəsindən irəlidə deyil, onlar da sadəcə önləyici tədbirlər görür, yoluxma ehtimalı olan şəxsləri karantinə alır.
Belə bir sual da var ki, niyə o adam İrandan Azərbaycana keçəndə yaxşı yoxlanmayıb. Mümkünsüzdür yoxlanmaması. Sadəcə, bu mümkündür ki, həmin vaxt onun heç bir qızdırması, öskürəyi, asqırması və digər şübhə yaradan əlamətləri olmayıb. Biləsuvardan (yaxud Astaradan) Gürcüstana qədər azı 5-6 saatlıq yoldur, tamamilə mümkündür ki, bu müddətdə onun temperaturu qalxıb, yaxud başqa bir şübhə doğuran əlamət əmələ gəlib. Bir nümunə deyim: Dekabrda Moldovadan Bakıya gəlirdim. Oradan birbaşa reys yoxdur, Kişinyov-İstanbul-Bakı reysi ilə uçmalı idim. Kişinyovdan uçanda sap-sağlam idim. İstanbulda aeroportda hərarətim yüksəlmişdi, oradan Bakıya uçan təyyarəyə minəndən sonra tam halsız idim, uçuşda olanda lap pisləşmişdim, amma özümü toparlayıb, ətrafdakıları da narahat etməyib, 3 saat səsimi çıxarmadım. Bakıya gələndən sonra 2 gün də xəstə yatdım, sadəcə adicə soyuqdəymə və qrip idim...
Bir vacib məqam da odur ki, Gürcüstanla sərhədin qapandığı iddiası da yayılıb. Lakin bu, rəsmən təkzib edilib.
Bütün hallarda ehtiyatlı olun, amma bu həssas dönəmdə şayiələrə uyub, təşvişə də düşməyin.
Elşad Məmmədli,
"Yeni Müsavat"






