Gürcüstan Parlamentinin Gürcüstan-Azərbaycan Parlament Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti 2019-cu il may ayının 7-dən 9-dək ölkəmizdə səfərdədir.
Musavat.com xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov özünün məlumat yayıb. Gürcüstan Parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan Parlament dostluq qrupunun sədri Zviad Dzidziqurinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Gürcüstan-Azərbaycan Parlament Dostluq Qrupunun üzvləri - deputatlar Gela Samxarauli, Mahir Dərziyev, Ramaz Nikolaişvili, həmçinin Gürcüstan Parlamentinin Beynəlxalq Münasibətlər İdarəsinin Parlamentlərarası əlaqələr şöbəsinin müdiri Ann Marcanidze daxildir.
Məlumata görə, səfərdə məqsəd iki ölkə parlamentləri arasındakı əlaqələri daha da gücləndirməkdən, Azərbaycan-Gürcüstan strateji müttəfiqliyinin dərinləşmə perpektivlərinə, Azərbaycan və Gürcüstan xalqlarının regionla bağlı proseslərdə iştirakçılığına dair, həmçinin müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparmaqdan ibarətdir.
Nümayəndə heyətinin üzvləri öncə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin, dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Səfərin ilk günündə qonaqlar Diasporla İş üzrə Dövlət Komitəsində komitə sədri Fuad Muradovla görüşüblər. Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Əflatun Amaşovun və Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradzenin də iştirak etdiyi görüşdə Azərbaycanda yaşayan gürcülərin və Gürcüstanda yaşayan azərbaycanlıların təmsil olunduqları ölkələrin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatına inteqrasiyası məsələləri və bu xüsusdakı bir sıra məqamlar ətrafında geniş fikir mübadiləsi aparılıb, dost və qonşu ölkələri birləşdirən dəyərlərə, yeni əməkdaşlıq perspektivlərinə nəzər salınıb.
Qeyd edək ki, Gürcüstanın parlament nümayəndə heyəti qarşıdakı günlərdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasında, Azərbaycan Respublikasının Milli Məclisində, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində görüşlər keçirəcək.
Musavat.com









