Gürcüstanda müxalifət ölkədəki kriminogen vəziyyətin fəlakət həddinə çatdığını bildirib.
Musavat.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, keçmiş prezident Mixail Saakaşviliyə yaxın “Vahid Milli Hərəkat” partiyasının parlamentdəki fraksiyasının rəhbəri Roman Qotsiridze Gürcüstanda qarət, oğurluq kimi hallar da daxil olmaqla, cinayətin bütün növlərində yüksəlişin müşahidə olunduğunu bildirib.
“Bizim dövrdə şüar vardı: Əgər insan günahkardırsa, onun yeri həbsxanadır. Indi sizinkilər “hamını açıb buraxaq” prinsipi ilə hərəkət edir. Əksəriyyəti kriminal ünsürlər olan on min insanı birdən-birə azadlığa buraxdınız (Gürcüstanda 2013-cü ilin yanvarında verilən amnistiya nəzərdə tutulur). İndi onlar bütün Avropanı qarət edirlər”, - deyə Roman Qotsiridze “Pirveli” telekanalına verdiyi müsahibədə söyləyib.
Onun sözlərinə görə, təkcə son bir ayda iqtidar partiyasının iki deputatının evi qarət olunub.
“Biz Şevardnadze dövrünün ənənəvi mənzil, avtomobil oğurluğu kimi cinayətkarlığın tüğyan etdiyi günlərinə geri qayıtmışıq”, - deyə gürcü siyasətçi deyib.
Gürcüstanın baş naziri Mamuka Baxtadze isə parlamentdəki çıxışında müxalifətin iradları ilə razılaşmadığını bildirib.
Daxili işlər naziri Georgi Qaxariya müxalifətin məsələni siyasiləşdirdiyini qeyd edərək, polisin ölkədəki situasiyanı nəzarətdə saxladığını söyləyib.
Musavat.com






